Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-58/2021 27.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçı1 və İddiaçı2 Meyvəddin oğlunun Cavabdeh1 və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktlarının, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Meyvəddin oğlu Cavabdeh1 və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktlarının, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması xx xxxxxx 2021-ci il tarixə saat 10-30-a təyin edilsə də, tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, hazırkı iddia tələbi daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqan tərəfindən verilmiş hüquq müəyyənedici sənədlərinyəni dövlət aktlarının və çıxarışların etibarsız hesab edilməsi ilə bağlıdır. Həmin dövlət aktları isə müvafiq icra hakimiyyəti orqanı olan Qusar rsyon X1 müvafiq qərarlarına əsasən verilmişdir. Belə olan halda, hazırkı iddia tələbi öz xarakterinə görə inzibati hüquqi xarakter daşıyır və bu səbəbdən də, hazırkı işə ümumi məhkəmə tərəfindən baxıla bilməz, məhkəmə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarının 13-cü bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılara hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmə hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı1 və İddiaçı2 Meyvəddin oğlunun Cavabdeh1 və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququna dair dövlət aktlarının, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Meyvəddin oğluna hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-58/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-58/2021
27.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver