Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-556/2021 16.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qusar rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X1 qarşı sərəncamın, torpaq icarə müqaviləsinin və kadastrın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X1 qarşı sərəncamın, torpaq icarə müqaviləsinin və kadastrın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddianın əsas predmetini inzibati orqan olan Qusar rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04 may 2006-cı il tarixli 58 saylı sərəncamın və Qusar rayon icra Hakimiyyəti ilə üçüncü şəxs X2 arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir. Belə olan halda hazırkı iddiaya məhkəmə aidiyyəti üzrə ümumi məhkəmə tərəfindən deyil, inzibati məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, iddiada həm də torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin etibarsız hesab olunması tələb olunsa da, qeyd olunmalıdır ki, yuxarıda göstərilən məlum sərəncam həmin icarə müqaviləsinin deyil, həmin icarə müqaviləsi həmin sərəncamın tərkib hissəsidir və icarə müqaviləsi məhz həmin sərəncam əsasında bağlanmışdır. Ona görə də, icarə müqaviləsinin qanuni və ya etibarlı olubolmaması məsələsi müstəqil şəkildə ümumi məhkəmə tərəfindən araşdırıla bilməz, məhz qeyd olunan sərəncamın qanuni və ya etibarlı olub-olmaması məsələsi çərçivəsində inzibati məhkəmə tərəfindən araşdırılmalıdır. Bundan başqa, iddia tələbində həm də torpaq sahəsinin kadastrının etibarsız hesab olunması tələb olunmuşdur ki, həmin tələbə də, ümumi məhkəmə tərəfindən deyil, kadastr sənədlərini tərtib etmiş inzibati orqana qarşı verilən iddia əsasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, hazırkı iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya sərəncamın və onun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair sərəncamı qəbul etmiş orqana qarşı, kadastrın etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı isə əvvəlcə həmin kadastr sənədlərini tərtib etmiş inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməli olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Qusar rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X1 qarşı sərəncamın, torpaq icarə müqaviləsinin və kadastrın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı sərəncamın və onun əsasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair sərəncamı qəbul etmiş orqana qarşı, kadastrın etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı isə əvvəlcə həmin kadastr sənədlərini tərtib etmiş inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməli olduğu izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-556/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-556/2021
16.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver