Məhkəmə qərarları › İş №2(029)-301/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-301/2022

30.03.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-301/2022 30.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı notariat hərəkətinin aparılması tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Qusar rayon Notariat Ofisinə və Maraqlı şəxs2 qarşı notariat hərəkətinin aparılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair onunla qızı X4 arasında bağlanan bağışlama müqaviləsinin təsdiq edilməsinin Qusar rayon Notariat Ofisinə tapşırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0777 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Onun həmin evə və torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 10.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. O, özünə məxsus həmin evi qızı X3 bağışlamaq istəyir. Bu məqsədlə Qusar rayon Notariat Ofisinə müraciət edərək onunla X2 arasında bağışlama müqaviləsinin bağlanmasını və notariat qaydasında təsdiq olunmasını xahiş etmiş, lakin, həmin evdə qeydiyyatda olan Maraqlı şəxs2 bu barədə razılıq vermədiyinə görə həmin notariat kontorunun notariusu bundan imtina edərək bunun mümkün olmadığını bildirmişdir. Daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evinin mülkiyyətçisinin özünün mülkiyyətində olan daşınmaz əmlakı digər şəxsə bağışlamaq barədə sərəncam vermək hüququnu həyata keçirməsi üçün Mülki Məcəllədə heç bir məhdudiyyət və ya xüsusi qayda nəzərdə tutulmamışdır. Bundan başqa, fərdi yaşayış evində qeydiyyatda olan şəxsin həmin evin bagışlanmasına razılıq verməməsi səbəbindən mülkiyyətçinin sərəncam hüququnun məhdudlaşdırılması Mülki Məcəllədə nəzərdə tutulmuş mülkiyyət hüququnun məhdudlaşdırılması əsaslarına aid deyildir. Belə olan halda, ona məxsus evdə qeydiyyatda olan şəxsin notariat ofisinə gedərək həmin əmlaka dair bağışlama müqaviləsinin bağlanmasına razılıq verməməsi onun həmin əmlaka dair sərəncam hüququnun həyata keçirilməsinə maneçilik törədə bilməz, əksinə bu, onun mülkiyyət hüququnun əsassız olaraq pozulması deməkdir. Odur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Maraqlı şəxs2 həmin evin onun öz qızına bağışlamağına razılıq verməməsi səbəbindən Qusar rayon Notariat Ofisinin bu barədə müvafiq notariat hərəkətlərinin aparılmasından imtina olunmasını onun sərəncam hüququnun əsassız məhdudlaşdırılması hesab edir. Ona görə də, hesab edir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0777 ha torpaq sahəsinə dair onunla qızı X4 arasında bağlanan bağışlama müqaviləsinin təsdiq edilməsi Qusar rayon Notariat Ofisinə həvalə edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edərək göstərmişdiur ki, yaşı və səhhəti ilə əlaqədar olaraq məhkəməyə gəlməkdə çətinlik çəkir, ərizə üzrə tələbini müdafiə edir, iş üzrə sübutlarını məhkəməyə təqdim etmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə 12 fevral 2022-ci il tarixli X-220 saylı və 30 mart 2022-ci il tarixli X-457 saylı ərizələr göndərərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında 167 saylı Təlimatın 49-cu hissəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində Ərizəçi oğlu Maraqlı şəxs2 qeydiyyatdadır. Həmçinin, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 9-cu bəndinə əsasən Maraqlı şəxs2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüququnun itirilməsinə və qeydiyyatdan çıxmasına dair hər hansı bir əsas mövcud deyildir. Bu səbəbdən Ərizəçi tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin X3 bağışlanması ilə bağlı müqavilənin təsdiq edilməsinin Qusar rayon notariat ofisinə tapşırılması barədə iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 10.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.0777 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 113.4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi adına qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” X1 18.12.2020-ci il və 12.02.2022-ci il tarixli Çıxarışdan görünür ki, Maraqlı şəxs2 ünvan 3 ünvanda yerləşən evdə qeydiyyatdadır. İşdə olan Qusar rayon Notariat Ofisinin 12 yanvar 2022-ci il tarixli X-43 saylı məktubundan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair əmlakın özgəninkiləşdirilməsi (bağışlanması) barəsində müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin evdə qeydiyyatda olan ailə üzvü Maraqlı şəxs2 notariat ofisinə müraciət edərək həmin əmlakın özgəninkiləşdirilməsinə dair razılığını bildirmədiyi üçün notariat hərəkətinin aparılması mümkün deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0777 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Ərizəçi məxsusdur. Həmin şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 10.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Ərizəçi həmin evi X3 bağışlamaq istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək bağışlama müqaviləsinin bağlanmasını və notariat qaydasında təsdiq olunmasını xahiş etmiş, lakin, həmin evdə qeydiyyatda olan Maraqlı şəxs2 həmin notariat ofisinə müraciət edərək bu barədə razılığını bildirmədiyinə görə həmin notariat ofisinin notariusu bundan imtina edərək bunun mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evinin mülkiyyətçisinin özünün mülkiyyətində olan əmlakı digər şəxsə bağışlamaq barədə sərəncam vermək hüququnu həyata keçirməsi üçün Mülki Məcəllədə heç bir məhdudiyyət və ya xüsusi qayda nəzərdə tutulmamışdır. Bundan başqa, fərdi yaşayış evində qeydiyyatda olan şəxsin həmin evin bagışlanmasına razılıq verməməsi səbəbindən mülkiyyətçinin sərəncam hüququnun məhdudlaşdırılması Mülki Məcəllədə nəzərdə tutulmuş mülkiyyət hüququnun məhdudlaşdırılması əsaslarına aid deyildir. Bundan başqa, yuxarıda göstərilən fərdi yaşayış evinin mülkiyyətçisi Ərizəçi özünün mülkiyyətində olan əmlakı digər şəxsə bağışlaması heç də həmin evdə qeydiyyatda olan və evə istifadə hüququ olan Maraqlı şəxs2 istifadə hüququnun pozulmasına, məhdudlaşdırılmasına və ya xitam verilməsinə səbəb olmur. Belə olan halda, Maraqlı şəxs2 notariat kontoruna gedərək həmin evə dair bağışlama müqaviləsinin bağlanmasına razılıq verməməsi mülkiyyətçi şəxsin sərəncam hüququnun həyata keçirilməsinə maneçilik törədə bilməz, əksinə bu, mülkiyyətçi şəxsin mülkiyyət (sərəncam) hüququnun əsassız olaraq pozulmasına səbəb ola bilər. Odur ki, məhkəmə mübahisəli ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Maraqlı şəxs2 notariat ofisinə müraciət edərək həmin evin digər şəxsə bağışlamasına razılıq verməsini bildirməməsi səbəbindən Qusar rayon Notariat Ofisinin bu barədə müvafiq notariat hərəkətlərinin aparılmasından imtina olunmasını həmin şəxsin sərəncam hüquqularının əsassız məhdudlaşdırılması hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 saylı qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 8-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.” Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, təmin olunmalı, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyətçi Ərizəçi ilə X4 arasında bağlanan bağışlama müqaviləsinin təsdiq edilməsi həmin notariat kontoruna tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyətçi Ərizəçi ilə X4 arasında bağlanan bağışlama müqaviləsinin təsdiq edilməsi Qusar rayon Notariat Ofisinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar