Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-289/2024 17.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X29 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı miras əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X4 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakların qanun üzrə vərəsəlik qaydasında mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılaraq mərhum atası X4 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Hil kəndində atası X5 məxsus fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahəsi vardır. X24 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun aşağıdakı qanun üzrə birinci dərəcəli vərəsələri qalmışdır:
1. Oğlu Cavabdeh
2. X7
3. X8,
4. X9
5. X2
6. Özü - Kərbiyeva (Rəhimova) Lətifə Tacibulla qızı Həmin vərəsələrdən Valeh Rəhimov və Radik Rəhimov vəfat etmişlər. Mərhum X24 vəfat etdikdən sonra yuxarıda qeyd olunan torpaq sahəsi ilə fərdi yaşayış evi onun tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir. Belə ki, həmin vaxtdan etibarən həmin evə sahiblənməklə onu idarə edir, evin və torpaq sahəsinin əmlak və torpaq vergilərini o, özü ödəyir. Mərhum atasının digər vərəsələri isə həmin mirası nə faktiki qəbul etməmişlər, nə də qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına ərizə verməklə qəbul etməmişlər. Cavabdeh istisna olmaqla mərhum atasının digər vərəsələri notariat qaydasında təsdiqlənən ərizələr verərək mirası qəbul etmədiklərini və belə bir niyyətlərinin olmadığını bildirmişlər. Lakin, Cavabdeh belə bir ərizə verməmiş, mirasdan pay tələb edir. Halbuki, həmin şəxs mərhum atası vəfat etdikdən sonra heç vaxt onun miras əmlaklarına sahiblənməmiş, evdə yaşamamış, uzun müddətdir ki, həmin şəxsin Bakı şəhərində daimi yaşayış yeri var və orada yaşayır. O cümlədən həmin şəxs mərhum atasına məxsus torpaq sahəsinə də yiyələnməmiş, ondan istifadə etməmiş, torpaq sahəsinə görə vergilərinin ödənilməsində iştirak etməmişdir. Cavabdeh mirasla bağlı ərizə vermədiyinə görə o, mərhum atasına məxsus olmuş və faktiki olaraq onun tərəfindən qəbul edilmiş fərdi yaşayış evini və torpaq sahəsini adına rəsmiləşdirə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. X24 vəfat edərkən hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964-cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesab edir ki, onun iddiasının əsasları 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Bildirir ki, miras qoyan Tacibulla Rəhimovun miras kütləsinə daxil olan əmlaklar mirasın qəbul edilməsinin formal üsulu ilə heç bir vərəsə tərəfindən qəbul edilməmiş, bununla bağlı heç bir vərəsə tərəfindən notariat orqanına ərizə verilməmişdir. Lakin, yuxarıda qeyd etdiyi kimi, həmin əmlaklar onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Onun həmin miras əmlaklarını faktiki olaraq qəbul etməyi miras qoyanın vəfatından sonra onun mütəmadi olaraq miras kütləsinə daxil olan fərdi yaşayış evinə sahiblik etməyi və onu idarə etməyi, evin bütün kommunal xidmət haqlarının onun tərəfindən ödənilməsi, evin və torpaq sahələrinin əmlak və torpaq vergilərinin onun tərəfindən ödənilməsi barədə sənədlərlə tam şəkildə təsdiq olunur. Mərhum atasının digər vərəsəsi olan Cavabdeh isə miras qoyanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən miras əmlakları faktiki olaraq qəbul etməsi ilə bağlı hər hansı hərəkətlər etməmiş, mirasa yiyələnmək niyyətini ifadə etməmiş, mərhum atamın mirasına dair 25 ildən çox susmuşdur. Bununla da, Cavabdeh özünün vərəsəlik hüququnu itirmişdir. Odur ki, hesab edirəm ki, mərhum X24un miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evi və 0.14 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında onun mülkiyyətinə verilməlidir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək göstərmişdir ki, o, mərhum atasının dəfn mərasiminin təşkilində iştirak etməklə mirası qəbul etdiyimi nümayiş etdirmiş, bu səbəbdən miras əmlakda məcburi payı var və miras qalmış əmlakdan imtina etməmişdir. İddiaçı qeyd edilən əmlaka uzun illər faktiki sahiblənərək, həmin əmlakdan bəhər, fayda götürmüşdür. Lakin, o, həmin əmlakdan imtina etməsə də, ondan faydalanmamışdır. İddiaçı vermiş olduğu iddia ərizəsində də etiraf etmişdir ki, onun tərəfindən miras qoyulmuş əmlakdan imtina edilməsi barədə ərizə verilməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının mirasın bölüşdürmək niyyəti barəsində ona bildiriş göndərməmişdir. Belə ki, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab edilir. Qeyd etmək istəyir ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiq edilmişdir. Belə ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir və mirasdan imtina edən şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunvericilikdə bu iradə ifadəsinin məhz xüsusi formada yəni notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Buna görə hesab edirəm ki, iddiaçının iddia ərizəsinin rədd edilməlidir. Odur ki, İddiaçı mərhum atası X4 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsinin miras əmlaklar kimi iddiaçının tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlakdan qanun üzrə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilməsi tələbi barədə iddiasının rədd edilməsi və ya miras qoyulmuş əmlaka bərabər payların tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun atası 1997-ci ildə vəfat etmişdir. Cavabdeh 1967-ci ildən ata evindən çıxıb getmiş, həmin vaxtdan Bakı şəhərində yaşayır. Atası vəfat edən vaxt Vaqif həmin evə qonaq gəlib yasda iştirak etmişdir. Hazırda Vaqifdən başqa digər vərəsələrin hamısı miras əmlakların onun adına rəsmiləşdirilməsinə razıdır. Əvvəllər Vaqif də buna razı olmuş, lakin sonradan mirasdan pay tələb etmişdir. Mərhum atasına məxsus evin və torpaq sahəsinin vergilərini o, özü ödəmiş, Vaqif isə heç bir ödənişlər etməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazıəmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Hil kəndində yerləşən 0.14 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportdan görünür ki, həmin evin qanuni sahibi X11 olmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayonu İHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 290 saylı arayışdan görünür ki, mərhum X11 vəfat etdiyi günə kimi Qusar rayonu Hil kəndində yaşamış və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır:
1. Oğlu Cavabdeh
2. X7 (vəfat etmişdir)
3. X8, (Özbəkistan Respublikasında yaşayır)
4. X9 (vəfat etmişdir)
5. X2
6. Qızı Kərbiyeva (Rəhimova) Lətifə Tacibulla qızı. Mərhumun ölümündən sonra miras əmlakını X14 idarə edir. İşdə olan AZ-İ 819185 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 26 fevral 2017-ci il tarixdə vəfat etmişdir. İşdə olan X-MYU 890590 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 19 mart 2022-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayonu Hil bələdiyyəsi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli 154 saylı arayışdan görünür ki, Qusar rayonu Hil kəndində yerləşən, X5 məxsus fərdi yaşayış evi qızı İddiaçı tərəfindən idarə olunur. Bələdiyyə vergiləri İddiaçı tərəfindən ödənilir. İşdə olan Qusar rayon İHB-nın Hil kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 272 saylı arayışdan görünür ki, mərhum X11 15 mart 1997-ci il tarixdə vəfat etdikdən sonra ona məxsus Qusar rayonu Hil kəndində yerləşən miras əmlakı qızı İddiaçı tərəfindən idarə olunmuşdur. İşdə olan X21, X6, X13 notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, onlar xx.xx.1997-ci ildə ölmüş X4 mirasını qəbul etməmişlər, bunun üçün müəyyən olunmuş müddəti ötürmüşlər, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəmirlər. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli 1177 saylı məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik hüquq münasibətləri Azərbaycan Respubliksının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Belə ki, miras qoyan Nurəddin Babayev 15 mart 1997-ci il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Odur ki, hazırkı işin hallarına həmin vaxt, yəni 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində qeyd olunurdu ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Göründüyü kimi, İddiaçı miras qoyan Tacibulla Rəhimov vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş, həmin mirası idarə etmiş, əmlaklara dair vergiləri bələdiyyəyə ödəmişdir. Miras qoyan Tacibulla Rəhimovun digər vərəsləri, o cümlədən Cavabdeh isə həmin mirasa faktiki olaraq yiyələnməmişlər, o cümlədən notariat orqanına ərizə verməklə onu qəbul etmək barədə iradə ifadəsi bildirməmişlər. Eyni zamanda Cavabdeh istisna olunmaqla digər vərəsələr mirası qəbul etmək istəmədikləri barədə notariat qaydasında təsdiqlənən ərizələr vermişlər. Odur ki, məhkəmə iddiaçının mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi ilə bağlı dəlilləri ilə razılaşaraq onları qəbul edir. Məhkəmə Cavabdeh iddiaya qarşı olan etirazını müzakirə edərək qeyd edir ki, həmin şəxsin etirazının əsası ondan ibarətdir ki, o, mirasın qəbul edilməsindən imtina etməmişdirsə o, mirası qəbul etmiş hesab edilir. Həmin qənaətini o, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Belə ki, həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Bununla bağlı, məhkəmə bir daha qeyd edir ki, hazırkı iş üzrə vərəsəlik hüquq münasibətləri Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına istinad olunması, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının hazırkı mühabisəyə şamil olunması əsaslı deyil. Bundan başqa, Cavabdeh etirazında qeyd etmişdir ki, o, miras qoyan Tacibulla Rıəhimovun yas mərasimlərinin təşkil olunmasında iştirak etdiyindən o, da mirasa yiyələnmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Lakin, Cavabdeh öz etirazında da qeyd etmişdir ki, İddiaçı mirasdan istifadə etməklə ondan faydalanmış, o, özü isə mirasdan imtina etməməsinə baxmayaraq ondan faydalanmamışdır. Bu, isə onu təsdiq edir ki, Cavabdeh miras qoyan Tacibulla Rəhimovun mirasını onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etməmiş, ona hər hansı şəkildə sahiblik etməmiş, idarə olunmasında iştirak etməmişdir. Onun miras qoyanın yas mərasimlərində iştirak etməsi isə mirasın faktiki olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə Cavabdeh qeyd olunan mirasa dair özünün vərəsəlik hüququnu itirmişdir. Odur ki, məhkəmə cavabdehin bu barədə dəlilləri ilə razılaşmayaraq onları qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X1 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
İddia təmin edilsin. X1 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.14 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
HAKİM: ANAR QASİMOV