Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-591/2022 10.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN:635A KOD 30213018 saylı Şəhadətnamədə soyadı səhvən yazılmış X4 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, daşınmaz əmlaka dair hüquqlarını həyata keçirmək istəyir. Lakin torpağın mülkiyyətə verilməsinə dair (JN:635A KOD ********) Şəhadətnaməsində texniki səhv ucbatından soyadı Dəmirova deyil mərhum həyat yoldaşının soyadı olan Əzimova qeyd edilmişdir. O, heç vaxt Əzimova soyadını daşımadığından hüquqlarını həyata keçirdə bilmir. Səhvliyin düzəldilməsi ilə bağlı DƏDRX-nin 5 saylı ərazi idarəsinə müraciət etsədə ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu yaxınlarda o, həmin Şəhadətnamədə olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. X6 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:635A KOD 30213018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə soyadı səhvən “Əzimova” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi ona lazım olan sənədləri verməkdən imtina etmişdir. Ona görə də, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:635A KOD 30213018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, daşınmaz əmlaka dair hüquqlarını həyata keçirmək istəyir. Lakin torpağın mülkiyyətə verilməsinə dair (JN:635A KOD ********) Şəhadətnaməsində texniki səhv ucbatından soyadı Dəmirova deyil mərhum həyat yoldaşının soyadı olan Əzimova qeyd edilmişdir. Sözü gedən torpaq sahəsi atasına məxsus olmuş, atası onun ərinin soyadını götürdüyünü düşünmüş, şəhadətnamədə Əzimova soyadını yazdırmışdır. O, həmin Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 mart 2001-ci il tarixli qərarını mübahisələndirməmiş və heç bir yerə şikayət verməmiş, həmçinin məlum şəhadətnaməni də mübahisələndirməmişdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan JN:635A KOD 30213018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 0.6 hektar həyətyanı torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 mart 2001-ci il tarixli 01 saylı qərarı ilə X2 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx.xx.1953-cü il tarixdə Qusar rayonunun Düztahir kəndində anadan olmuş, hal-hazırda Qusar şəh., H.Aslanov, ev. 154 ünvanında qeydiyyatda olan Ərizəçi məxsusdur. İşdə olan İ-ЖГ № 281297 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi nikahları 05 mart 1975-ci il tarixdə Xaçmaz rayonu Qusarçay kənd ZAQS-da qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra qadın soyadını dəyişməmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********84 saylı məktubdan görünür ki, DT və XK tərəfindən hazırlanmış JN:635A KOD 30213018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahibinin ad və soyadında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Ərizəçi səlahiyyətli nümayəndəsi X1 tövsiyyə edilmişdir. İşdə olan Xaçmaz RİHB-nın Qusarçay kənd İƏD nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 256 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası DTXK və Xaçmaz rayon TŞ tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş JN:635A nömrəli və 30213018 kodlu Şəhadətnamə Ərizəçi məxsusdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla sübuta yetirilməmişdir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 mart 2001-ci il tarixli 01 saylı qərarı ilə X2 xüsusi mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Aqrar islahat Komissiyasının 28 mart 2001-ci il tarixli 01 saylı qərarında ərizəçinin soyadının adının səhv göstərilməsi isə ərizəçi tərəfindən həmin vaxtdan indiyədək mübahisələndirilməmiş, həmin qərar dəyişdirilməmiş, hazırda qüvvədədir. Həmçinin, həmin qərar əsasında verilmiş Şəhadətnamə də hazıradək mübahisələndirilməmiş, hazırda qüvvədədirlər. Bundan başqa İ-ЖГ № 281297 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi nikah bağlandıqdan sonra soyadını dəyişməmişdir. Ərizəçinin istinad etdiyi Xaçmaz rayon İHB-nın Qusarçay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli 256 saylı arayışı isə məhkəmə qəbul etmir. Belə ki, həmin arayışda JN:635A KOD 30213018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması göstərilsə də, həmin arayış ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübutlar deyildir. Məlum Şəhadətnamədə ərizəçinin soyadının səhv yazılması və həmin şəxsin məhz Ərizəçi olması qeyd edilən arayışla aradan qaldırılan hal deyildir. Bununla da, ərizəçinin istinad etdiyi hallarla bağlı-torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ərizəçinin soyadının səhvən “Əzimova” kimi qeyd edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, məlum Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarında hər hansı dəyişiklik olunmadan, Şəhadətnamədə ərizəçinin soyadının səhv yazılmasını, həmin sənədin əslində məhz ərizəçiyə aid olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, JN:635A KOD 30213018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçiyə məxsus olması faktına dair həmin şəxs tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçinin maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-591/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-591/2022
10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver