Məhkəmə qərarları › İş №2(029)-590/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-590/2021

25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-590/2021 25.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarının hüquqmüəyyənedici sənəd kimi onlara məxsus olması faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunmalıdır ki, Aqrar İslahat Komissiyasının qərarı ümumi xarakterli olub, konkret şəxsin şəxsi əmlak hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənəd deyil, ümumi (publik) hüquq sahəsinə aid olan torpaq sahələrinin torpaq islahatı çərçivəsində vətəndaşların mülkiyyətinə verilməsini müəyyən edən, müxtəlif şəxslərə ünvanlanan və həmin şəxslər üçün müvafiq hüquqi nəticələr doğuran inzibati akt hesab olunur. Belə olan halda, ümumi məhkəmələr tərəfindən xüsusi icraat qaydasında Aqrar İslahat Komissiyasının yuxarıda göstərilən məlum qərarının hüquqmüəyyənedici sənəd kimi hər hansı şəxsə məxsus olması faktının müəyyən edilməsi məsələsinə baxıla bilməz, iddia icraatı qaydasında yalnız inzibati məhkəmələr tərəfindən həmin qərarın qanuniliyinin yoxlanılması məsələsinə baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, işə məhkəmə qaydasında baxılmalı olmadığından hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, ərizəçilərə Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarında müvafiq düzəlişin aparılması ilə bağlı əvvəlcə müvafiq səlahiyyətli inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməli olduqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçilərə Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarında müvafiq düzəlişin aparılması ilə bağlı əvvəlcə müvafiq səlahiyyətli inzibati orqana, müsbət cavab alınmadıqda isə müvafiq iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməli olduqları izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar