Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-443/2021 27.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanması barədə komissiya qərarının ləğv edilməsinə və həmin qərar əsasında hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Cavabdeh» İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanması barədə komissiya qərarının ləğv edilməsinə və həmin qərar əsasında hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın etibarsız hesab edilməsi, ona əsasən qəbul edilmiş 29.01.2021-ci il tarixli qərarın ləğv edilməsi və əsassız hesablanmış 72.00 (yetmiş iki) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, «Cavabdeh» X1 X2 İdarəsinin X3 Sahəsi tərəfindən müəyyən edilmiş şərtlərə əsasən onun yaşayış evi qazla təmin olunur və o, yaşayış evində təbii qazdan istifadə edir. O, Qusar şəhəri Şarvili küçəsi 337 ünvanda yaşayır və qaz sayğacı onun adınadır. ünvan 1s evə gedən qaz xəttindən açılmış G-4 markalı, ******* zavod nömrəli sayğaca Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında baxış keçirilmiş və baxış zamanı sayğacın çıxış plastmas borusunun deformasiyası nəticəsində oturacaqdan aralandığı müəyyən edilmiş və təbii qaz itkisi yarandığından təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz İdarəsinin nümayəndələri tərəfindən 17 iyul 2020-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmişdir. Sayğacın çıxarılma səbəbi çıxış plastmas borusunun deformasiya nəticəsində oturacaqdan aralanması olmuşdur və təbii qazın itkisi yarandığından itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Zədələnmiş sayğac ona məxsus evdən aralıda kolların içində quraşdırılmışdır. Küçədən keçən maşın sürücüsü orada kolların içində quraşdırılmış sayğacı görə bilmir və hər zaman sayğacı zədələyə bilərlər. Bundan bir müddət sonra onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixli ******* saylı akt tərtib edilmiş və o, bu akta imza etməkdən imtina etmiş, çünki həmin akt heç bir əsas olmadan qanunsuz tərtib edilmişdir. Bu akta əsasən 29.01.2021-ci il tarixdə «Cavabdeh» İstehsalat Birliyi tərəfindən ona 720 kub metr, yəni 72 (yetmiş iki) manat məbləğində itirilmiş qazın bərpası hesablanmışdır. Beləliklə, qazpaylayıcı şəbəkəyə qanunsuz hərəkətlər etməsi hallarına yol verilməmiş, sayğaca hər hansı bir müdaxilə olunmamışdır ki, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və onun tərəfindən hesablanmış məbləğin ödənilməsi tələb olunsun. Hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş akt etibarsız hesab edilməli və əsassız hesablanmış borc silinməlidir. Hal-hazırda X3 Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onun evinə verilən qaz təchizatının dayandırılması ilə hədələyirlər. «Cavabdeh» X1 X2 İdarəsinin X3 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 yanvar 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilməli və ona əsassız hesablanmış 72 manat borc silinməlidir. O, həmin aktı əsassız hesab etdiyi üçün imza etməkdən imtina etmişdir. Belə ki, həmin sayğac onun evindən aralı, küçədə kolların içində örtüksüz quraşdırılmışdır. Həmin sayğac Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən qoyulmuşdur və buna görə, yəni sayğac həyətindən kənarda olduğuna görə o, məsuliyyət daşımır. Hal-hazırda da yenidən quraşdırılmış sayğac yenə həmin yerdə, yəni evindən kənarda kolların içində quraşdırılmış, müvafiq örtük ilə örtülməmişdir. Buna görə də həmin müdaxilələrə görə istehlakçı yox, məhz paylayıcı məsuliyyət daşıyır. Halbuki, qaz idarəsinin nümayəndələri tərəfindən sayğac xətdən açılaraq dövlət yoxlamasına aparıldığı və yerində yeni sayğacın quraşdırılması təmin olunsa da, bu günə kimi sayğacın təhlükəsizlik qaydalarına riayət edilməmişdir. Hesab edir ki, hesablanmış məbləğ və qəbul olunmuş qərar qanunsuzdur və təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt etibarsız hesab edilməli və əsassız hesablanmış borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, 2020-ci ilin təxminən iyun-iyul aylarında onun Qusar şəhəri Şarvili küçəsi 337 ünvanda yerləşən evinin yanına kommunal-təsərrüfat idarəsinə məxsus Kamaz markalı avtomobil gəlmiş və həmin avtomobil orada olan qaz borusunu və onların evi üçün quraşdırılmış qaz sayğacını vurub sındırmışdır. Həmin vaxt o, evdə olmuş, valideynləri, daha sonra özü bayıra çıxmışlar, oraya qaz-istismar idarəsinin əməkdaşları və polis əməkdaşı da gəlmişlər və onlar qaz borusunu və sayğacı onların sındırmadıqlarını bildirmişlər. Kamaz markalı avtomobilin sürücüsü pul verib qaz borusunu düzəltdirmiş və sayğacı dəyişdirmişdir. Sayğac əvvəllər çöldə, havada asılı vəziyyətə olmuş, dəyişdirildikdən sonra isə onu hasara bərkitmişlər. O, qaz sayğacına müdaxilə etməmiş, onu sındırmamışdır. 2021-ci ilin mart ayında isə ona məlum olmuşdur ki, təbii qazdan istifadəyə görə ona əlavə borc yazılmışdır. Hesab edir ki, həmin borc əsassız hesablanmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə tam təmin edilməlidir. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 17 iyul 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Qusar şəhəri Şarvili küçəsi 337 ünvanda yerləşən evinə quraşdırılmış Elster tipli G-4 markalı, 11464692 nömrəli, üzərində 05274919 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Natek tipli AG4TC markalı, 40051293 nömrəli, üzərində 10597235 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan «Cavabdeh» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29 yanvar 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Qusar şəhəri Şarvili küçəsi 337 ünvanda yerləşən evdə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deformasiya nəticəsində oturacaqdan aralandığı qeyd olunmuş, dəymiş ziyanın hesablanması və dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan «Cavabdeh» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş 29.01.2021-ci il tarixli qərarın surətindən görünür ki, 29 yanvar 2021-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 720 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi «Cavabdeh» X1 X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar şəhəri Şarvili küçəsi 337 ünvanda yerləşən evi üçün quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deformasiya nəticəsində oturacaqdan aralanmasının aşkar olunduğu müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın çıxış plastmas borusunun İddiaçı tərəfindən deformasiya olunması və digər hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deformasiya nəticəsində oturacaqdan aralanmasının aşkar olunması, məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Cavabdeh» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı İddiaçı üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt etibarsız hesab edilməlidir. Bundan başqa, həmin aktın əsasında qəbul edilmiş 29.01.2021-ci il tarixdə 720 kub metr ziyanın hesablanmasına dair tərtib edilmiş qərar da qanunsuz və əsassız olmuş, özlüyündə şübhə doğurur və bu səbəbdən də həmin qərar ləğv edilməlidir. Həmçinin, İddiaçı 72 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından suiistifadəyə yol verilməklə, həmçinin iddiaçının istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış həmin borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan, bununla belə onun tərəfindən hazırkı iddianın verilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmçinin hazırkı iddia təmin olunduğundan iddiaçı tərəfindən dövlət rüsumu kini ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Cavabdeh» X1 X2 İdarəsinin X3 Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29.01.2021-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt etibarsız hesab edilsin, həmin akt əsasında qəbul edilmiş dəymiş ziyanın bərpasına dair 29.01.2021-ci il tarixli qərar ləğv edilsin və əsassız hesablanmış 72 (yetmiş iki) manat məbləğində borc silinsin. “Cavabdeh” İstehsalat Birliyindən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-443/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-443/2021
27.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver