Məhkəmə qərarları › İş №2(029)-138/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-138/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-138/2022 26.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarının ləğv edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xaçmaz X4 İdarəsinin X5 Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 mart 2021-ci il tarixli X2 dair tələbnamənin ləğv edilməsinə və ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, Cavabdeh Xaçmaz X4 İdarəsinin X5 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2021-ci il tarixli X2 dair tələbnamənin ləğv edilməsini tələb etmir, əsassız hesablanmış borcun silinməsini isə tələb edir. Odur ki, Cavabdeh İB-nin Xaçmaz regional Qİİ-nin qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonu, Bədişqala kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh AZƏRİQAZ X1 X3 İdarəsinin X5 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. 20 avqust 2020-ci il tarixdə X5 Sahəsinin əməkdaşları Qusar rayonu, Bədişqala kəndində yerləşən onun yaşayış evinə gələrək onun evinə aid, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacına baxış keçirmişdir. Bundan bir müddət keçəndən sonra X5 Sahəsinin əməkdaşları onun Qusar rayonu, Bədişqala kəndində yerləşən yaşayış evinə gəlib qaz sayğacına guya onun tərəfindən müdaxilə edərək sayğacın hesablama mexanizminin qapağının sağ yan hissəsi deşici alətlə deşilib, təbii qaz itkisinin yarandığını bildirərək barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin akta əsasən də 30 mart 2021-ci il tarixli X2 dair Tələbnamə ilə ona itirilmiş qazın bərpası olaraq 2160 kubmetr qaz sərfiyyatı, yəni 216 (iki yüz on altı) manat borc hesablamışlar. İndi də X5 Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onu evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədəlyirlər. Aşağıda göstərilən hallara görə AZƏRİQAZ X1 X3 İdarəsinin X5 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 mart 2021-ci il tarixli X2 dair Tələbnaməyə əsasən ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borc silinməlidir. Onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. O, həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini, sayğacın hesablama mexanizminin qapağının sağ yan hissəsinin deşici alətlə kim tərəfindən deşildiyini bilmir. Həm də ki, sayğacın üzəri X5 Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün həmin müdaxilələrə görə o–istehlakçı deyil, X5 Sahəsi cavabdehlik daşıyır. Odur ki, itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair 30 mart 2021-ci il tarixli komissiya qərarı əsasında hesablanmış 216 manat məbləğində borc silinməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, COVİD-19 infeksiyasına qarşı peyvənd olunmadığına görə məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 20 avqust 2020-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı Qusar rayonu Bədişqala kəndində olan evinə quraşdırılmış Elster tipli BK-G4T markalı, ******* nömrəli qaz sayğacı çıxarılmış və əvəzində Zennek tipli G4-7 markalı **********6 nömrəli, üzərində 10597880 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 30 mart 2021-ci il tarixli X2 dair tələbnamənin surətindən görünür ki, 26 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar rayonu, Bədişqala kəndində yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağının sağ yan hissəsi deşici alətlə deşilmiş, təbii qaz itkisi yaranmış, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmin sayğacın hesablama mexanizminin qapağının sağ yan hissəsinin deşici alətlə deşilməsi, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının sağ yan hissəsi deşici alətlə deşilməsi, təbii qaz itkisi yaranması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtb olunmuş 30 mart 2021-ci il tarixli X2 dair Tələbnamənin ləğv edilməsini tələb etmədiyini göstərərək yalnız həmin qərar əsasında hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əlavədə göstərilən tələb üzrə “Xaçmaz X4 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” 30 mart 2021-ci il tarixli qərarı əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin Xaçmaz X4 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” komissiyanın 30 mart 2021-ci il tarixli qərarı əsasında İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar