Məhkəmə qərarları › İş №2(029)-133/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-133/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-133/2023 31.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdehvə tərcüməçi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh xx.xx.2009cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı azyaşlı uşaqları ilə birlikdə 15.000 manat kompensasiya verilməklə, ona məxsus,Qusar şəhəri, Z.Əliyeva küçəsi,ev 252 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə,onların evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur.Cavabdeh onun oğlu X1 həyat yoldaşıdır.Cavabdehin onun şəxsi mülkiyyətində olan evinə istifadə hüququ Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tanınmış və onun 3 azyaşlı uşağı ilə onun evinə köçürülməsi qət edilmişdir.O, cavabdehin azyaşlı uşaqları ilə birlikdə evə olan istifadə hüquqlarının 5000 manat kompensasiya verilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və kompensasiya məbləği az olduğu üçün Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası rədd edilmişdir.Hazırda o, kompensasiya məbləğini artıraraq yenidən iddia ilə məhkəməyə müraciət edir.O, da cavabdehə həm kompensasiya təklif etmiş,həm də keçmiş həyat yoldaşına məxsus evi də yaşamaq üçün təklif etmişdir,lakin cavabdeh bununla razılaşmamışdır. O, cavabdehin evindən çıxarılaraq keçmiş həyat yoldaşına məxsus evə köçürülüməsi iddiası ilə məhkəməyə də müraciət etmiş, lakin Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu iddiası da təmin edilməmişdir.Ona görə də o, AR MM-nin 228.2. maddəsinə əsaslanaraq,hazırkı iddia üzrə kompensasiya məbləğini artıraraq yenidən məhkəməyə müraciət edir.Hazırda Qusar şəhərində onun evinə uyğun evlərdə kirayə haqqı 150-200 manatdır.Bu rəqəm əsas götürülərək,cavabdehin uzun müddət bu evə uyğun şəraitdə uşaqları ilə birgə yaşamasını təmin etmək üçün ona uşaqları ilə birlikdə 15.000 manat kompensasiya təklif edir.Belə hesab edir ki,bu kompensasiya qanuna və AR Konstitusiya Məhkəməsinin bu işlər üzrə hüquqi mövqeyinə və qəbul etdiyi Qərarlarına tam uyğundur.Cavabdeh onun evinə istifadə hüququnu məhkəmə qaydasında qazansa da, onun evində davamlı yaşamır,hərdən gələrək özünü evdəki kimi göstərir,gedəndə isə bilərəkdən qazı,suyu açıq qoyaraq ona həm maddi ziyan vurur(sayğaclar onun adına olduğu üçün),həm də qazı açıq qoymaqla onun həyatına təhlükə yaradır.Bu şəxsin özünün istifadəsində olan evlər var, cavabdehin onun bu evinə heç bir ehtiyacı yoxdur,sadəcə olaraq öz hüquqalrından istifadə edərək bu evə istifadə hüququ qazanaraq formal qeydiyyata düşmüşdür.Bu şəxslə bir evdə yaşamaq qeyrimümkündür və onunla bir evdə yaşamaq həm də onun həyatı üçün bir təhlükədir.Bütün bunları nəzərə alaraq o, hazırkı iddia ilə məhkəməyə müraciət edir və belə hesab edir ki,cavabdehə uşaqları ilə birlikdə təklif etdiyi kompensasiyanın məbləği həm ədalətlidir,həm də kifayətedicidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, cavabdeh onun oğlunun gəlini olub, üç uşağı ilə ayrılıb, ona məxsus evində cavabdehə istifadə hüququ verilib. Cavabdeh Qasim Əliyev küçəsindəki 15 saylı evə gəlin köçüb, mübahisəli evdə 2010-cu ildən yaşayır, həmin vaxt mübahisəli ev təmir olunmamışdı. Cavabdehlə onun oğlunun nikahı 2008-ci ildə bağlanıb. O mübahisəli evi 2004-cü ildən tikmiş, cavabdeh isə həmin evə 2010-cu ildə köçüb, cavabdeh evin birinci mərtəbəsinə köçüb, evin ikinci mərtəbəsi təmirsiz idi. Cavabdeh faktiki olaraq həmin evdə yaşamır, bu halı evdə quraşdırılmış izləmə kameralar vasitəsi ilə sübut etmişdir. Cavabdeh evə bir dəfə də olsa gəlməyib, evdən saxlama kamerasi kimi istifadə edir, qısa müddətdə gəlib gedir. Evin tərkib hissəsi olan bir sanitar qovşağının qapısını bağlayıb, o, həmin sanitar qovşağından istifadə edə bilmir. Cavabdehin başqa yaşamağa yeri var, Qusar şəhəri Sabir küçəsindəki 39 nömrəli evdə qeydiyyatdadır. Həmin ev cavabdehin babasına məxsusdur, babası və nənəsi rəhmətə gedib, bir cavabdeh orda qeydiyyatda qalıb, çıxarışda adları olan iki nəfər rəhmətə gedib, ev də cavabdehə qalıb, həmin evi kirayə verib, pulunu da özü alır. Hazırda cavabdeh atasına məxsus Qusar şəhəri Rəsulbəyov küçəsindəki 97 saylı evdə yaşayır, atasının villası var, çox imkanlıdır, Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdehin bir qardaşı var, qardaşı 10-15 ildir ki Moskva şəhərindədir, orada yaşayır, orada evləri var, maddi imkanları yaxşıdır. Qusar şəhəri Z.Əliyev küçəsindəki 252 saylı ev ona məxsusdur, cavabdeh həmin evdə bir iki dənə paltarını qoyub onu incitmək üçün ora gəlir, gələndə onunla dalaşır, orada onlara yaşamağa imkan vermir, fikri yalnız onları incitməkdir. Həmin evdə yeddi nəfər qeydiyyatdadır, evdə o, arvadı, onun kiçik oğlu Fərid, sonuncunun arvadı Nəzrin və oğlu Osman yaşayır, qızı ilə kürəkəni Rusiya Federasiyasında yaşayır. Ev 2 mərtəbəli olmaqla 5 otaqdan ibarətdir. Cavabdeh birinci mərtəbədə 60 kvm olmaqla 2 otaqdan, sanitar qovşağdan istifadə edir. Evin dəyəri 92 min manat, reyestr xidməti isə 95 min manat dəyərində qiymətləndirib. Hazırda normal şəraitli evlərin kirayə qiyməti Qusar şəhərində 150-200 manatdır. O, barışmaq istəmir, cavabdeh də barışmaq istəmir, cavabdehin barışmaq fikri var idisə o da barışardı, hazırda mümkün deyil, kompensasiya məbləğinin artırmaq fikri yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 12 il nikahda olmuş, üç uşağı var. Qeydiyyatda olduğu Qusar şəhəri Sabir küçəsindəki 39 nömrəli ev atasının atasına məxsus olub, hazırda həmin evdə dayısı öz ailəsi ilə birlikdə qalır, onlar da həmin evə qeydiyyatdadır, həmin evin ona heç bir aidiyyatı yoxdur, ev ona məxsus deyil. 11 il yaşadığı Z.Əliyev küçəsindəki 252 saylı evə nə onu, nə ərini, nə də uşaqlarını qeydiyyata salmamışlar, buna görə də əvvəllər qeydiyyatda olduğu evdə qeydiyyatda qalmışdır. Hazırda o, atasının evində və Z.Əliyev küçəsindəki 252 saylı evdə qalır. 2008-ci ildə ailə qurmuş, iddiaçıya məxsus Qasim Əliyev küçəsindəki 15 sayı evinə gəlin köçmüş və həmin evdə bir il yaşamışdır, həmin evdə böyük qızı Kamilla dünyaya gəlmişdir. 2009-cu ildə onlar üçün tikilmiş Z.Əliyev küçəsindəki evə köçmüşdür. Həmin evdə təmir olmadığına görə əvvəl köçə bilməmiş, 2009-cu ilin dekabr ayında köçmüşdür. Atasının və özünün köməyi ilə həmin evi onlar birlikdə təmir etmişlər. Həmin evdə iki uşağı doğulmuş, 11 il ailəsilə birlikdə yaşamışdır. Həmin evdə iddiaçını dediyi kimi oğlu uşaqları yaşamayıb, onun ailəsi 5 nəfər yaşamışlar. Bunu qonşular da təsdiq edə bilər, bu barədə akt da var. Ayrıldıqdan sonra iddiaçı ona 2 otaqlı ev alacağını demiş, lakin almamış və oğluna başqa yerdə ev tikəcəyini demişdir. Ona evdə bir otaq verib, hamamda şərait yoxdu, qaz, işıq yoxdu, yay aylarında gəlib orda fənər yandırır ki, bilsinlər ki evdə adam var. O, polisə şikayətlər etmiş, özü əlavə sayğac qoymuşdur. İddiaçı axşam gəlib sayğacı çıxardır, limiti keçdiyini deyir. Belə şəraitdə həmin evdə üç uşağı ilə necə yaşasın? O, hətta iddiaçıya təzə sayğacın sərfiyyatını özü ödəyəcəyini demişdir. İcra məmurları onu həmin evə düzgün köçürməmişlər. İkinci dəfə düzgün yerləşdirilməsi barədə icra şöbəsinə ərizə yazmış, lakin heç bir nəticəsi olmamış, həmin proses indiyədək davam edir. O, 15-20-30 min manat pul istəmir, o, heç bir məbləğdə pul da istəmir, o, uşaqları ilə həmin evdə yaşamaq istəyir, üç il ərzində qarşı tərəf heç nə eləməyib o, bir şey istəyir ki, onu həmin evə düzgün köçürsünlər. O, hazırda valideynlərinin evində yaşayır, mübahisəli evdə onun əmlakı var, həmin evə də gedib gəlir. Valideynlərinin evi ilə mübahisəli ev qonşuluqda yerləşir, arada bir hasar var, mübahisəli evə hər gün getmir, aradabir, 2-3 gündən bir gedir. Evdə o, uşaqları və əri yaşayıb, qaynatası ayrı evdə yaşayıb, qonaq gəlib, yeyib içib gedirdilər. Hazırda Qusar şəhərində 2 otaqlı evin kirayə haqqı 300-350 manatdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan görünür ki, X4 xx.xx.2009-cu ildə, X8 xx.xx.2011-ci ildə və X6 xx.xx.2016-cı ildə anadan olmuşlar, ataları İddiaçı, anaları Cavabdehdır. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-711/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011-ci il təvəllüdlü X8 və 22 iyun 2016-cı il təvəllüdlü X6 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(029)-711/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qıına qarşı 5000 (beş min manat kompensasiya ödənilməklə ona məxsus ünvan 4 yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli 2702 nömrəli arayışdan görünür ki, Qusar şəhəri daxilində evin yerləşdiyi ərazisindən və fərdi yaşayış evinin texniki vəziyyətindən asılı olaraq evlərin kirayə haqqı 50-400 manat civarında təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə İddiaçı özünə məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh istifadə hüququna 15000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması barədə dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh həmin məbləğdə pul müqabilində istifadə hüququna xitam verilməsi onun və azyaşlı uşaqlarının mənafeyinə uyğun olmamaqla onların davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayət deyildir, cavabdehin həmin hüququna həmin qaydada xitam verilməsi ədalətli olmamaqla onun və azyaşlı uşaqlarının məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, Qusar rayon məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(029)-448/2020 saylı qətnaməsinə əsasən iddiaçının oğlu X9 ilə Cavabdeh arasında 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X4, 10 mart 2011-ci il təvəllüdlü X8 və 22 iyun 2016-cı il təvəllüdlü X6 anaları Cavabdeh himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yerləri kimi Cavabdeh yaşayış yeri müəyyən edilmişdir.Belə olan halda, Cavabdeh qeyd olunan yaşayış evindən istifadə hüququna xitam verilməsi məsələsi müzakirə olunarkən həmin uşaqların maraqları da mütləq şəkildə nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə tərəflərə kompensasiya məbləği ilə bağlı razılığa gəlməyi, iddiaçıya kompensasiyanın məbləğini artırmağı təklif etmiş, lakin iddiaçı həmin təkliflə razılaşmayaraq kompensasiya məbləğini artırmayacağını bildirmişdir. Bu baxımdan məhkəmə hazırkı halda, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı azyaşlı uşaqları ilə birlikdə 15.000 manat kompensasiya verilməklə, ona məxsus,ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar