Məhkəmə qərarları › İş №2(029)-442/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-442/2021

27.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-442/2021 27.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın və qərarın etibarsız hesab edilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın və qərarın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Cavabdeh» X1 X2 İdarəsinin 30.09.2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsinə və həmin akta əsasən qəbul olunmuş 30.09.2020-ci il tarixli qərarın ləğv edilməsinə, əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsinə və Kapital Banka ödənilmiş 10 manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh «Cavabdeh» X1 X2 İdarəsi ilə bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. 25 avqust 2020-ci il tarixdə ona məxsus Qusar rayonunun Quxur-Oba kəndində yerləşən fərdi yaşayış evinə gedən qaz xəttinin üzərindəki BK-G4T markalı, ******* zavod nömrəli, 09001 m3 göstəricili, üzərində 02914950 saylı plomb ilə küçədə quraşdırılmış qaz sayğacı Xaçmaz X2 İdarəsinin Qusar rayon üzrə sayğacların qəbulu və istismarı xidmətinin nümayəndələri tərəfindən heç bir tutarlı səbəb və onun razılığı olmadan, başqa bir Natek tipli G-4T markalı, 40072127 zavod nömrəli, 0000,1 m3 göstəricili qaz sayğacı ilə əvəz edilərək, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli 25.08.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktı güya sayğacın krişkasının alt qapağının altında deşici alətlə deşik açılmasına görə tərtib etmişlər. Aktla razı olmadığı üçün imza etməkdən imtina etmişdir. Qusar rayon X3 nümayəndələri onu aldadaraq bildirmişlər ki, sayğacların müddəti bitdiyi üçün növbədənkənar dövlət yoxlamasına göndərilir, ona görə də sayğaclar dəyişdirilməlidir. Ola bilər ki, sayğacda olan qüsur öz-özünə əmələ gəlmişdir. Adı çəkilən idarənin işçiləri bildirmişlər ki, sayğac düz işləmir və sayğacda olan göstəricilər istifadə olunan qazla üst-üstə düşmür. O, nəyə görə düşmədiyini soruşduqda ona sayğacı Bakı şəhərinə ekspertizaya göndərməli olduqlarını və cavab gələndən sonra ona məlumat verəcəklərini bildirmişlər. Qaz idarəsinin nümayəndələri tərəfindən sayğac xətdən açılaraq dövlət yoxlamasına aparıldığı zaman təhlükəsizlik qaydalarına riayət edilməyərək digər dəmir qırıntıları olan xidməti maşına atılmışdır. Bundan sonra onun sayğacını ekspertizaya göndərmişlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” X4 sayğacının yoxlanılması barədə MSK-29/1710-03246-1 saylı akta əsasən 25.09.2020-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında baxış keçirən zaman ona məxsus olan 40072127 zavod nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir. Bu rəyə əsasən Qusar Qaz Xidmət Sahəsinin nümayəndələri güya onun tərəfindən sayğaca müdaxilə edilməsini əsas gətirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.09.2020-ci il tarixli ******* nömrəli aktı tərtib etmişlər. Həmin aktla razı olmadığı üçün imza etməkdən imtina etmişdir. 30 sentyabr 2020-ci il tarixli ******* nömrəli akta əsasən isə ona 216 (iki yüz on altı) manat məbləğində itirilmiş qazın bərpası hesablanmışdır. Qaz sayğacı onun yaşadığı ünvanda küçədə quraşdırılmışdır və Qaz İdarəsinin nümayəndələri tərəfindən sayğac xətdən açılaraq dövlət yoxlamasına aparıldığı zaman təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün zədələnmişdir. Bundan başqa istifadə etdiyi qaza görə hər zaman vaxtlı-vaxtında ödənişlərini etmiş və heç vaxt böyük məbləğdə borcu olmamışdır. Hesab edir ki, tərtib olunmuş 30.09.2020-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş qərar ləğv olunmalıdır. Belə ki, quraşdırılmış sayğac evindən kənardə, küçədə örtüksüz quraşdırılmış, Qaz İdarəsinin nümayəndələri tərəfindən sayğac xətdən açılaraq dövlət yoxlamasına aparıldığı zaman təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün zədələnmişdir. Odur ki, məcbur olub hazırki tələblə məhkəməyə müraciət etmişdir. Onun yaşadığı ünvana quraşdırılmış qaz sayğacı müvafiq örtüklə örtülməmiş və sayğacın quraşdırılması qaydalarına əməl olunmayaraq qəzalı vəziyyətdə quraşdırılmışdır. Bundan da əlavə sayğac yol qırağında quraşdırıldığı üçün yoldan keçən hər hansı şəxs və ya şəxslər tərəfindən də sayğaca zərər vurula biləcəyi ehtimalı olmuşdur. Laboratoriya tərəfindən onun sayğacına verilmiş “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” rəyini qazdan istifadə qaydalarının 4.9-cu bəndində göstərilmiş texniki nasazlıq olaraq qeyd etmək olar. Lakin, Qaz İdarəsi tam əksinə olaraq qüvvədə olan qaydalara zidd hərəkət edərək, sayğaca guya onun müdaxilə etdiyini düşünür, lakin o, sayğaca müdaxilə etməmişdir. Həmin rəyi sayğaca onun tərəfindən müdaxilə edilməsinin sübutu kimi qiymətləndirmək olmaz. Bu, sayğacın qaz idarəsinin işçiləri tərəfindən təlükəsizlik qaydalarına riayət edilmədiyi kimi qiymətləndirilə bilər. Sözügedən sayğac küçədə, yol qırağındadır və o, sayğacın mühafizəçisi deyil, sayğacı yoldan keçənlər də vurub sındıra, üzərindəki plombları dartıb qıra və istənilən hər hansı başqa bir xəsarət yetirə bilərlər. O, hər ayda bildiriş üzrə istifadə etdiyi qazın dəyərini ödəmişdir. Sayğac çıxarılan zaman bütün plomblar yerində olmuşdur və heç bir deşik olmamış, heç bir zədə aşkar olunmamışdır. Yuxarıda qeyd etdiyi kimi, Qaz İdarəsinin nümayəndələri sayğacı açıb aparan zaman daşınma qaydalarına əməl etməyərək, onun qayınanasının gözü qabağında sayğacı qutuya salıb möhürləmədən, digər metal qırıntıları olan öz xidməti maşınlarına necə gəldi ataraq aparmışlar. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və ona əsasən hesablanan cərimə onu və ailəsini çox narahat edir. Hesab edir ki, qəbul olunmuş qərar qanunsuzdur, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək onu cərimə etməməlidirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən halları təsdiq etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə tam təmin edilməlidir. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 avqust 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Qusar rayonu Quxur-oba kəndində yerləşən evinə quraşdırılmış Elster tipli BK-G4T markalı, ******* nömrəli, üzərində 02914950 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Natek tipli C-4T markalı 40072127 nömrəli, üzərində 10610154 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan «Cavabdeh» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 sentyabr 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Qusar rayonu Quxur-oba kəndində yerləşən evdə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə aşağıdakı qeyd aparılmışdır: “Cavabdeh” İB-nin 29/1710-03246-1 saylı (say. 7913606) aktına əsasən sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan «Cavabdeh» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, 30 sentyabr 2020-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan fotoşəkillərdən görünür ki, qaz sayğacı küçədə hasara bərkidilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi «Cavabdeh» X1 X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar rayonu Quxur-oba kəndində yerləşən evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin aşkar olunduğu müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın plastmas borusunun İddiaçı tərəfindən deşilməsi və digər hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin aşkar olunması, məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Cavabdeh» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 sentyabr 2020-ci il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı İddiaçı üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan başqa, həmin aktın əsasında 30.09.2020-ci il tarixdə 2160 kub metr ziyanın hesablanmasına dair tərtib edilmiş qərar da qanunsuz və əsassız olmuş, özlüyündə şübhə doğurur və bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Həmçinin, İddiaçı 216 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin iddiaçının istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış həmin borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan, bununla belə onun tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənildiyindən və hazırkı iddia təmin olunduğundan 10 manat məbləğində pul vəsaiti cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» X1 X2 İdarəsinin Qusar Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 sentyabr 2020-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt etibarsız hesab edilsin, həmin akt əsasında qəbul edilmiş dəymiş ziyanın bərpasına dair 30.09.2020-ci il tarixli qərar ləğv edilsin və əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. “Cavabdeh” İstehsalat Birliyindən dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar