Məhkəmə qərarları › İş №2(029)-14/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-14/2021

19.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-14/2021 19.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh və X3 iştirakları ilə “Qaz İxrac” İdarəsinin Cavabdeh və X5 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: “Qaz İxrac” İdarəsi Cavabdeh və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X14 istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndi ərazisində inşa olunmuş Cavabdeh məxsus fərdi yaşayış evinin, hasarın sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Qaz İxrac” İdarəsi iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Az DTN 2.9-2 X13 Layihələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X14 balans və istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndi ərazisində kəmərdən 41 metr məsafədə Cavabdeh məxsus hasar və yaşayış evi inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə, Qusar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Bundan əlavə “Qaydalar”ın 2.23cü bəndinin tələblərinə əsasən X13nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin, Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Cavabdehə məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası MM-nin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. “Qaz İxrac” İdarəsi X18 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa olunan tikintinin adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyanın mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Əvvəlki məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X10 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar rayonu Bədirqala kəndi ərazisində Cavabdeh Hacıbala oğlu tərəfindən Az DTN 2.9-2 "X13 Layihələndirmə Normaları"nın və "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri pozularaq «Qaz İxrac» İdarəsinin Siyəzən magistral X14 balans və istismarında olan diametri 325 mm-lik yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin zonasında qaz kəmərindən 41 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa olunmuş tikili isə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. «Qaz İxrac» İdarəsinin X18 kəmərləri sahəsi tərəfindən cavabdehə inşa etdiyi adı çəkilən qaz kəmərinin mühafizə zonasından yerləşdiyi, orada hər hansı tikilinin aparılması qadağan olunması və bu potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, onun arvadı Muradova (Ağaverdiyeva) Leyli Meyvəddin qızının mülkiyyətində Qusar rayonu Bədirqala kəndində yerləşən 0.13 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində Leyli Muradovanın (Ağaverdiyevanın) mülkiyyət hüququ JN-047A KOD 30106028 saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. X15 rayon Aqrar İshalat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarı ilə verilmiş və torpaq sahəsinin məqsədli təyinatı məhz fərdi yaşayış evinin tikintisi olmuşdur. O və həyat yoldaşı Leyli həmin torpaq sahəsində 1998-ci ildə yaşayış evi və hasar inşa etmişlər. Hasar daşdan deyil, dəmir setkadan inşa olunmuşdur. Fərdi yaşayış evini inşa edərkən həmin ərazidən qaz kəmərinin keçməsi barədə nə onun, nə də arvadı Leylinin xəbəri olmamış, bu barədə heç bir qurum tərəfindən onlara irad bildirilməmişdir. Qaz kəməri yerin altı ilə dərindən çəkilmişdir. Həmin qaz kəmərini adi qazıntı ilə aşkar etmək mümkün olmur, aşkar etmək üçün traktor vasitəsi ilə dərindən qazmaq lazımdır. Hesab edir ki, o və arvadı Leyli yaşayış evini və hasarı özlərinə aid torpaq sahəsində qanuni tikmişlər. Hazırda onların həmin evdən başqa, digər yaşayış sahələri yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddianı qəbul etməmiş və Cavabdehla analoji izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayənədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan 24 may 2016-cı il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən Qusar rayonu Bədirqala kəndində tərtib edilmiş aktdan görünür ki, Qusar rayonu Bədirqala kəndində yaşayan Cavabdeh tərəfindən həmin kəndin ərazisindən keçən 325 mm-lik, 12-15 təzyiqli “Qusar QPS qaz kəməri qolu” magıstral qaz kəmərinin mühafizə zonasında kəmərdən 41 metr məsafədə fərdi yaşayış evi inşa olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi X18 Kəmərləri Sahəsi tərəfindən Qusar rayon İcra Hakimiyyətinə, Qusar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinə ünvanlanmış məktublardan görünür ki, Siyəzən MQKS-nin istismarında olan “Mozdok-Qazıməmməd” MQK-nin və onun qollarının rayonun içərisindən keçən hissəsinin rayon xəritələrinə salınması və gələcəkdə baş verə biləcək hər hansı bir qəzanın vaxtında qarşısının alınması məqsədi ilə rayon ərazisindəki müvafiq icra orqanları tərəfindən qaz kəmərinin keçdiyi yerlərdə aparılan özbaşına tikintilərin qarşısının alınmasına dair müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi X18 Kəmərləri Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış 19.10.2016-cı il tarixli 25 saylı bildirişdən görünür ki, həmin şəxs tərəfindən inşa edilmiş hasar və fərdi ev ilə yüksək təzyiqli və 325 mm diametrli qaz kəmərinin arasındakı məsafənin 41 metr təşkil etdiyi, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKS-nin məsuliyyət daşımadığı və inşa etdiyi tikili ilə bağlı aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan JN-047A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1999-cu il tarixli 10/4 saylı qərarı ilə Ağaverdiyeva (Muradova) Leyli Meyvəddin qızının mülkiyyətinə Qusar rayonu Bədirqala kəndi ərazisindən 0.13 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan iddiaçının nümayəndəsinin vəsatəti əsasında təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2021-cil tarixli 10/222 nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunmuş, Cavabdeh məxsus olduğu bildirilən bir mərtəbəli tikilinin 325 mm-lik 12-15 atm təzyiqli QPS qaz kəməri qolu magistral qaz kəmərindən 3,5 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilində yerləşdiyi müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 may 2021-cil tarixli 10/222 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi Cavabdeh və Muradova (Ağaverdiyeva) Leyli Meyvəddin qızı tərəfindən Qusar rayonu Bədirqala kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evi o vaxt özbaşına tikili sayıla və həmin tikili iddiaçı təşkilatın tələbi üzrə o vaxt sökülə bilər ki, həmin tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Lakin, məhkəmə iclası zamanı sübuta yetirilmişdir ki, Qusar rayon Bədirqala kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi üzərində cavabdeh Muradova (Ağaverdiyeva) Leyli Meyvəddin qızının mülkiyyət hüququ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-047A KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq edilir. Həmin şəhadətnamə hazırda qüvvədədir, hər hansı şəxs və ya orqan tərəfindən, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir. Belə olan halda, şəhadətnamənin həqiqiliyi prezimpsiyası qüvvədədir və nə qədər ki, cavabdeh tərəfin torpaq sahəsinə dair hüquqlarının təsdiq edən həmin şəhadətnamə ləğv edilməyib, mülkiyyətçi şəxsi həmin şəhadətnamədən irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X11rşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcüd mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X17 İtaliyaya qarşı” işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, hüququn dövlət qeydiyyatına alınması anına qədər şəxs ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarında əks olunan hüquqi mövqeyi baxımından da cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi tikilinin sökülməsi onun gözlənilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Həmin qərarlarda əks olunan hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, Qusar rayonu Bədirqala kəndində yerləşən 0,13 ha torpaq sahəsi cavabdeh Leyli Muradovanın (Ağaverdiyevanın) mülkiyyətində olduğundan, onun həmin torpağın üzərində olan tikiliyə ən azından “titul” sahibliyi yaranmışdır ki, bu hüquq da özündə mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edir. Bu, isə həmin torpaq və yaşayış evi üzərindəki əmlak hüquqlarının müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin Qusar rayonu Bədirqala kəndi ərazisində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi və hasar özbaşına tikinti sayılmadığından, yəni evin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla məhz yaşayış evinin tikintisi məqsədi ilə Leyli Muradovanın (Ağaveridyevanın) mülkiyyətinə verildiyindən, həmin torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evindən maneəsiz istifadə hüququna iddiaçı təşkilatın müdaxiləsi qanuni və əsaslı sayıla, həmçinin torpaq sahəsinin və yaşayış evinin, hasarın dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən evin sökülməsi tələbi barədə iddia təmin edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evinin və hasarın tikintisi hər hansı ictimai maraqlara zidd deyildir, əksinə fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Cavabdeh Leyli Muradovanın (Ağaverdiyevanın) magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşdiyi göstərilən torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, tikinti həmin torpaq sahəsində tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən həmin şəxsə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, ona görə tikililər qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmadığından və həmin şəxsin tikintinin magistral qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, həmin fərdi yaşayış evinin, hasarın və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks halda, cavabdeh Leyli Muradovanın (Ağaverdiyevanın) mülkiyyətində olan torpaq sahəsində tikdiyi tikintilərin boşaldılaraq sökülməsi, cavabdehin qanuni müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Odur ki, məhkəmə iddiaçının dəlillərini qəbul etməyərək əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Qaz İxrac” İdarəsinin Cavabdeh və X5 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş fərdi yaşayış evinin və hasarın sökülməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası iddiaçının nümayəndəsinin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə keçirilmiş məhkəmə ekspertizasına dair 50 (əlli) manat ekspertiza xərci iddiaçı «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin -VÖEN**********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu “Qaz İxrac” İdarəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Qaz İxrac” İdarəsinin Cavabdeh və X5 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri “Qaz İxrac” İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X7, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu “Qaz İxrac” İdarəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar