Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-339/2021 20.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” ASC-nə qarşı 06.08.2020-ci il tarixli 191175 saylı Protokolun etibarsız hesab edilməsi və hesablanmış 229,19 manat miqdarında borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin 06.08.2020-ci il tarixli 191175 saylı Protokolunun etibarsız hesab edilməsi və hesablanmış 229,19 manat miqdarında borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 24.08.2020-ci il tarixdə ona cavabdeh “xxxx” ASC-nin Qusar rayonu üzrə təchizatçısı olan X3 (Qusar EŞ) 24 avqust 2020-ci il tarixli **********00 nömrəli xəbərdarlığı verilmiş və xəbərdarlıqda cavabdeh “xxxx” ASC-nə 229,19 manat borcu olduğu və borcun 3 gün müddətində onun tərəfindən ödənilməli olduğu göstərilmişdir. Qusar EŞ-də borcunun nəyə əsasən yarandığını öyrənmək və ona həmin borcun yazılmasına əsas olmuş sənədlərin surətlərini almaq istəmiş, həmin sənədlər ona verilməmiş və borcun, evinə quraşdırılmış elektrik sayğacının dövrədən keçən yükü qeyd etməməsi nəticəsində yarandığı izah edilmişdir. Ona borcun hesablanmasını əsassız hesab edərək onun silinməsi üçün cavabdeh “xxxx” ASC-nin sədrinə 28.08.2020-ci il tarixdə şikayətlə müraciət etmiş, şikayəti təmin edilməmiş və şikayətinə verilmiş 15.09.2020-ci il tarixli 0199/M-606/3077 nömrəli cavabda göstərilmişdir ki, 09.07.2020-ci il tarixdə cavabdehin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən NDM 019265 saylı akt tərtib edilmiş, elektrik sayğacının dövrədən keçən yükü qeyd etməməsi səbəbi ilə 2419 kvts (237,19 manat dəyərində) əlavə sərfiyyat hesablanmışdır. Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 06.08.2020-ci il tarixli 191175 saylı protokolu və abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi EEİQ-na uyğundur. Hesab edir ki, cavabdeh tərəfindən sayğacın dövrədən keçən yükü qeyd etməməsi səbəbindən ona borcun yazılması əsassızdır. Evinə gələn elektrik xəttinə quraşdırılmış sayğac küçədə quraşdırılmışdır və sayğacın saz vəziyyətdə olmasına cavabdehlik elektrik enerjitəchizatçısı (cavabdehin yerli enerji təchizatı təşkilatları) həyata keçirməlidir. Elektrik sayğacına onun tərəfindən hər hansı müdaxilə edilməmiş və onun nasaz işləməsinə görə o, məsuliyyət daşımır. Elektrik sayğacına baxış keçirilməsinə dair NDM 019265 saylı Aktın tərtib edilməsindən xəbəri yoxdur, akt onun iştirakı olmadan tərtib edilmişdir. Nə həmin aktın, nə də Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsinin 06.08.2020-ci il tarixli 191175 saylı protokolunun surətləri, Qusar EŞ-dən tələb etməyinə baxmayaraq ona verilməmişdir. Onun tərəfindən hər ay orta hesabla 20 manata yaxın dəyərdə elektrik enerjisindən istifadə edilmiş və onun tərəfindən həmin məbləğ ödənilmiş, cavabdehə borcu yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, iddiaçının oğludur, onlar birlikdə Qusar rayonu Quxuroba kəndində yaşayırlar. Onların evlərinə quraşdırılmış elektrik sayğacı yanmış, “xxxx” ASC-nin əməkdaşları gəlib sayğaca baxmışlar, həmin vaxt sayğaca müdaxilə olub-olmamasını soruşmuşlar, həmin şəxslər heç bir problemin olmadığını bildirmişlər. Həmin vaxtdan 10 gün keçdikdən sonra gəlib sayğacı dəyişmişlər. Təxminən ay yarım onların evinə elektrik enerjisi gəlsə də, sayğac işləməmişdir. Lakin, sayğacın işləməməsində onların təqsiri olmamışdır. Həmin vaxt yay ayları olmuş və onlar sayğac işləmədiyi dövrdə ən çoxu 40-50 manatlıq elektrik enerjisi istifadə edə bilərdilər. Adətən istifadə etdikləri elektrik enerjisinə görə 2 aylıq ödəmələr edirlər. Əvvəllər həy ay təxminən 20 manat pul ödəmişlər. Ona görə də, 40-50 manat ödəyə bilər. Hesab edir ki, onlara hesablanmış 229,19 manat borc çoxdur. Namiq Mikayılov qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 15.09.2020-ci il tarixli 0199/M-606/3077 saylı məktubdan görünür ki, **********000181 saylı kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 09.07.2020-ci il tarixdə Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən NDM 019265 saylı akt tərtib edilmiş və elektrik sayğacının dövrədən keçən yükü qeyd etməməsi səbəbilə 2419 kvts (237,29 manat) dəyərində əlavə sərfiyyat hesablanılmışdır. Sayğac quraşdırma və Uçota nəzarət idarəsinin 06.08.2020-ci il tarixli 191175 saylı protokolu və abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi EEİQ-na uyğundur. İşdə olan Zahuddin Mikayılova ünvanlanmış **********00181 nsaylı xəbərdarlıqdan görünür ki, həmin şəxsin 24 avqust 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 229,19 manat borcu yaranmışdır. Odur ki, həmin borcun ödənilməsi tələb olunmuşdur. İşdə olan 609999073, 630129891, ********* və ********* saylı mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən elektrik enerjisindən istifadəyə görə 25.01.2020-ci il tarixdə 30 manat, 30.03.2020-ci il tarixdə 30 manat, 29.05.2020-ci il tarixdə 40 manat və 29.08.2020-ci il tarixdə 50 manat məbləğində pul ödənilmişdir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. Həmin Qanunun 8-ci maddəsinin 3-cü hissəsinə əsasən hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar: paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir); müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.3-cü bəndinə əsasən hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri "Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Həmin Qaydaların 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Göründüyü kimi Cavabdeh ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən İddiaçı Qusar rayonu Quxuroba kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən həmin sayğacın dövrədən keçən yükü qeyd etməməsi və bunun nəticəsində qeyd olunmayan əlavə elektrik enerjisinin sərf olunması faktı aşkar olunsa da və bu barədə müvafiq akt, həmçinin protokol tərtib olunsa da, iddiaçıya hesablanmış əlavə sərfiyyat üzrə borc tam əsaslı olmamış, iddiaçının mütəmadi olaraq istifadə etdiyi elektrik enerjisinin həcminə uyğun olmamışdır. Belə ki, iddiaçının elektrik enerjisindən istifadəyə görə təxminən 2 ay üçün ödədiyi məbləğ təxminən 40-50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, məhkəmə iddiaçının cavabdeh təşkilat tərəfindən ona hesablanmış borcun əsassızlığı ilə bağlı iddia tələbinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh ASC-nin tərtib etdiyi 09.07.2020-ci il tarixli NDM 019265 saylı akt və 06.08.2020-ci il tarixli 191175 saylı protokol əsasında hesablanmış 229,19 manat miqdarında borcun 179,19 manat hissəsi silinməlidir. İddiaçının digər tələbinin əsası kimi istinad olunmuş hallar-yəni borcun hesablanmasına əsas olmuş yuxarıda göstərilən məlum protokolun etibarsızlığı iddiaçın tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” ASC tərəfindən tərtib edilmiş 06.08.2020-ci il tarixli 191175 saylı Protokol əsasında İddiaçı hesablanmış 229,19 manat miqdarında borcun 179,19 manat hissəsi silinsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-339/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-339/2021
20.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver