Məhkəmə qərarları › İş №2(029)-387/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-387/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-387/2021 05.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “Maraqlı şəxs2”nun, “Ərizəçi3 Balaqalaş qızı”nın, “Maraqlı şəxs1”nın, “X6”nun “X16”nın adlarına verilmiş JN:0358 kod 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və “Maraqlı şəxs2”nun, “X14”nın, adlarına verilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara yəni “Maraqlı şəxs2”na, “Ərizəçi3”na, “Maraqlı şəxs1”na, “Ərizəçi1”, “Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 və 02 may 2000-ci il tarixli 6- 9 saylı qərarlarına əsasən Maraqlı şəxs1, Maraqlı şəxs2, Ərizəçi2, Ərizəçi3, Ərizəçi1 Qusar rayonu Gedəzeyxur kəndi ərazisindən 2,06 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş pay torpaq sahəsi və 0,10 ha fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0358 kod 30107018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN:061F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsdiq olunmuşdur. Həmin dövlət aktında Ərizəçi1 soyadı səhvən “Muradxanova”, Ərizəçi3 atasının adı səhvən “Balaqalaş”, Ərizəçi2 soyadı, adı və atasının adı səhvən “X20” qızı, həmçinin torpağın mülkiyyətə verilməsinə dair X1 soyadı səhvən “Muradova” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən bütün sənədlərdə Ərizəçi1 soyadı “Muradxanov”, Ərizəçi3 atasının adı “Balaqadaş”, ərizəçi X3, adı və atasının adı “Ərizəçi2” kimi qeyd edilmişdir. Əslində həmin dövlət aktında və şəhadətnamədə də ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda onlar həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, məlum dövlət aktında və şəhadətnamədə həmin səhvlər olduğuna görə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara lazım olan sənədləri verməkdən imtina etmişdir. Buna görə də, hesab edirlər ki, X21 və şəhadətnamənin onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi1 ərizə üzrə tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və izahatında göstərmişdir ki, ərizədə göstərdikləri torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun soyadı səhvən “Muradxanova” yazılmışdır. Həmin dövlət aktını Aqrar İslahat Komissiyasının qərarı əsasında 2002-ci ildə əldə etmişlər. Vaxtları olmadığına görə indiyədək həmin səhvi düzəldə bilməmişlər. Aqrar İslahat Komissiyasının qərarını isə mübahisələndirməmişlər, orada olan səhvi düzəltdirməmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizə üzrə tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və izahatında göstərmişdir ki, ərizədə göstərdikləri torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun ata adı səhvən “Balaqalaş qızı” yazılmışdır. Vaxtları olmadığına görə indiyədək həmin səhvi düzəldə bilməmişlər. Aqrar İslahat Komissiyasının qərarını isə mübahisələndirməmişlər, orada olan səhvi düzəltdirməmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizə üzrə tələbi müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermiş və izahatında göstərmişdir ki, ərizədə göstərdikləri torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun soyadı səhvən “Muradova” yazılmışdır. Əslində isə “Muradxanova” olmalıdır. Aqrar İslahat Komissiyasının qərarını isə mübahisələndirməmişlər, orada olan səhvi düzəltdirməmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərmişdir ki, ərizədə göstərilən Dövlət Aktı əsasında çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunarkən orada ad və soyadlarda səhvlərin olduğu məlum olmuş və bu səbəbdən də, çıxarışın verilməsi mümkün olmamışdır. X21 verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirməmişlər, orada olan səhvləri düzəltdirməmişlər. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, Maraqlı şəxs1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmiş, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsi isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçilərin və maraqlı şəxsin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan KOD 30107018 JN:0358 saylı 17 avqust 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 2.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı ilə Maraqlı şəxs2, Ərizəçi3 Balaqalaş qızının, Maraqlı şəxs1, X5 və X13 xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin aktda X13 adında düzəliş edilmişdir. İşdə olan KOD 30107018 JN:061F saylı 17 avqust 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 nömrəli qərarı ilə Maraqlı şəxs2 və X12 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxxx 1994-cü il tarixdə Qusar rayonunda anadan olmuş Ərizəçi1 məxsusdur. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxx 1970-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi3 məxsusdur. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx xxxxxx 1980-cı il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, hal-hazırda həmin kənddə qeydiyyatda olan Ərizəçi2 məxsusdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 09.09.2020-ci il tarixli **********32 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN-0358 KOD 30107018 saylı Dövlət Aktında və JN-061F KOD 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs2 tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 2.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı ilə Maraqlı şəxs2, Ərizəçi3 Balaqalaş qızının, Maraqlı şəxs1, X5 və X13 xüsusi mülkiyyətlərinə verilmişdir. Bundan başqa, 0.10 ha həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 nömrəli qərarı ilə X4 və X12 xüsusi mülkiyyətlərinə verilmişdir. X21 və Şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Aqrar islahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı və 02 may 2000-ci il tarixli 6/9 saylı qərarlarında ərizəçilərin soyadlarının, adlarının və ya ata adlarının səhv göstərilməsi isə ərizəçilər tərəfindən həmin vaxtdan indiyədək mübahisələndirilməmiş, həmin qərarlar dəyişdirilməmiş, hazırda qüvvədədir. Həmçinin, həmin qərarlar əsasında verilmiş Dövlət aktı və Şəhadətnamə də hazıradək iddia icraatı qaydasında mübahisələndirilməmiş, hazırda qüvvədədirlər. Ərizəçilərin istinad etdikləri hallarla bağlı-yəni torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1 sayadının səhvən “Muradxanova”, Ərizəçi3 atasının adının səhvən “Balaqalaş”, Ərizəçi2 soyadı, adı və atasının adının səhvən “X20” qızı, həmçinin torpağın mülkiyyətə verilməsinə dair X1 soyadının səhvən “Muradova” kimi qeyd edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Dövlət Aktında “X16” qrafasında düzəliş edilmişdir. Bundan başqa, məlum Dövlət Aktının və Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarlarında hər hansı dəyişiklik olunmadan, Dövlət Aktında və Şəhadətnamədə ərizəçilərin soyadlarının, adlarının və ya ata adlarının səhv yazılmasını, həmin şəxslərin əslində məhz ərizəçilər olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar islahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 nömrəli qərarı ilə yalnız X4 və X12 xüsusi mülkiyyətlərinə verildiyi halda, ərizədə həmin qərar əsasında verilmiş yuxarıda göstərilən məlum Şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi3, Maraqlı şəxs1, Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi tələb olunmuşdur. Lakin, həmin tələbin əsası kimi istinad olunmuş hallar əsaslandırılmamış və bu barədə də, məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, KOD 30107018 JN:0358 saylı 17 avqust 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və KOD 30107018 JN:061F saylı 17 avqust 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçilərə məxsus olması faktına dair həmin şəxslər tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçilərin maraqlı şəxs DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və qeyrilərinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçilərin öz tələbinin əsası kimi istinad etdikləri hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi1, Ərizəçi3 və X7 maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizələri rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar