Məhkəmə qərarları › İş №2(029)-1015/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1015/2021

09.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1015/2021 09.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Quxur-oba kəndində yerləşən 1.88 və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. 1.88 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Seriya RX ******* saylı 16.09.2016-cı il tarixli, 0.70 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ isə Seriya RX ******* saylı 16.09.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlarla rəsmiləşdirilmişdir. Xüsusi olaraq qeyd edir ki, həmin torpaq sahələri fındıq bağının salınması üçün çox əlverişli torpaq sahələri olmuş və 2020-ci ilin sonlarında torpaq sahələrinin birlikdə dəyəri məzənnəyə uyğun olaraq təxminən 65000-75000 manat civarında olmuşdur. O, isə həmin torpaq sahələrini 70000 manata satışa çıxarmış və bu barədə elan vermişdir. Elan verdikdən sonra Cavabdeh ona müraciət edərək həmin torpaq sahələrini satın almaq istədiyini bildirmiş və onlar torpaq sahələrinin qiymətini 60000 manata razılaşmışlar. Cavabdeh ilkin olaraq ona 5000 manat məbləğində pul vermiş və qalan 55000 manatı isə yaxın müddət ərzində, ən geci 1 ay müddətində ödəyəcəyini bildirmişdir. O, isə həmin şəxsin səmimiyyətinə inanaraq buna razılıq vermişdir. Bundan sonra onlar Qusar rayon Notariat Ofisinə getmişlər və aralarında 1.88 ha torpaq sahəsinə dair 05 yanvar 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi, 0.70 ha torpaq sahəsinə dair isə 05 yanvar 2021-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilələrin bağlandığı vaxtdan sonra isə cavabdeh ona ödəməli olduğu 55000 manatı ödəməkdən yayınmağa başlamışdır. Dəfələlərlə cavabdehə müraciət edərək pulu ödəməsini tələb etsə də, həmin şəxs müxtəlif bəhanələrlə bundan yayınmışdır. Artıq həmin vaxtdan təxminən 8-9 ay müddət keçməsinə baxmayaraq cavabdeh hələ də 55000 manat pulu ona ödəməmişdir. Müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırır. Bununla da, Cavabdeh onu aldadaraq mülkiyyətində olan torpaq sahələrini bazar qiymətlərindən bir neçə dəfə ucuz qiymətə satmağa təhrik edilmiş, məhz bu məqsədlə aldadılmışdır. Onun cavabdeh tərəfindən aldadılmağı və aralarında bağlanmış alqı-satqı əqdlərinin onun real iradə ifadəsini əks etdirməməsi, məzmununun qüsurlu olması bir neçə dəlillərlə təsdiq olunur. Əvvəla, qeyd etmək istəyir ki, mülkiyyətində olan torpaq sahələrinin real bazar qiyməti yuxarıda qeyd etdiyi kimi 65000- 75000 manat civarında olmuşdur. Lakin, 1.88 ha torpaq sahəsinin alqı-satqı müqaviləsində torpağın dəyəri 5000 manat göstərilmişdir. Halbuki, həmin torpaq sahəsinin normativ qiyməti hələ 19.06.2016-cı il tarixə 7500 manat müəyyən olunmuşdur. Hazırda isə həmin torpaq sahəsinin normativ qiyməti 15000 manatdan az deyildir. Həm də, maraqlıdır ki, 1.88 ha 0.70 ha torpaq sahələrinin hər ikisinin qiyməti 5000 manat göstərilmişdir. Halbuki biri digərindən iki dəfədən artıq böyük sahəyə malikdir. Bundan başqa, cavabdeh ilkin olaraq ona 5000 manat verərkən o, qalan 55000 manat pulun ona yaxın müddət ərzində qaytarılmalı olmasının müqavilədə əks olunduğunu zənn etmişdir. Çünki, cavabdeh ona məhz 5000 manat məbləğində pul vermiş, qalanını isə tezliklə ödəyəcəyini vəd etmiş, o, da həmin şəxsə inanaraq müqaviləni imzalamışdır. Göründüyü kimi, onunla Cavabdeh arasında Qusar rayonu Quxur oba kəndində yerləşən 1.88 və 0.70 ha torpaq sahələrinə dair bağlanmış alqı-satqı əqdləri Mülki Məcəllənin tələblərinə ziddir və onun qanunla qorunan mənafeyini pozmuşdur. Belə ki, o, nəzərində tutduğu məzmunlu əqdi deyil, başqa məzmunlu əqdi bağlamağa təhrik edilmiş, əgər o, bilsəydi ki, müqavilədə qeyd olan 5000 manat, satılan torpaq sahəsinin ümumi dəyəri kimi göstərilib, həmin müqaviləni bağlamazdı, çünki belə məzmunlu müqavilə onun maraqlarına tamamilə zidd olan bir müqavilədir. Dəyəri hətta 60000 manatdan da artıq olan torpaq sahəsini 5000 manata necə sata bilərdi? Bununla da, həmin alqı-satqı əqdləri bağlanarkən o, aldadılmış və nəticədə o, əldə etməli olduğu pul vəsaitindən məhrum olmuşdur. Ona görə də, hesab edir ki, onunla Cavabdeh arasında bağlanmış və Qusar rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş 05 yanvar 2021-ci il tarixli AN-İ ******* saylı və eyni tarixli AN-İ ******* saylı alqısatqı müqavilələri Mülki Məcəllənin tələbləri pozulmaqla bağlandığından, məzmununa görə qüsurlu olduğundan, onun qanunla qorunan mənafeyini pozduğundan etibarsız hesab edilməlidirlər. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən halları təsdiq edir. O, Qusar rayonu Quxuroba kənd sakini olmaqla orta məktəbdə müəllimə işləyir. Cavabdeh onu aldadaraq əmlakını ələ keçirmişdir. O, 2016-cı ildə 1.88 və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini 20000 manata satın almışdır. Həmin pulun bir hissəsini “Kapitalbank”, “Rabitəbank” və "xxxx" ASC-lərdən kredit götürərək əldə etmiş, qalan hissəsini isə uşağa görə ödənilən aliment pulundan düzəltmişdir. Həmin torpaq sahəsi ona 30000 manata başa gəlmişdir. Mübahisəli torpaq sahələrində 40 alma ağacları, həmçinin gilas, fındıq ağacları əkilmişdir. 2020-ci ilin sonlarında o, həmin torpaq sahələrini 70000 manata satışa çıxartmışdır. Cavabdeh ona müraciət edərək həmin torpaq sahələrini almaq istəmiş və onunla torpaq sahəsinin dəyərini 60000 manata razılaşmışlar. Cavabdeh ilkin olaraq ona 5000 manat pul ödəmişdir. Onlar notariat ofisinə getmişlər, alqı-satqı müqaviləsi bağlamışlar, daha sonra cavabdeh pulu ona vermişdir. Notariat ofisində cavabdeh ona pul verməmişdir. Alqı-satqı bağlayarkən o, stressdə olmuş, torpaq sahəsini satmaq istəməmiş, özündən asılı olmayaraq alqı-satqı müqaviləsini bağlamışdır. Alqı-satqı müqaviləsində torpaq sahələrinin hər birinin qiymətinin 5000 manat yazılmasından xəbəri olmamışdır. Cavabdeh hər bir torpaq sahəsinə görə ona 5000 manat pul vermişdir. Halbuki, cavabdeh ona cəmi 60000 manat pul ödəməli olmuşdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Rusiya Federasiyasında işləyərək pul yığmışdır. 2020-ci ilin sonlarında o, internetdə Qusar rayonu Quxuroba kəndi ərazisində yerləşən 2.58 ha torpaq sahəsinin 35000 manata satışa çıxarıldığını görmüş, həmin torpaq sahəsini almaq istəmiş, ona görə də, torpaq sahəsinin sahibi olan İddiaçı zəng edərək torpaq sahəsini aşağı qiymətə satıbsatmadığını soruşmuşdur. İddiaçı isə ona torpaq sahəsini 35000 manatdan aşağı satmayacağını bildirmişdir. 2021-ci ilin yanvar ayının 5-də iddiaçı ona zəng edərək ondan torpaq sahəsini alıb-almadığını soruşmuş, o da, iddiaçıya o qədər pulunun olmadığını, həmin torpaq sahəsini 15000 manata ala biləcəyini demişdir. İddiaçı torpaq sahəsini həmin qiymətə satmağa razı olmuş, ona torpaq sahəsini əgər indi almırsa başqa şəxsə satacağını demişdir. Həmin gün o, “Rabitəbank”ın Qusar filialına gedərək rus rublunun manata olan kursunu öyrənmiş, 680000 rus rublu iddiaçıya vermiş, həmin vaxt üçün rus pulunun manata olan kursu ilə həmin pul 15010 manat təşkil etmişdir. İddiaçıdan o, pulun alınması barədə qəbz də almış, daha sonra onlar notariusa gedərək alqı-satqı müqaviləsi bağlamışlar. Həmin torpaq sahəsində təqribən 15 illik 48 ədəd alma ağacı, hündürlüyü 2 metr olan 48 ədəd gilas ağacı, təqribən 8 illik 18-20 ədəd fındıq ağacları vardır. Bir gün o, həmin bağda işlədiyi vaxt, iddiaçının qardaşı Nurulla oraya gələrək onu söyüb təhqir etmiş, ondan pul istəmiş, daha sonra iddiaçının keçmiş əri də onun yanına gələrək ondan pul istəmişdir. O, isə həmin torpaq sahəsini alqı-satqı müqaviləsi ilə qanuni yolla iddiaçıdan aldığını bildirmişdir. O, iddiaçını aldatmamış, əgər belə bir fikiri olsa idi torpaq sahəsini satıb Rusiyaya gedərdi. İddiaçıdan aldığı torpaq sahəsinin dəyərini əvvəlcədən 15000 manata razılaşmışlar və həmin məbləğdə pulu tam olaraq iddiaçıya ödəmişdir. İddiaçı onu əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Belə olan halda iddiaçı torpaq sahəsinin dəyərini əvvəlcədən almadan ona necə sata bilərdi? O, iddiaçıya pulu verən vaxt istirahət günü olmuş, bu səbəbdən də, üzərində olan 680000 rus rublunu bankda dəyişə bilməmiş, iddiaçı isə pulu dəyişməyi gözləmədən rus rublunu ondan alaraq bu barədə qəbzə imza etmişdir. Hazırda o, həmin torpaq sahəsində yonca əkmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, həmin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli 16.09.2016cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxuroba kəndində yerləşən 1.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı 4Ə-2 reyestr nömrəli 05.01.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı 1.88 ha torpaq sahəsini Cavabdeh 5000 (beş min) manata satmışdır. İşdə olan 28.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxuroba kəndində yerləşən 1.88 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, 16.09.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxuroba kəndində yerləşən 0.70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Notariat ofisində bağlanmış AN-İ № ******* saylı 4Ə-3 reyestr nömrəli 05.01.2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı 0.70 ha torpaq sahəsini Cavabdeh 5000 (beş min) manata satmışdır. İşdə olan 28.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxuroba kəndində yerləşən 0.7 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş internet resurslarından Çıxarışdan görünür ki, Qusar rayonu Quxuroba kəndində yerləşən 2.58 hektar torpaq sahəsinin 35000 manata satılması barədə elan verilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Votsap” sosial şəbəkəsində olan yazışmalardan Çıxarışdan görünür ki, İddiaçı istifadəsində olan telefon nömrəsindən torpaq sahəsinin bütövlükdə 15000 manata satılmasına razı olduğunu, həmin qiymətə torpaq sahəsinin satılmasının mümkün olduğunu mesajla cavabdehə bildirmişdir. İşdə olan 05.01.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ona məxsus olan Quxuroba kəndində yerləşən 2.58 ha torpaq sahəsini 15000 manata Cavabdeh satmışdır. İşdə olan AZ-İ № 294127 saylı 24 avqust 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X2 aralarında olan nikah 05 oktaybr 2012-ci il tarixdə ləğv edilmiş, bu barədə 98 nömrəli akt qeydi ilə təsdiq edilmişdir. Qadına “Tayıbova” soyadı verilmişdir. İşdə olan AZ-İ 017922 saylı 24 avqust 2018-ci il tarixli “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamədən görünür ki, X1 “Cəfərova”dan “Tayıbova”ya dəyişdirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Quxuroba kəndinin ərazisində yerləşən 1.88 və 0.70 ha, cəmi isə 2.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. Həmin şəxs 2020-ci ilin sonlarında həmin torpaq sahəsini internet vasitəsi ilə satışa çıxarmış, cavabdeh həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və torpaq sahəsinin dəyərini tərəflər cəmi 15000 manata razılaşmışlar. Bundan sonra hər iki tərəf Qusar rayon notariat ofisinə gedərək hər iki torpaq sahəsinə dair 05 yanvar 2021-ci il tarixdə alqı-satqı müqavilələri bağlamışlar, həmin notariat ofisində 1.88 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi reyestrdə 4Ə-2, 0.70 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi isə 4Ə-3 nömrə ilə təsdiq edilmişdir. Həmin alqı-satqı müqavilələri əsasında həmin torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahələrinin ümumi dəyərini cavabdehlə 60000 manata razılaşdıqlarını, cavabdeh tərəfindən həmin pulun 5000 manat hissəsinin ödənildiyini, qalan hissəsini isə aldadaraq ona ödəmədiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Alqı-satqı əqdinin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. İddiaçı ilə Cavabdeh arasında 05 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən Qusar rayon notariat ofisi tərəfindən müqavilənin qanunauyğunluğu yoxlanılmış və müqavilənin tərəflərin sərbəst iradə ifadəsinə əsaslandığı müəyyən edildikdən sonra müqavilələr müvafiq qaydada təsdiq edilmişdir. Müqavilə bağlanan ana qədər tərəflər müqavilələrin predmeti olan torpaq sahələrinin dəyərini öz aralarında sərbəst şəkildə razılaşmışlar, iddiaçının niyyəti torpaq sahəsini satmaq olmuş, dəyərini əvvəlcə 35000 manat qeyd etsə də, özü sonradan həmin torpaq sahələrini cəmi 15000 manata satmaq istədiyini cavabdehə bildirmiş, bu barədə cavabdehə məlum müqavilələri bağlamağı təklif etmişdir. Həmin müqavilələrin bağlanması zamanı cavabdehin iddiaçını aldatması və ya hər hansı qanunsuz yolla onu müqavilə bağlamağa təhrik etməsi isə məhkəmədə sübuta yetirilməmişdir. Odur ki, məhkəmə iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab olunması barədə irəli sürdüyü dəlilləri ilə razılaşmayaraq onları qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X3 Cavabdeh və üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar