Məhkəmə qərarları › İş №2(029)-263/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-263/2023

31.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-263/2023 31.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının iştirakı ilə, İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, Güləhmədova (Əskərova) Siruyə Seyfulla qızına və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və miras payının müəyyən edilərək məcburi ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı cavabdehlər Cavabdeh1, Güləhmədova (Əskərova) Siruyə Seyfulla qızına və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və miras payının müəyyən edilərək məcburi ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideynləri X11, X7 məxsus əmlak paylarına dair onların-Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının, Cavabdeh1, X12, X14 və Cavabdeh4 paylarının müəyyən edilərək naturada ayrılması və valideynləri X3ndan, anası X4 miras qalmış paydan onun- Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının miras payının müəyyən edilərək məcburi ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Xurel kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X3na məxsus olmuşdur. Ev 2 mərtəbəlidir və 240 kv.metrdir. X3 1980-cı il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin ev anası X6 adına keçmiş və sonuncunun adına müvafiq texniki pasport tərtib edilmişdir. xx.xx.2011-ci il tarixdə anası X15 vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra o və bacı qardaşları valideynlərinin paylı mülkiyyətinə faktiki sahib çıxsalarda rəsmi olaraq heç biri valideynlərinin paylı mülkiyyəti ilə bağlı vərəsəlik və miras qəbul etməmişlər, buna baxmayaraq valideynlərinin əmlakları hələdə mülkiyyətlərindədir. Mərhum valideynlərinin hazırda aşağıdakı vərəsələri qalmışdır. 1. O, yəni -Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı, 2. Cavabdeh1, 3. X17, 4. X19, 5. Cavabdeh4. Mərhum valideynləri vəfat etdikdən sonra onların mirasını heç bir vərəsə qəbul etməmişdir. Qardaşı Cavabdeh1 1985-ci ilə kimi Bakı şəhərində yaşamış, həmin evə heç bir aidiyyatı yoxdur və onun üçün anası Avaran qışlaq kəndində ev tikdirərək qardaşının payını ayırmışdır. Həmin evin demək olar ki, bütün xərclərini o özü çəkmiş, bütün xərclərin o çəkməyinə baxmayaraq valideynlərinin mirasın qəbul etməmişdir. Lakin o, valideynləri vəfat etdikdən sonra mirası qəbul etməsədə indi valideynlərinin mirasın qəbul etmək qənayətinə gələrək vərəsələr arasında mübahisə yarandığı üçün o, müddət ötürməklə yanaşı valideynlərinin miras əmlaklarından öz payına düşən hissəsini ayıra bilməmişdir. Valideynləri öldükdən sonra bu yaxınlarda Qusar rayon Notariat ofisinə müraciət edərək mirasa dair adına müvafiq şəhadətnamənin verilməsin xahiş etmiş, Notariat ofisindən isə ona bildirilmişdir ki, mirasın qəbul edilməsi müddəti onun tərəfindən ötürülmüş, həmçinin digər vərəsələr mirasa dair münasibət bildirməmişlər və ona görə də mirasla bağlı məhkəməyə müraciət etməlidir. Bu barədə notariat ofisi tərəfindən ona 17 yanvar 2020-ci il tarixli X-56 saylı məktub verilmişdir. Hazırda mərhum valideynləri digər vərəsələr olan cavabdehlər mirasın onun adına rəsmiləşdirilməsinə razı deyillər. Həmin şəxslər vərəsə kimi bu barədə öz razılıqlarını bildirməsələr də, mirası indiyədək qəbul etməmişlər bu barədə notariat ofisinə müraciət etməmişlər. Bununla da, artıq mərhum valideynlərinin vərəsələri arasında mübahisə vardır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, həmin ev onun ata evidir, səksən faiz onun şəxsi mülküdür. Onu aldatmışlar, əlində olan mülkünü almışlar. Atası 1980-ci ildə, anası isə 2011-ci ildə rəhmətə gedib. Anası rəhmətə getdikdən sonra 2011-ci ildən sonra həmin evdə Akim də yaşayıb, o, da yaşamışdır. Akim 1987-ci ilə kimi daimi Bakı şəhərində qeydiyyatda olub, orda yaşayıb, sonra anası Akimi öz yanına gətirmiş və onu evləndirmişdir. O, ailəsi ilə Rusiya Federasiyasına getmiş və orada yaşamağa başlamışdır. Həmin evdə tək Akim yaşamayıb, hamısı yaşamışlar, təqdim etdiyi şəkildən də qardaşının və bacısının uşaqların orda olduğu görünür. 2011-ci ilə kimi həmin evdə o yaşamışdır, Akim yaşayıb, anası tək qalıb. Həmin evdə hazırda Akim yaşayır. Onun əri azərbaycanlı olduğuna görə ona ata evindən miras olaraq heç nə düşmədiyini demişlər. Şəxsən onun tərəfindən tikdiyi dörd cərgə evini sökmüşlər, ərini qovmuşlar, əri bir də ora getməyəcəyini demişdir. Hazırda o, xəstədir, səkkiz dəfə əməliyyat olunmuşdur, ərindən ayrılmışdır, özünə ev tikməyə maddi imkanı yoxdur, prokurorluğa şikayət edəndə 65 min manat əmlaka qiymət qoyulmuşdur. Hazırda ailəli deyil, ailəli olduğu vaxt Ceyranbatanda və Xırdalanda qalmışdır, Ceyranbatanda və Xırdalanda qaldığı evlər öz evi olmuş, ərinə dövlət tərəfindən ev verilmişdir. O, xəstə olan vaxt Rusiyada, Türkiyədə yaşamış, sağlam olan vaxt isə Xırdalanda öz evində yaşamışdır. 2006-cı ilə kimi əri ilə yaşamış, sonra xəstə olmuşdur. 1994-cü ildə Qusar rayonu Avaran qışlaq kəndindən torpaq almış, orada bir daxma tikmiş, hal-hazırda da həmin daxmada yaşayır. Anası rəhmətə getdikdən sonra həmin evdə Akim yaşayıb, anasının sağlığında o, Akimə kompensasiya ödəmiş, Akimə 15 sot torpaq alıb vermiş, həmin torpaq sahəsində ev də tikmişdir. Anası mübahisəli evdə onun və Ramilin qalmasını demişdir. Hazırda həmin ev heç kimin adında deyil. Anası rəhmətə getdikdən sonra o, Xırdalanda tək yaşamış, xəstə olub evdə yatmışdır. 2006-cı ildən sonra o, Avaran qışlaq kəndinə gedib gəlmişdir. Pay tələb etdiyi evə onu buraxmırlar, qoymurlar onu oraya, prokurorluğa şikayətlər etmişdir, bir çanta sənədləri var. 2006-cı ildən müraciətlər etmiş, 2010-cu ildə ərini tapmışdır, o, ərini axtarışa vermişdir, əri heç nəyi istəməmişdir, əri mənə get qardaşların ilə yaşa demişdir. O, mübahisəli evə Varonejdən inəklər, qoyunlar, 80 ədəd toyuq gətirmiş, torpaq sahəsini şumlamış, bu barədə heç bir sübutu, pay bölgüsü üçün məhkəməyə müraciət edəndə təqdim edəcəkdir. Həmin evdə o, 25-30 il əvvəl təmir işləri aparmışdır Mübahisəli evə dair kommunal xərcləri o, ödəməmişdir. Həmin evdə o, 25-30 il əvvəl təmir işləri aparmışdır. 2018-ci ildə o, notariusa müraciət etmişdir. Anasının sağlığında o, Akimə torpaq sahəsi alıb ev tikmişdir. Mübahisəli evdə o, qalmalı idi. Odur ki, ata evindən ona düşən payın verməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Güləhmədova (Əskərova) Siruyə Seyfulla qızına və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2011-ci il tarixdə Qusar rayonu Xurel kəndində ölmüşdür. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X16 xx.xx.1980-cı il tarixdə Qusar rayonu Xürel kəndində ölmüşdür. İşdə olan AZ-İV 354218 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1958-ci ildə Qusar rayonu Xürel kəndində anadan olmuşdur. X3, anası X9r. İşdə olan AZ-İ 372970 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Süsənxanım Seyfulla qızının atası hesab edilmişdir. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 130 saylı arayşdan görünür ki, xx.xx.2011-ci ildə vəfat etmiş X6 ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. Cavabdeh1, X8, X17, X19 və Cavabdeh4. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2020-ci il tarixli 70 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Avaran kənd X20 İcraiyyə Komitəsinin 1974-1976-cı illərin Xürel kəndi üzrə 12 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 465 olan X10 təsərrüfatın şəxsi mülkiyyətində 1959-cu ildə tikilmiş yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 01 iyun 1974-cü ildən 1976-cı ilin iyunun 1-nə cəmi 0.25 ha torpağın olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı miras açıldığı vaxtdan uzun müddət keçməsinə baxmayaraq belə bir ərizə verməmiş, yuxarıda qeyd olunan mirası qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmişdir. Bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Həmçinin həmin müddəti üzrlü səbəbdən ötürməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Belə hərəkətlər əsasən vərəsənin miras qoyanın ölümündən əvvəl və bundan sonra onun evində yaşaması və ya miras qoyanın ölümündən sonra onun evinə köçərək orada yaşaması, mirasın saxlanması və idarə olunması üçün onun tərəfindən xərclərin çəkilməsi və vergilərin ödənilməsi və s. hərəkətlər aiddir. İddiaçı yuxarıda göstərilən mirası faktiki qəbul etdiyini göstərsə də, bununla bağlı hər hansı sübutu, məsələn evdə yaşaması, evin və torpaq sahəsinin əmlak və torpaq vergisinin ödənilməsində, evin təmirində iştirak etməsi və s. sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı özü məhkəmə iclasında anasının vəfatından sonra onun miras kütləsinə daxil olan evdə qardaşı Akimin yaşadığını göstərmişdir. Odur ki, məhkəmə iddiaçının yuxarıda göstərilən mirası faktiki olaraq qəbul etməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qəbul etmir, onun iddiasını qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, Güləhmədova (Əskərova) Siruyə Seyfulla qızına və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və miras payının müəyyən edilərək məcburi ayrılması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cəfərova (Əskərova) Süsənxanım Seyfulla qızının cavabdehlər Cavabdeh1, Güləhmədova (Əskərova) Siruyə Seyfulla qızına və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və miras payının müəyyən edilərək məcburi ayrılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar