Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-49/2023 30.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh, X6 və X3 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiası, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair əlavə iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi cavabdehlərCavabdeh, X6 və X3 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndinin ərazisində yerləşən, Cavabdehna məxsus fərdi yaşayış evinin və hasarın onun öz hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, “Qaz İxrac” İdarəsi məhkəməyə iddia ərizəsinə əlavə verərək “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu Bədirqala kəndinin ərazisində yerləşən, Cavabdehna məxsus fərdi yaşayış evinin və hasarın onun öz hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Qaz İxrac” İdarəsi iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Qusar rayonu Bədirqala kəndinin ərazisindən keçən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X15 balans və istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yeraltı magistral qaz kəmərinin mühafizə zonasında 7 metr məsafədə Cavabdehna məxsus fərdi yaşayış evi tikilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə "Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin, Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.Belə ki, tikinti aparmaq üçün lazımi icazələr (yəni “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus təhlükəsizlik zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də, digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikasının MM-nin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. “Qaz İxrac” idarəsi X16 Kəmərləri Sahəsi tərəfindən cavabdehə inşa olunan tikinti, adı çəkilən qaz kəmərinin və qaz paylayıcı stansiyasının mühafizə zonasında yerləşdiyi, orada hər hansı tikintinin aparılmasının qadağan olunması və bunun potensial təhlükə mənbəyi olduğu barədə bildiriş məktubu ilə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçı “Qaz İxrac” İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi X12 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək “Qaz İxrac” İdarəsinin başqa işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixində olan prosesdə iştirak etməyinin mümkün olmadığını nəzərə almağını, məhkəmə prosesində iştirakları olmadan prosesin keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onlar həmin ərazidə ev tikmək istəyəndə iş materiallarına əlavə edilmiş şəkildə görünən qaz xətti ilə bağlı qaz işçilərindən soruşduqda, qaz işçiləri onlara həmin qaz xəttindən 20- 25 metr aralıda ev tikə biləcəyini demişdir. Lakin torpağın altından keçən qaz xəttindən xəbərləri olmayıb, həmçinin həmin ərazidə torpağın altından qaz xəttin keçməsi ilə bağlı heç bir nişan olmamışdır. Ev tikəndə qaz idarəsinə, su idarəsinə, işıq idarəsinə və başqa idarələrə məlumat verilməyib. Ev torpağın altından keçən qaz xəttindən 10 metr aralıda tikilib, 50 metr qonşunun həyətinə düşür. Torpaq sahəsinə dair şəhadətnamə var, torpağa və evə çıxarış alınmayıb, pandemiya ilə əlaqədar çıxarış alınmayıb. Evi Sumqayıt şəhərində olan bacısı tikib, oğlu xəstədir, kasıb ailədir. Həmin torpaq sahəsi Rahim Sədullayevə məxsusdur. O, orda bacısı üçün ev tikmişdir, o, icraçı, fəhlə olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər X6 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia və ona əlavə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən Qusar rayonu Bədirqala kəndində tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın tələbləri pozularaq Qusar rayonu Bədirqala kəndində yaşayan Cavabdeh tərəfindən həmin kəndin ərazisindən keçən 320 mm-lik, Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 13 metr məsafədə yaşayış evi inşa olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Qusar rayon İcra Hakimiyyətinə ünvanlanmış 13 mart 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” magistral qaz kəmərinin Qusar rayonu Bədirqala kəndi ərazisindən keçən hissəsində, qaz kəmərindən Cavabdeh və X7 tərəfindən müvafiq olaraq 7 və 7-9 metr məsafələrdə fərdi yaşayış evlərinin tikintisi aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən magistral boru kəmərlərinin mühafizə zonalarında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 26-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli, Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsini təmin etməli, kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməlidirilər. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, tikililərin sökülməsi üçün müvafiq köməklik göstərilməsi və lazımi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinə məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə ünvanlanmış 13 mart 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” magistral qaz kəmərinin Qusar rayonu Bədirqala kəndi ərazisindən keçən hissəsində, qaz kəmərindən Cavabdeh və X7 tərəfindən müvafiq olaraq 7 və 7-9 metr məsafələrdə fərdi yaşayış evlərinin tikintisi aparılır. Aparılan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kınar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi X16 Kəmərləri Sahəsi tərəfindən X13 ünvanlanmış və xx.xx.2020-ci il tarixdə həmin şəxsə təqdim edilmiş bildirişdən görünür ki, həmin şəxs tərəfindən inşa edilmiş ev ilə yüksək təzyiqli və 320 mm diametrli qaz kəmərinin arasındakı məsafənin 13 metr təşkil etdiyi, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKS-nin məsuliyyət daşımadığı və inşa etdiyi tikili ilə bağlı aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qusar rayonu Bədirqala kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. İnşa edilmiş fərdi yaşayış evi yüksək təzyiqli qaz xəttindən 6.77m-8.6m aralı yerləşir, həmin ev qaz xəttinin mühafizə zolağındadır. Mübahisəli torpaq sahəsi 0.0986 ha təşkil edir və digər şəxslər tərəfindən istifadə olunur. Qusar rayonu Bədirqala kəndində yerləşən, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Həmin rəyin qeyd hissəsində göstərilmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirən zaman təqdim olunmuş, X5 mülkiyyətinə verilmiş JN-523F KOD 30106028 nömrəli şəhadətnamənin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində arxiv nüsxəsi tapılmamış, ləğv edilmiş DT və XK-nin Qusar rayon şöbəsindən təhvil alınmış kitablardan qeydiyyatdan keçməmiş və DWJ xəritələrində öz əksini tapmamışdır. İşdə olan 21 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, “Qaz İxrac İdarəsi” tərəfindən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hesabına, hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə 95 manat məbləğində pul ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 10/609 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisi Faiq Seyidovun mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayonu Bədirqala kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi “ Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Həmin mütəxəssis rəyində qeyd edilir ki, inşa edilmiş fərdi yaşayış evi yüksək təzyiqli qaz xəttindən 6.77-8.6 m aralı yerləşir, həmin ev qaz xəttinin mühafizə zolağındadır. Ekspert tərəfindən qeyd edilir ki, mütəxəssis rəyinə əsasən “Qusar QPS qolu” yüksək təzyiqli (12- 25 atm) magistral qaz kəməri ilə fərdi yaşayış evi arasında olan məsafənin 6.77-8.6 metr müəyyən edildiyi nəzərə alınarsa, həmin fərdi yaşayış evinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Mütəxəssis rəyində qeyd edilir ki, mübahisəli torpaq sahəsi 0.0986 ha təşkil edir və Cavabdeh tərəfindən istifadə olunur (Sxem tərtib olunmuş ölçülər sxemdə göstərilmişdir). Qusar rayonu, Bədirqala kəndində yerləşən, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 10/609 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ********* saylı və xx.xx.2021-ci il tarixli ********* saylı qəbzlərdən görünür ki, Qaz İxrac İdarəsi tərəfindən iddia ərizəsinin verilməsinə görə cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan JN-523F KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Bədirqala bələdiyyəsinin 04 may 2006-cı il tarixli 5/3-7 saylı qərarı ilə Qusar rayon Bədirqala kəndi ərazisində 0.10 ha ölçülü həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2ci hissəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin Qanunun19-cu maddəsinin 2-ci hissəsi. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasənAzərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin Məcəllənin 3.0.1-ci maddəsinə əsasən Şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyət; Həmin Məcəllənin 3.0.2-ci maddəsinə əsasən məskunlaşma sistemi – insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından təşkili kimi başa düşülür. Həmin Məcəllənin 80.1, 80.2.- maddələrinə əsasən Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Göründüyü kimi cavabdeh tərəfindən fərdi yaşayış evi “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X15 balans və istismarında olan 325 mm-lik, 12-25 atm təzyiqli “Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında, həmin kəmərdən 6.77-8.6 m məsafədə inşa olunmuşdur. Bundan başqa, həmin ev müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilmişdir. Həmin evin inşa edildiyi torpaq sahəsi isə cavabdehin mülkiyyətinə deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Bununla da, cavabdeh həmin fərdi yaşayış evini inşa edərkən bələdiyyənin mülkiyyət hüququnu pozmaqla yanaşı həm də şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərini pozmuş, fərdi yaşayış evi inşa edilərkən yanğın təhlükəsizliyi baxımından etibarlılığı nəzərə alınmamışdır. Bu isə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olmaqla yanaşı həm də sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında qarşısı alınmaz xoşagəlməz nəticələr doğura bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə işin faktiki hallarını və işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirməklə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan, iddianın hüquqi əsası ilə işin faktiki halları tam uzlaşdığından iddia təmin edilməli, “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında yerləşən Qusar rayonu Bədirqala kəndinin ərazisində yerləşən, X5 mülkiyyətində olan və Cavabdeh məxsus fərdi yaşayış evi və hasar onun öz hesabına sökülərək mühafizə zonası boşaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh, X4 və X2 müştərək qaydada tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə verilməlidir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh, X4 və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X15 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında yerləşən Qusar rayonu Bədirqala kəndinin ərazisində yerləşən, X5 mülkiyyətində olan və Cavabdeh məxsus fərdi yaşayış evi və hasar onun öz hesabına sökülərək mühafizə zonası boşaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat, cəmi 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh, X4 və X2 müştərək qaydada tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə verilsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh, X4 və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-49/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-49/2023
30.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver