Məhkəmə qərarları › İş №2(029)-618/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-618/2023

26.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-618/2023 26.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Avçı qızının, onun etibarnamə üzrə nümayəndələri X2, X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Avçı qızının Cavabdeh və üçüncü şəxs Qusar rayonu Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Avçı qızı Cavabdeh və üçüncü şəxs Qusar rayonu Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 28 dekabr 2022-ci il tarixli 4Ə-2687 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona, yəni İddiaçı Avçı qızına, oğlu X4 və qızı X1 məxsusdur. Onun mülkiyyət payı ½ hissə, oğlu Elmarın və qızı Elnarənin mülkiyyət payları isə ¼ hissə müəyyən olunmuşdur. Cavabdeh da onun oğludur. Onun Xürel kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi də vardır. Həmin ev əvvəllər ərinə məxsus olmuş, əri vəfat etdikdən sonra isə vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. O, həmin evdə oğlu Elmar və onun ailəsi ilə birlikdə yaşayır. Digər oğlu, Cavabdeh isə Qusar şəhərində yaşayır. 2022-ci ilin dekabr ayında o, oğlu Elnura artıq qocaldığını, xəstə olduğunu, evi və torpaq sahələrini qızı Elnarə Əskərovaya vəsiyyət etmək istədiyini bildirmişdir. 28 dekabr 2022-ci il tarixdə Elnur onu Qusar rayon Notariat ofisinə aparmış və orada evini və torpaq sahələrini qızı Elnarəyə vəsiyyət etmək üçün hansısa sənədlərə imza etməli olduğunu bildirmişdir. O da, ona inanaraq həmin sənədlərə imza etmişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra Elnurun ona və öz qardaşlarına qarşı münasibəti tamamilə dəyişməyə başlamış və onun bütün əmlaklarının artıq ona məxsus olduğunu bildirmişdir. Həmçinin, onun və oğlu Elmarın ailə üzvləri ilə birlikdə həmin evdən çıxmaqlarını tələb etməyə başlamışdır. Bundan sonra oğlu Elmarın vasitəsi ilə Qusar rayon Notariat ofisinə müraciət etmiş və 28 mart 2023-cü il tarixdə ona məlum olmuşdur ki, oğlu Cavabdeh evi və torpaq sahələrini qızına vəsiyyət etmək adı ilə onu aldadaraq özünün adına olan vəsiyyətnaməyə və bağışlama müqaviləsinə imza etdirmişdir. 29 mart 2023-cü il tarixdə isə o, Qusar rayon Notariat ofisinə müraciət edərək vəsiyyətnaməni ləğv etdirmişdir. Lakin, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Elnurun da Notariat ofisinə gəlib imza etməli olduğunu bildirmişlər. Bundan başqa, ona məlum olmuşdur ki, Elnur onu Notariat ofisinə aparmamışdan əvvəl evin bütün sənədlərini, şəxsiyyət vəsiqəsini evdən gizli şəkildə götürüb aparmışdır. Bundan sonra Cavabdehla onun və digər oğlu Elmar və Elmir arasında mübahisələr yaranmış, Elnur onu və qardaşlarını hədələməyə başlamışdır. Hətta, bir dəfə Cavabdeh yaşadıqları evə gələrək açıq şəkildə onları hədələmiş, onlara hücum çəkmiş, xuliqanlıq hərəkətləri etmişdir. Bununla bağlı Cavabdeh barəsində polisə və prokurorluğa şikayət olunmuş, Elnurun ona məxsus sənədləri və şəxsiyyət vəsiqəsini ondan xəbərsiz aparması da həmin orqanlara bildirilmişdir. Qusar rayon Polis Şöbəsinin İB tərəfindən müraciətləri əsasında araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərar Qusar RPŞ-nin İTB-yə verilmiş, ona isə məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Bununla da, ona açıq şəkildə aydın olmuşdur ki, oğlu Cavabdeh onu aldatmış, onun yaşından, xəstəliyindən və hüquqi savadsızlığından sui-istifadə edərək torpaq sahəsini ələ keçirməklə əsassız şəkildə varlanmışdır. O, 28 mart 2023-cü il tarixdə onunla Cavabdeh arasında bağışlama müqaviləsinin bağlanmasından xəbər tutduğu vaxtdan dərhal sonra Elnura öz etirazını bildirməklə bağışlama müqaviləsini mübahisələndirmiş, ailə üzvləri, digər övladları buna şahiddirlər. Buna cavab olaraq Cavabdeh aqressivləşmiş, yuxarıda qeyd etdiyi qanuna zidd hərəkətlər etmişdir. Cavabdeh onu aldatması həm də onunla təsdiq olunur ki, onun bütün övladları bilirlər ki, o, bütün əmlaklarını qızı Elnarə Əskərovaya vəsiyyət etmək istəyir. Onun Cavabdehla birlikdə notariat ofisinə getməyinin əsas məqsədi də bu olmuş və o oğlu Elnurun onun notariat ofisinə aparmasının səbəbi kimi onun qızı Elnarənin adına vəsiyyətnamə yazmağına kömək etməsini zənn etməyi olmuşdur. Bununla da, onunla Cavabdeh arasında 28 dekabr 2022-ci il tarixli 4Ə-2687 reyestr nömrəli bağışlama müqaviləsi bağlanarkən onun iradə ifadəsi zədələnmiş və ona görə də həmin əqdin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə iclasında İddiaçı Avçı qızı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, cavabdeh onun oğludur, cavabdeh onu yalançı sözlərlə aldadıb notariusa aparmışdır. O, da cavabdehin sözünə inanmışdır. O, latın hərfləri yazıb, oxuya bilmir. Hazırda cavabdehdə 5 nəfərə məxsus torpaq payı var, həmin torpağı qaytarsa cavabdehlə barışar. Müqavilə Qusar rayon notariat ofisində bağlanılmışdır. Notariusa könüllü getmiş, heç kim hədə-qorxu gəlməmişdir. O, hərfləri tanımır, ərizədə nə yazıldığını bilmir. Bağışlama müqaviləsini qızına verdiyini düşünmüşdür. X12 yaşayır və Elnara heç kimə hüquqlarını təmsil edilməsi, onun adından hərəkətlər edilməsi üçün etibarnamə verməmişdir. Cavabdeh onu aldatdığına görə müqaviləni imzalamışdır. İmza atarkən fiziki və psixi təzyiq olmamışdır, o, düşünmüşdür ki, əmlakını qızına bağışlayır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Avçı qızının etibarnamə üzrə nümayəndəsi X6 iddianı müdafiə etmiş, iddiaçının dediklərini təsdiq etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Avçı qızının etibarnamə üzrə nümayəndəsi X7 iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, həmin bağışlanma müqaviləsi İddiaçı tərəfindən, İddiaçı Pakiddin qızına verilməli idi. Onun qardaşı, iş üzrə Cavabdeh anasını aldadaraq aparıb imza etdirib. Anasının Cavabdeh vəsiyyətnamə ilə həmin mülkün verilməsindən onun xəbəri olmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, mübahisəli yer əvvəllər onun atasının, bacısının, qardaşısının və anasının olub. Onun da, orada təxminən 80 sot torpağı olub. Bu torpaqlar Dövlət tərəfindən verilmiş pay torpaqlardır. Bundan əlavə onlara 3 yerdən torpaq sahəsi verilib. Anası ona torpaqları satıb bacısına ev almağı təklif etmişdir. Sonra narazılıqlar olduğuna görə torpağı satmadılar. Anası onun evindən bacısına etibarnaməni verməsi ilə bağlı zəng etmişdir, bacısı isə etibarnamə göndərməmişdir. Sonra anası ona bu torpağın əvəzinə onlara pul verməyi, həmin pul müqabilində də bacısına ev almağı demişdir. Daha sonra o, bankdan 7500 (min beş yüz manat) pul götürmüş, 2500 manatını ata evinin təmirinə, 5000 manat isə torpağa vermişdir. Pul müqabilində bağışlanma müqaviləsi bağlanılmışdır. Anası tək bağışlanma müqaviləsini deyil, öz adına nə olubsa ona bir böyük oğlu kimi ona vəsiyyət etmişdir. Bağışlanma müqaviləsi təklifini anası irəli sürmüşdür. Notariusa gedərkən anasına hər hansı fiziki və ya psixi təzyiq etməmişdir. Anasına bağışlanma müqabilində cəmi 5 min manat pul vermişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan 28 dekabr 2022-ci il tarixli 4ə-2687 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı Avçı qızı Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.86 ha torpaq sahəsini hədiyyə vermişdir. İşdə olan qeydiyyat tarixi xx.xx.2019-cu il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşın 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ¼ hissədə X4, ¼ hissədə X1 və ½ hissədə İddiaçı Avçı qızına məxsusdur. İşdə olan qeydiyyat tarixi xx.xx.2023-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşın 1.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ¼ hissədə X1, ¼ hissədə X4 və ½ hissədə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükəgözlədiyini təlqin edə bilən məcbur etmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti iləşərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının Notariat haqqında Qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır.Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır.Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Azərbaycan Respublikasının Notariat haqqında Qanunun 45-ci maddəsinə əsasən Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Göründüyü kimi, “hədiyyə verən” iddiaçı və “hədiyyə alan” cavabdeh bağışlama müqaviləsinin bağlanmasında iddiaçı şəxsən iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində müqaviləni bağlamış, müqavilənin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuş, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın bağışlama müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. İddiaçı Avçı qızı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli 4Ə-2687 reyestr nömrəli bağışlama müqaviləsi bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni İddiaçı həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da, qeyd olunan bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola biləcək, həmin mülki məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Müqavilənin etibarsız sayılması üçün əsas kimi müəyyən edilməmişdir. Hədiyyə verənin müqaviləni və notariat sənədlərini şəxsən imzaladığını təsdiq edən foto da iş materiallarına əlavə edilmişdir. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, bağışlama müqaviləsi qanuni şəkildə bağlanmış, etibarsız hesab olunmasın üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. İddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında tərəflər arasında imzalanmış bağışlanma müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu isə ona dəlalət edir ki, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sadalanan xüsusatalara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən cavabdehə qarşı irəli sürülmüş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması barədə iddiası əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Avçı qızının Cavabdeh və üçüncü şəxs Qusar rayonu Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə” dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar