Məhkəmə qərarları › İş №2(029)-338/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-338/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-338/2022 14.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış 432 mant borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X1 X3 İdarəsi tərəfindən tərtib olunmuş 30 noyabr 2021-ci il tarixli tələbnaməyə əsasən ona əsassız hesablanmış 432 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. O, fərdi istehlakçı kimi cavabdeh “AZƏRİQAZ” X1 X2 İdarəsinin X4 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. 12 noyabr 2021-ci il tarixdə X4 Sahəsinin əməkdaşları Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən onun yaşayış evinə gələrək onun evinə aid, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacına baxış keçirmiş, qaz sayğacına guya onun tərəfindən müdaxilə edildiyi barədə eyni tarixli, yəni 12 noyabr 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, “qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili divarlarında əzik-cızıq izləri aşkar olunmuşdur”. Həmin akta əsasən “AZƏRİQAZ” X1 X2 İdarəsi tərəfindən dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnaməyə əsasən onun adına guya qazdan qanunsuz istifadə etməyinə görə 432 manat borc hesablanmışdır. Aşağıda göstərilən hallara görə “AZƏRİQAZ” X1 X2 İdarəsi tərəfindən ona əsassız hesablanmış borc silinməldiir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarına əsasən təsdiq olunmuş təbii qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə əsasən “qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir”. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən “sayğacların üzərindəki plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtük ilə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacı qaz paylayıcısı hesabına) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır”. Lakin, onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə, həm də örtüksüz quraşdırılmışdır. Əvvəla onun evinə quraşdırılmış qaz sayğacına X4 Sahəsinin əməkdaşları baxış keçirərkən sayğacın üzərində heç bir müdaxilə əlaməti aşkar edilməmişdir. Sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili divarlarında əzik-cızıq izlərinin aşkar olması barədə X4 Sahəsinin əməkdaşlarının tərtib etdikləri 12 noyabr 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdakı qeydlər ağ yalandır, həmin vaxt qaz sayğacında heç bir əzikcızıq izləri aşkar olmamış, X4 Sahəsinin əməkdaşları tərəfindən sayğaca olan hər hansı xəsarət barədə ona heç bir irad bildirilməmişdir. Hətta sayğaca kim tərəfindənsə müdaxilə edilsə belə bunun məsuliyyəti onun üzərinə qoyula bilməz. Çünki həyətindən kənarda, küçədə quraşdırılmış qaz sayğacının üzərinin kənar müdaxilələrdən qoruyacaq müvafiq tələblərə cavab verən örtüklə təchiz edilməsi X4 Sahəsinin əməkdaşları tərəfindən təmin edilmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən həmin müdaxilələrə görə o- istehlakçı deyil, X4 Sahəsinin özü cavabdehlik daşıyır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa bildirir ki, o, işləri ilə əlaqədar 14 aprel 2022-ci il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 12 noyabr 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı məxsus Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən evdə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili divarlarında əzik-cızıq izləri aşkar olunması qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 12 noyabr 2021ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 4320 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən abonentin saldosundan görünür ki, 2021-ci il üzrə istehlakçıya-yəni İddiaçı 432 manat borc hesablanmışdır. İşdə olan MSK-29/1710-04599-1 saylı 12 noyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin 10 noyabr 2021-ci il tarixli məktubuna əsasən 11 noyabr 2021-ci il tarixdə Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış əhalinin diafraqma tipli qaz sayğaclarına 11 noyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və 10249957 saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili divarlarında əzik-cızıq izləri aşkar olunduğu qeyd edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi «Azəriqaz» X1 X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar rayonu Yuxarı Zeyxur kəndidə yerləşən evi üçün quraşdırılmış 10249957 saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilib daxili qulaqcıqlarda əzik-cızıq izlərinin aşkar olması müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilib daxili qulaqcıqlarda əzik-cızıq izlərinin aşkar edilməsi, İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilib daxili qulaqcıqlarda əzik-cızıq izlərinin aşkar edilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Azəriqaz» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Xaçmaz X3 İdarəsi tərəfindən “dəymiş ziyanın bərpasına dair” 30 noyabr 2021-ci il tarixli tələbnamə əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İB-nin Xaçmaz X3 İdarəsinin 30 noyabr 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnaməsi əsasında İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar