Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-337/2023 22.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 (beş min) manat kompensasiya ödənilməklə cavabdehlər X1 Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı onunla əsaslandırılmışdır ki, cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və yaşayış evinə köçürülmələri barədə iddia tələbi Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli. 2(029)-420/2022 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) təmin edilib. X3, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və onların həmin fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2( 105)-1804/2022 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(029)-420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1804/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. Yuxarıda qeyd olunan qətnamələr qəbul edilən zaman İddiaçı mərhum atasından miras qalmış mübahisə predmeti olan yaşayış evinə daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş mülkiyyət hüququ mövcud olmadığından kompensasiya ödənilməklə cavabdehlərin evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququn elementləri tam mövcud olmamışdır. Hazırda DƏDK və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli 05.01,2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət etmiş, iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiqləyərək izahatında göstərmişdir ki, hazırki iş üzrə bundan əvvəl olan məhkəmə mübahisələrində cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınıb və onların həmin evə köçürülmələri qət olunub. Ev 3-4 otaqlıdır, həyət evidir. Hesab edir ki, mübahisəli evin bazar qiyməti 30-35 min manat olar. Həmin mənzilin kirayə haqqı 150-200 manat olar. Üzeyir ilə Sədaqətin nikahları 2000-ci ilin sentyabr ayına kimi olub. İddiaçının atası vəfat etdiyindən, mirası rəsmiləşdirmədiyindən, mülkiyyət hüquqları qeydə alınmadığından, mülkiyyətçi status olmadığından hazırki iddia tələbi sürmək hüququ olmayıb. Hazırda iddiaçının həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları qeydə alınıb və bu barədə çıxarış verilib. Qanunvericiliyin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. X3 ilə İddiaçı arasında olan ailə münasibətləri pozulub, birgə yaşadıqları müddətdə uşaqları olsa da hazırda ər arvad münasibətlərində deyildir. Üzəyir ailə qurub həmin evdə rəsmi nikahda olduğu digər qadınla yaşayır. Bugünkü gündə qanundan istifadə edərək mülkiyyətçi kimi cavabdehlərə kompensasiya ödənilməklə onların həmin evdən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdehlər uzun müddətdir ki, mübahisəli evdə yaşamırlar, onların yaşamağa yəqin ki, yaşayış sahələri mövcuddur, lakin evin olması barədə reyestr məlumatları onlarda məlumat yoxdur. Kompensasiya məbləğini hesab edir ki, konstitusiya məhkəməsinin məlum qərarında, eyni zamanda ali məhkəməsinin plenum qərarında da göstərilir ki, həmin yaşayış evi olan ərazidə mübahisəli evə oxşar şəraitdə müəyyən müddətə yaşamaq imkanı verir, həmin ərazidə kirayə ev tutmaqla müəyyən müddətə yaşamaq imkanı verir. Həmin müddət də ən aşağı 36 aya kimi nəzərdə tutulur. Bundan başqa cavabdehin övladları yetkinlik yaşına çatıblar, tam fəaliyyət qabiliyyətli vətəndaşlardır, biri hərbi xidmətdədir, müstəqil işləyib qazanc əldə edə bilərlər. Ona görə də qeyd olunan kompensasiya onların hər hansı başqa yerdən mənzil əldə edənədək başqa yerdə yaşamasının təmin edilməsi üçün kifaət edər, ədalətli bir məbləğdir, xeyli müddəti əhatə edə bilər. Bundan başqa iş üzrə kompensasiya məbləğini artıraraq 7500 (yeddi min beş yüz) manat məbləğində ödənilməsini təklif etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə iclasında cavabdeh X3 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Üzeyir 2005-ci ildə atası və anasını atıb gedib, o, uşaqlarla həmin evdə qalmış, qayınanasına və qayınatasına o baxmış, onlara qulluq göstərmişdir. 2018-ci ildə qayınanası rəhmətə gedib. Bundan sonra uşaqlar texnikuma daxil olmuş, buna görə də o, uşaqların dərslərinə görə uşaqları ilə birlikdə Bakı şəhərinə getmiş, tez-tez həmin evə gəlib getmişdir. 2020-ci ili dekabr ayından Üzeyir onu mübahisəli evə buraxmamış, gedəndə onu döymüş, onun bütün əmlakı orda tökülüb qalıb, gedib baxa bilmir. Uşaqları da evə gedib gəlib. Üzeyir 2-3 il olar ki, başqa qadınla nikahı bağlayıb. O, uşaqları ilə Bakı şəhərində bir otaqlı evdə zülüm içində yaşayır, uşaqların atası heç bir köməklik göstərmir, aliment də vermir. Birinci nikahından olan əri 1993-cü rəhmətə getmişdir. Həmin birinci nikahından bir oğlu var. 2000-ci il Üzeyir ilə ailə həyatı qurmuş, Üzeyir ilə bir yerdə yaşamış və iki uşaqları olmuşdur. Birinci nikahdan olan bir oğlu hazırda öz babasının evində yaşayır və o ailəlidir. Üzeyir ilə evlənəndən sonra birinci oğlu ilə əlaqəni kəsmişdir. Mübahisəli evin iki otağı yuxarıda iki otağı aşağıda və böyük zalı da var, həmçinin bağı da var. Hazırda evin ikinci mərtəbəsində Üzəyir və onun təzə evləndiyi qadın qalır. O, uşaqları ilə Bakı şəhərində kirayədə qalır, ayda kirayə haqqı 250 manat verir, kirayə müqaviləsi yoxdur, uşaqlarla bir otaqda qalır. Mübahisəli evin kirayə haqqı nə qədər olduğunu bilmir. Mübahisəli olan Qusardakı evin şəraiti Bakıda qaldığı evin şəraitindən yaxşıdır. Həmin Qusardakı mübahisəli evin birinci mərtəbəsi qayınatası 120-200 manata kirayə verirdi. Həmin evin qiyməti yüz min manat olar. O, həmin evdə uşaqlarla yaşamaq istəyir. O, heç bir məbləğdən asılı olmayaraq həmin evdən çıxmaq istəmir, çünki həmin ev uşaqların böyüdüyü evdir. İddianın rədd edilməsi xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 anasının yəni iş üzrə cavabdeh X1 dediklərini təsdiq etmiş və bildirmişdir ki, iddiaçı onun dediyi məbləği verməz, indiki dövrdə 50-60 min pul lazımdır ki evə ala bilsin, iddiaçıda da o məbləği verməz. O, mübahisəli evdən çıxmağa razı deyildir. O, həmin evdən payı var. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və Cavabdeh2 oğlıunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.04 ha torpaq saəsində yerləşən ümumi sahəsi 163.4 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-420/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsinin surətindən də görünür ki, X1, Cavabdeh1 və Cavabdeh2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınması və onların həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(105)-1804/2022 saylı 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(029)-420/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hərkəsin mülkiyyət hüququ vardır. Heçkəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.2-ci maddəsində göstərilir ki, Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.3-cü maddəsində göstərilir ki, İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcələnin 152.4-cü maddəsində göstərilir ki, Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcələnin 152.5-ci maddəsində göstərilir ki, Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dizpozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehlərin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. İş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və hazırki iş üzrə cavabdehin həmin mənzilə istifadə hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, ünvan 4 ünvanında, 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 163.4 kv/metr olan fərdi yaşayış evi xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dölət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 2000-ci ildən həmin mənzildə yaşamaqla mənzilə dair istifadə hüquqları vardır. Cavabdeh İsayeva Səadət iddiaçının keçmiş həyat yoldaşı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə uşaqlarıdır. İddiaçı mülkiyyətində olan mənzildə cavabdehlərlə birlikdə yaşamasının mümkünsüz olduğunu, bu səbəbdən də həmin mənzildə yaşamadığını bildirmişdir. Odur ki, hazırda iddiaçının mənzilə dair mülkiyyət hüququ ilə cavabdehlərin istifadə hüquqları toqquşur və iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və iddianın hüquqi əsası ilə işin faktiki halları uzlaşmaqdadır. Cavabdehlər Səadət İsayeva və Cavabdeh1 iddiaçının iddia tələbinə qarşı etiraz etmişdir. Bundan başqa məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmənin təklifi ilə kompensasiyanın məbləğini qaldıraraq 7500 manat məbləğində təklif etmişdir. Məhkəmə İddiaçı özünə məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin istifadə hüquqlarına 7500 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. Belə ki, qeyd olunan mənzil köhnə tikili olmaqla yaşayış sahəsi 163.4 kv.metr təşkil edir və Qusar şəhərində həmin ölçüdə və şəraitdə olan mənzillərin kirayə haqları yüksək deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, cavabdehin etirazı iddiaçının iddia tələbinin əsaslı olmasını şübhə altına alacaq dərəcədə deyil və ona görə də, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdehlər X2 Cavabdeh2 və Cavabdeh1 7500 (yeddi min beş yüz) manat kompensasiya verilməsi yolu ilə həmin şəxslərin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 Cavabdeh2 və Cavabdeh1 7500 (yeddi min beş yüz) manat kompensasiya verilməsi yolu ilə həmin şəxslərin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-337/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-337/2023
22.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver