Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-488/2022 09.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X1 X3 İdarəsi tərəfindən qanunsuz olaraq tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulmasa haqqında” akt əsasında qəbul edilmiş 30 dekabr 2021-ci il tarixli aktın etibarsız hesab edilməsinə və əsassız hesablanmış 432 (dörd yüz otuz iki) manat pul məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, “Azəriqaz” X1 X3 İdarəsinin Qusar Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı, 30 dekabr 2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulmasa haqqında tərtib edilmiş aktın etibarsız hesab edilməsini tələb etmir, əsassız hesablanmış borcun silinməsini isə tələb edir. Odur ki, “Azəriqaz” İB-nin Xaçmaz regional Qİİ-nin qərarı ilə hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, 08 iyun 2021-ci il tarixdə Xaçmaz RQİİ-nin Qusar qaz xidmət sahəsinin əməkdaşları Qusar rayonu Çiləgir kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə gələrək yaşadığı ünvanda quraşdırılmış qaz sayğacını çıxarmış və yenisi ilə əvəz etmiş və bu barədə müvafiq akt tərtib etmişlər. Həmin vaxt sayğacda hər hansı başqa xəta barədə ona heç bir məlumat verilməmiş, belə bir xəta barədə heç bir sənəd tərtib edilməmişdir. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə uyğun istifadə edilən qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan bir müddət sonra qaz idarəsinin işçiləri ona bildirmişlər ki, həmin çıxarılan sayğac laboratoriyaya göndərilmiş və guya həmin sayğacda nöqsan aşkar edilmiş, yəni sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. Sonradan Qusar XS-nin əməkdaşları evinə gələrək ona qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasa haqqında” 30 dekabr 2021-ci il tarixli ******* saylı akt tərtib olunmuş və həmin akta əsasən istifadəsində olan qaz cihazlarının sayına görə itirilmiş qazın həcmi 4320 kub metr müəyyən edilmiş, yaxud 432 (dörd yüz otuz iki) manat məbləğində dəymiş ziyan hesablanmışdır. O, hesablanmış 432 (dörd yüz otuz iki) manat borcla qəti razı deyildir. Bundan başqa, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Hesab edir ki, “Azəriqaz” X1 X3 İdarəsinin Qusar Qaz İstismarı Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış 432 manat borc silinməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, iş üzrə məhkəmə baxışı iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddiaya əlavə ərizənin təmin edilməsini və borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 08 iyun 2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı Qusar rayonu Çiləgir kəndində olan evinə quraşdırılmış Elster tipli G-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılmış və əvəzində Elster tipli G-4 markalı ******* nömrəli, üzərində 11679452 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30 dekabr 2021ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 4320 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan 30 noyabr 2021-ci il tarixli MSK-29/1710-04859-1 saylı aktdan görünür ki, zavod nömrəsi ******* olan sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkarlanmışdır. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 dekabr 2021-ci il tarixli ******* saylı aktdan görünür ki İddiaçı məxsus Qusar rayonu Çiləgir kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan Qusar rayonu, Çiləgir kəndində yerləşən abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 432 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi «Azəriqaz» X1 X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar rayonu, Çiləgir kəndində yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı a oğlu evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Azəriqaz» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtb olunmuş 30 dekabr 2021-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsini tələb etmədiyini göstərərək yalnız “Azəriqaz” İB-nin Xaçmaz X3 İdarəsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əlavədə göstərilən tələb üzrə “Xaçmaz X3 İdarəsinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli ******* saylı aktı əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azəriqaz” İB-nin Xaçmaz X3 İdarəsinin 30 dekabr 2021-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli ******* saylı aktı əsasında İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-488/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-488/2022
09.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver