Məhkəmə qərarları › İş №2(029)-623/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-623/2025

07.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-623/2025 07.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ İHakim Qasımov Anar Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AZƏRİQAZ X1 X2 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən əsassız hesablanmış 566 (beş yüz altmış altı) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 fevral 2025-ci il tarixdə X3 İstismar İdarəsinin Qusar xidmət sahəsinin əməkdaşları Qusar rayonu, Ləcət kəndində yerləşən yaşayış evinə gəlib onların evinə aid, lakin küçədə yerləşən qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər və bu barədə 04 fevral 2025-ci il tarixli, ******* saylı müvafiq akt tərtib etmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Sayğacın çıxarılma səbəbi növbədən kənar dövlət yoxlamasına göndərilməsi ilə əlaqələndirilmişdir. Bir müddət keçdikdən sonra ona bildirmişlər ki, evdən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmişdir. Belə ki, qeyd olunmuşdur ki, Metrologiya Departamenti sayğacların müayinəsi labaratoriyasının rəyinə əsasən qaz sayğacın plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində əzilib, hesablama mexanizminin iş prinsipinə maneə törədir. Sonradan Qusar XS-nin əməkdaşları evinə gələrək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 aprel 2025-cü il tarixli, № ******* AKT tərtib etmişlər və həmin akta əsasən istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 4644 m3 müəyyən edilmiş və yaxud 566 (beş yüz altmış altı) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Ona əsassız hesablanmış 566 ( beş yüz altmış altı) manat borcla qətiyyən razı deyil. O və ailə üzvləri sayğaca müdaxilə etməmişlər. Ona görə də Cavabdeh İB-nin X3 İstismar İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış 566 manat borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı Qusar rayonu Ləcət kəndində yerləşən evinə quraşdırılmış Zenner tipli G-T markalı, **********7 nömrəli qaz sayğacı çıxarılmış və əvəzində GCZ tipli QS-G4T markalı, GCZ0228308 nömrəli, üzərində 14486061 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı aktdan görünür ki, Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMC-nin qaz sayğacının yoxlanılması haqqında 14 mart 2025-ci il tarixli DYM0333/2025/115 nömrəli protokoluna əsasən qaz sayğacın plastmas qapağının alt hissəsi fiziki təsir nəticəsində əzilib, hesablama mexanizminin iş prinsipinə maneə törədir. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı qazın bərpası üzrə cəmi 4644 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 566 manat borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının evinə yeni sayğac quraşdırmış, daha sonra sayğacın dəyərinə və vurulmuş ziyana görə akt tərtib edərək iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan sayğacın zədələnməsinə görə pul tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı üçün hesablanmış borc əsassız olmuş, hər hansı hüquqi əsası yoxdur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və iddiaçıya əsassız hesablanmış 566 (beş yüz altmış altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən Qusar rayonu Ləcət kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı üçün hesablanmış 566 (beş yüz altmış altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar