Məhkəmə qərarları › İş №2(029)-162/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-162/2021

16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-162/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” cavabdeh “Cavabdeh” X1 RQİİ-nin Qusar Xidmət Sahəsi üzrə rəis müavini tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktın və Xaçmaz RQİİ-nin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin etibarsız hesab edilməsinə dair iddiası üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” cavabdeh “Cavabdeh” X1 RQİİnin Qusar Xidmət Sahəsi üzrə rəis müavini tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktın və Xaçmaz RQİİ-nin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxx 2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən evinin qaz xəttinə quraşdırılmış qaz sayğacı, növbəti dövlət yoxlamasından keçirilməsi üçün, cavabdeh “Cavabdeh” X1 X3 İdarəsinin (Xaçmaz RQİİ) Qusar Xidmət Sahəsinin (QXS) əməkdaşları tərəfindən çıxarılmışdır. Çıxarılmış sayğacın əvəzinə başqa sayğac quraşdırılmış və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli ******* saylı Akt tərtib edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə cavabdeh “Cavabdeh” X1 X3 İdarəsinin (Xaçmaz RQİİ) Qusar Xidmət Sahəsinin (QXS) əməkdaşları tərəfindən ona şifahi olaraq qaz sayğacına müdaxilə edildiyini, nəticədə 4.644 kub metr qaz itkisinə yol verildiyini və itirilmiş qazın dəyərinin onun tərəfindən ödənilməsi bildirilmişdir. Lakin ona rəsmi qaydada qeyd edilən vəsaitin ödənilməsi üçün “Bildiriş xəbərdarlıq” verilməmişdir. “Sayğacların kalibirləmə laboratoriyasında keçirilmiş baxışın nəticələri”nə dair Rəydə dövlət yoxlamasına göndərilmiş qaz sayğacının plastmas qapağının yan tərəfdə izin olması, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və sayğacın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması göstərilmişdir. Həmin rəyə əsasən Xaçmaz RQİİ-nin QXS üzrə rəis müavini tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş və həmin tarixdə də Xaçmaz RQİİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilmişdir. Qaz itkisinə yol verilməsində onun heç bir təqsiri yoxdur, əksinə qaz itkisinə cavabdehin regional və rayon üzrə fəaliyyət göstərən subyektlərin təqsirli hərəkətləri nəticəsində, yəni sayğacın mühafizəsi və onun normal işlək vəziyyətinin təmin edilməməsi olmuşdur. Həmçinin, sözügedən sayğac onun evindən aralıda, küçədə qoyulmuş, müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. O, qaz sayğacına müdaxilə etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın plastmas qapağının yan tərəfində iz var, sayğac hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cizik izləri var. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan “Cavabdeh” tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evindəki sayğac növbəti dövlət yoxlamasında çıxarılmışdır. İşdə olan «Cavabdeh» X1 X3 İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiya qərarının surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 4644 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixli AKX-01071xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dən görünür ki, İddiaçı ilə “Cavabdeh” İB arasında müqavilə bağlanmışdır. İşdə olan Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 2284 saylı Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri Z.Bağışov küçəsi 196 evdə qeydiyyatsız yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi Cavabdeh Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları İddiaçı məxsus fərdi yaşayış evinə aid olan, lakin evindən aralıda, küçədə yerləşən qaz sayğacında xətalar təyin etmək mümkün olmadığı, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi bildirilərək ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib etmişlər. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, küçədə açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə «Cavabdeh» X1 X3 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 4644 kub metr qaz itkisi hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh «Cavabdeh» X1 X3 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” etibarsız hesab edilməlidir. Azərbayucan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasinin MPM-nin 216-220 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» X1 X3 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və xx xxxxxx 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” etibarsız hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar