Məhkəmə qərarları › İş №2(029)-559/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-559/2022

24.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-559/2022 24.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, üçüncü şəxs X12, X14 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X6, X15, X18 və X13 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə tələbinə” dair iddia tələbi üzrə üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X6, X15, X18 və X13 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KOD 30123048 JN:116 saylı 02 aprel 2000ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Yuxan Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair Cavabdeh1 ilə onun, həyat yoldaşının və övladı Turanə Quliyevanın arasında bağlandığı qeyd olunan 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 revestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və ailə üzvləri X3, X12, X14 və X11 adına qeydiyyata alınmışdır. Bu yaxınlarda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1.77 hektar hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra onun tərəfindən həmin torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olmuş hər hansı müqavilənin mövcud olub-olmaması barədə Dövlət Notariat Arxivinə müraciət olunmuş və məlum olmuşdur ki, guya onunla və ailə üzvləri ilə Cavabdeh1 arasımda 30 oktyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və guya onlar 1.77 hektar torpaq sahəsini həmin şəxsə satmışlar. Həmin müqavilə onun xəbəri olmadan Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən 4ə-7-904 reyestr nömrəsi ilə təsdiq olunmuşdur. Halbuki, o, ümumiyyətlə Cavabdeh1 Hacəddəd oğlunu tanımır və həmin şəxs də onu tanımır. Onlar heç vaxt onunla görüşməmiş, ünsiyyətdə olmamış, torpaq sahəsinin alqısatqısı barədə aralarında hər hansı söhbət olmamış, Qusar rayon Notariat Kontoruna (Ofisinə) getməmişlər. Yalnız, o, Kazım adlı şəxsin müraciətinə əsasən torpaq sahəsini icarəyə vermək barədə onunla razılığa gəlmiş, yaşadığı kənddə onun tərəfindən təqdim edilən icarə müqaviləsini imza etmişlər. Lakin, Cavabdeh1la notariat kontoruna gedərək hər hansı alqı-satqı müqqaviləsi bağlamamışdır. Alqı-satqı müqaviləsində qeyd olunmuşdur ki, guya həmin müqavilə onun, həyat yoldaşı X4 və övladı X11 tərəfindən imzalanmışdır. Maraqlıdır ki, həyat yoldaşının soyadı Quliyeva olduğu halda müqavilədə onun soyadı "‘Şahnəzərova” qeyd olumnuşdur. Buna səbəb isə dövlət aktında həyat yoldaşının soyadının səhvən Şahnəzərova qeyd olunması olmuşdur. Halbuki, müqavilə bağlanan zaman onun həyat yoldaşının şəxsiyyət vəsiqəsində soyadı Quliyeva olmuşdur. Bu, isə təsdiq edir ki, onun həyat yoldaşı da notariat kontoruna getməmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktının əsli də indiyədək ondadır və həmin dövlət aktında göstərilən torpaq sahəsinə dair indiyədək torpaq vergiləri ödəmiş, subsidiyalar almışdır. Bundan başqa, qeyd etmişdir ki, qızı Turanə Quliyeva 1989-cu il təvəllüdlü olmaqla 2004cü ildə onun 14 yaşı olmuşdur. Müqavilə onun tərəfindən imzalansaydı belə bu, onunla həyat yoldaşının razılığı ilə mümkün ola bilərdi. Müqavilədə isə onun və həyat yoldaşının belə bir razılıq verməsi qeyd olunmamışdır. Bundan başqa, sözügedən torpaq sahəsinin mülkiyyətçilərindən olan oğlu Sərxan Quliyevin həmin vaxt 12 yaşı, oğlu Turan Quliyevin isə 10 yaşı var idi və həmin şəxslərin yerinə də o və həyat yoldaşı imza etməli, bu barədə müqavilədə qeyd olunmalı idi. Bundan başqa, əgər torpaq sahəsini həqiqətən də, satmış olsa idi, onda onlar Qusar rayon İcra Hakimiyyətindən azyaşlı olmaqla yetkinlik yaşına çatmamış övladlarının torpaq sahəsindən onlara çatan payın satılmasına icazə verilməsi barədə arayış almalı idilər. Lakin, belə bir arayış da alınmamışdır. Çünki, bir daha qeyd etmişdir ki, o və ailə üzvləri torpaq sahəsini cavabdehə və ya digər şəxsə satmamışlar. Göründüyü kimi, alqı-satqı müqaviləsi nəinki onun və həyat yoldaşının iradə ifadəsini əks etdirməmiş, həm də müqavilə bağlanan anda yetkinlik yaşına çatmamış şəxs olmuş övladlarının mənafeləri də kobud şəkildə pozulmuşdur. Notariat Kontoru həmin müqaviləni təsdiq edərkən də Mülki Məcəllənin tələblərini pozmuşdur. KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair Cavabdeh1 ilə onun, onun həyat yoldaşının və övladı Turanə Quliyevanın arasında bağlandığı qeyd olunan 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 reyestr nömrəli alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələbləri, o cümlədən onların mülkiyyət hüququnun pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona, Qusar Rayon Notariat Ofisinə, üçüncü şəxslər X6, X15, X18 və X13 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia müddətini ötürdüyü səbəbindən onun tərəfindən verilən iddia rədd olunmalıdır. Belə ki, iddia ərizəsindən açıqaydın görünür ki, İddiaçı ilə onun arasında bağlanmış müqavilə xx.xx.2004-cü il tarixdə Qusar Rayon Dövlət Notariat Kontorunda 4Ə-7-904 reyestr nömrəsi ilə bağlanmış alqısatqı müqaviləsidir. MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırda həmin müddətdən 17 il 7 ay keçmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmşdir ki, “bu yaxınlarda torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1.77 hektar hissəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra tərəfindən həmin torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsinə əsas olmuş hər hansı müqavilənin mövcud olub-olmaması barədə Dövlət Notariat Arxivinə müraciət olunmuş və məlum olmuşdur ki, guya İddiaçı və onun ailə üzvləri ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış və guya biz 1.77 hektar torpaq sahəsini həmin şəxsə satmışıq. Həmin müqavilə onun xəbəri olmadan Qusar Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuşdur. Halbuki, mən ümumiyyətlə cavabdeh Hikmət Hacəmməd oğlunu tanımıram və həmin şəxsdə məni tanımır. Biz heç vaxt onunla görüşməmişik, ünsiyyətimiz olmamış, torpaq sahəsinin alqı-satqısı barədə aramızda hər hansı söhbət olmamış, Qusar Rayon Notariat Kontoruna (Ofisinə) getməmişik. Yalnız, mən Kazım adlı şəxsin müraciətinə əsasən torpaq sahəsini icarəyə vermək barədə onunla razılığa gəlmişəm, yaşadığım kənddə onun tərəfindən təqdim edilən icarə müqaviləsini imza etmişik. Lakin, bir daha qeyd edirəm ki, Cavabdeh1la Notariat Kontoruna gedərək hər hansı alqı-satqı müqaviləsi bağlamamışam.” Bildirmişdir ki, qeyd olunanlar təmamilə əsassızdır. Belə ki, müqavilədən göründüyü kimi müqavilədə adları çəkilən şəxslər öz şəxsi arzuları və iradələri əsasında, hər hansı basqı altında qalmadan müqaviləyə imza atmışlar. Yəni müqavilə imzalanan zaman iddiaçı və 3-cü şəxs X5 hansı sənədə imza atdığının fərqinə varacaq yaşda olmuşlar. Halbuki, iddiaçı iddia ərizəsində qeyd edir ki, icarə müqaviləsinə imza etmişlər. Bu isə o deməkdir ki, müqaviləyə imza atdıqlarını etiraf edirlər. Lakin, həqiqətəndə alqı-satqı müqaviləsinə imza atdıqlarını məhkəmədən gizlədirlər. Bundan başqa, iddiaçı iddia ərizəsində MM-nin 29.1-ci maddəsinə toxunur. Halbuki, həmin müqavilədə qeyd olunur ki, bu məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. İddiaçınında etiraf etdiyi kimi 3cü şəxs Turanə Quliyeva 1989-cu il təvəllüdlüdür və bu da o deməkdir ki, müqavilə bağlanan zaman artıq onun 15 yaşı tamam olmuşdur. Burdan bu qənaətə gəlmək olar ki, 3-cü şəxs Turanə Quliyevanın həmin ərəfədə 15 yaşı olduğunu nəzərə alarsaq bu halda MM- nin 29-cu maddəsi deyil, 30-cu maddəsi tətbiq olunmalıdır. MM-nin 30.1-ci maddəsində isə qeyd olunur ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin- valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Müqavilədən də, göründüyü kimi, notarius həmin bu maddəni tətbiq edərək Turanə Quliyevanın əvəzindən anası Şahnəzərova Lətafətin imza atmasına şərait yaratmışdır. Çünki, imzalara diqqət etdikdə baxmayaraq ki, müqavilədə “Quliyeva T.” latın hərfləri ilə yazılmışdır, hər ikisinin imzasının eyni olduğunun şahidi oluruq. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd edir ki, “torpaq sahəsinin mülkiyyətçilərindən olan oğlu Sərxan Quliyevin həmin vaxt 12 yaşı, oğlu Turan Quliyevin isə 10 yaşı var idi və həmin şəxslərin yerinədə o və həyat yoldaşı imza etməli, bu barədə müqavilədə qeyd olunmalı idi. Bundan başqa, əgər torpaq sahəsini həqiqətən də, satmış olsa idilər, onda onlar Qusar Rayon İcra Hakimiyyətindən azyaşlı olmaqla yetkinlik yaşına çatmamış övladlarının torpaq sahəsindən onlara çatan payın satılmasına icazə verilməsi barədə arayış almalı idilər. Lakin, belə bir arayış da alınmamışdır.” Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axınının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst- üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı ona, Qusar Rayon Notariat Ofisinə, üçüncü şəxslər X6, X15, X18 və X13 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddəti tədbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, həm də üçüncü şəxs X11 nümayəndəsi olaraq iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən halları təsdiq edərək və izahatında göstərmişdir ki, ona və ailə üzvlərinə verilmiş KOD 30123048 JN:116 saylı torpağın mülkiyyətə verilməsi haqqında dövlət aktı dövlətin adından verilmişdir. Həmin sənəd onun özündədir. Cavabdehlər hansı sənədə əsasən özlərinə çıxarış çıxartdığını bilmir. O və arvadı latın əlifbası ilə yazıb, oxuya bilmir. O, dövlət aktında adların səhv olduğundan, özünə çıxarış çıxarda bilməmiş, lakin, cavabdeh sənədin əsli onda ola-ola özlərinə çıxarış çıxartmışlar. O, Cavabdeh1 heç vaxt tanımamış, görməmiş, cavabdehin əmisi oğlu Kazımı tanımış, həmin vaxt Kazım icra nümayəndəsi işləmiş, o, özünə məxsus torpaq sahəsini Kazıma icarəyə vermişdir. Həmin torpaq sahəsinə dair bütün vergilər onun tərəfindən ödənilir. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2004-cü ildə alqı-satqı olmuş, alqı-satqı qanuni şəkildə aparılmış, tərəflər müqaviləni imzalmış, iddiaçı həmin torpaq sahəsinə görə köhnə məzənnə ilə 6.900.000 (altı milyon doqquz yüz min) manat pul ödənilmiş, həmin alqı-satqıdan sonra cavabdeh özünə çıxarış çıxartmışdır. Həmin vaxtdan uzun müddət vaxt keçmiş, buna görə də, iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X20 iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatlərı təsdiq edərək izahatında bildirmişdir ki, o, dövlət tərəfindən ona verilmiş torpaq sahəsini tələb edir. O, hazırda evlənmiş, iki uşağı vardır. Hal-hazırda onun dolanacağı həmin torpaq sahəsindən çıxır. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X8 Sərxan Qirim oğlunun dediklərini təsdiq edərək onun dediklərinə uyğun izahat vermişdir. Üçüncü şəxs X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs X19 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan KOD 30123048 JN:116 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətində görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarı ilə Qusar rayonu Yuxarı Ləgər kəndində 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, X1, X11, X12 və X14 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Notariat ofisində bağlanmış 30 oktyabr 2004-cü il tarixli 4ə-7- 904 revestr nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı, X5, X19, X20 və X22 1.77 ha torpaq sahəsini Cavabdeh1 köhnə məzənnə ilə 6.900.000 (altı milyon doqquz yüz min manat) manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə koitəsinin Qusar rayon şəbəsi tərəfindən verilmiş 1482 saylı arayışın surətindən görünür ki, torpağın alqı satqısı zamanı JN116 saylı, kod 30123048 torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş cəmi 3.38 hektar, o cümlədən 1.77 (kv/m) ha satılaraq özəl torpaq sahəsi üzərində həbs və məhkəmə mübahisəsi yoxdur və torpaq sahəsi girov qoyulmamışdır. İşdə olan Qusar rayon Təhsil Şöbəsinin nəznindəki Qəyyumluq komissiyasının 30 oktyabr 2004-cü il tarixli 7/14 saylı arayışın surətindən görünür ki, torpağın alqı satqısı zamanı İddiaçı ailəsindəki azyaşlı X20 və X22 adlı uşaqların Qusar rayonu Ləyər qışlaq kəndində yerləşən torpaq sahəsindən düşən torpaq payını satmağa Qusar rayon təhsil şöbəsi nəznində qəyyumluq komissiyası etiraz etməmişdir. İşdə olan xx.xx.2004-cü il tarixli Qusar rayon Dövlət Notariat Kontoruna İddiaçı və X5 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, JN 116 kod 30123048 saylı Dövlət Aktına əsasən onlara, azyaşlı övladları X15 və X18 məxsus olan torpaq sahəsinin satqısı əməliyyatı zamanı az yaşlı övladlarının adından çıxış etməyə icazə verilsin. Bildirilmişdir ki, onların əmlaklarının satışından hasil olan gəliri, onların naminə xərclənəcəkdir. İşdə olan xx.xx.2004-cü il tarixli Qusar rayon Dövlət Notariat Kontoruna İddiaçı və X5 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, JN 116 kod 30123048 saylı Dövlət Aktına əsasən onlara və həddi buluğa çatmamış övladları X13 məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin alqı-satqı zamanı müqaviləyə özləri tərəfidən imza etmələrinə razıdır. Gələcəkdə bu haqda heç bir etirazı və iddiası olmayacaqdır. İşdə olan İV-ЖГ № 451799 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahları Qusar rayon Xuray kəndsovetində 31 oktyabr 1988-ci il tarixdə 24 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadın “Quliyeva” soyadını qəbul etmişdir. İşdə olan Xİİİ-ЖГ № 471723 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 08 oktyabr 1989-cu il tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində anadan olmuşdur. Atası İddiaçı, anası X7r. İşdə olan XVİ-ЖГ № 417855 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 10 aprel 1992-ci il tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində anadan olmuşdur. Atası İddiaçı, anası X7r. İşdə olan XVİİİ-ЖГ № 359632 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 01 iyul 1994-cü il tarixdə Qusar rayonu Yuxarı-Ləgər kəndində anadan olmuşdur. Atası İddiaçı, anası X7r. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Yuxarı Ləgər kəndinin ərazisində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, üçüncü şəxslər X2, X13, X15 və X18 məxsus olmuşdur. Qusar rayonu Yuxarı Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair Cavabdeh1 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 revestr nömrəli alqı-satqı müqaviləsi əsasında satılmışdır. İddiaçı həmin torpaq sahəsini satmadığını, cavabdehin qohumu olan Kazım adlı şəxsə icarəyə verdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Alqı-satqı əqdinin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Həmçinin iddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29.1-1ci və 30.1 və 30.2-ci maddələrinə əsasən iddia tələbi əsassızdır. Belə ki, Dövlət Notariat Kontorunda daşınmaz əmlakın alqı-satqısı zamanı yetkinlik yaşına çatmayan X14, X12 və X11 əvəzinə qanuni nümayəndəsi kimi İddiaçı və X9 alqı-satqı müqaviləsinə imza etmişlər. İddiaçı və qeyriləri ilə Cavabdeh1 arasında 30 oktyabr 2004cü il tarixli 4ə-7-904 revestr nömrəli alqı-satqı müqavilələri bağlanarkən Qusar rayon notariat ofisi tərəfindən müqavilənin qanunauyğunluğu yoxlanılmış və müqavilənin tərəflərin sərbəst iradə ifadəsinə əsaslandığı müəyyən edildikdən sonra müqavilələr müvafiq qaydada təsdiq edilmişdir. Müqavilə bağlanan ana qədər tərəflər müqavilələrin predmeti olan torpaq sahələrinin dəyərini öz aralarında sərbəst şəkildə razılaşmışlar, iddiaçının niyyəti torpaq sahəsini satmaq olmuş, köhnə məzənnə ilə 6.900.000 (altı milyon doqquz yüz min) manat qeyd etmişdir. Həmin müqavilələrin bağlanması zamanı cavabdehin iddiaçını aldatması və ya hər hansı qanunsuz yolla onu müqavilə bağlamağa təhrik etməsi isə məhkəmədə sübuta yetirilməmişdir. Odur ki, məhkəmə iddiaçının alqısatqı müqavilələrinin etibarsız hesab olunması barədə irəli sürdüyü dəlilləri ilə razılaşmayaraq onları qanuni və əsaslı hesab etmir. Bundan başqa Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 revestr nömrəli alqı-satqı müqaviləsinin bağlanmasında 18 ilə yaxın müddət keçmişdir. Cavabdehin bu tələbi əsaslıdır. Buna görə də, iddia müddətinin tətbiqi və iddiaçının sübutlarıın olmaması səbəbindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X6, X15, X18 və X13 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Qusar rayon Notariat Ofisinə, üçüncü şəxslər X6, X15, X18 və X13 qarşı KOD 30123048 JN:116 saylı 02 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu Yuxan Ləyər kəndində yerləşən 3.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.77 ha hissəsinə dair Cavabdeh1 ilə onun, həyat yoldaşının və övladı Turanə Quliyevanın arasında bağlandığı qeyd olunan 30 oktyabr 2004-cü il tarixli 4ə-7-904 revestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar