Məhkəmə qərarları › İş №2(029)-624/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-624/2021

29.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-624/2021 29.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X4 X9 İdarəsinin Qusar X7 əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi və onun tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə ərizə təqdim edərək “təbii qazdan istifadə qaydalrının pozulması haqqında tərtib olunmuş aktın etibarsız hesab edilməsi”ni tələb etmədiyini göstərərək “Azəriqaz” İB-nin Xaçmaz X9 İdarəsinin 30.04.2021-ci il tarixli qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən ailəsinə məxsus evdə yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh “Azəriqaz” X4 X9 İdarəsinin X12 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istifadə etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında ödəyir. 02 oktyabr 2020-ci il tarixdə onların evinə aid, Piroğlanov küçəsində yerləşən qaz sayğacına Qusar X7 əməkdaşları tərəfindən baxış keçirildiyini görmüşdür. Qusar X7 əməkdaşları ona bildirmişlər ki, sayğac xarab olmuş, ona görə də həmin sayğacı dəyişdirmək lazımdır və təzə qoyulacaq sayğacın dəyəri onun tərəfindən ödənilməlidir. Qusar X7 əməkdaşları təzə qaz sayğacı quraşdırmışlar və sayğacın dəyərini ondan istəmişlər. O, Qusar X7 əməkdaşlarına sayğaca əl vurmadığını, sayğacın küçədə olduğunu, sayğacının üstünün örtülmədiyini, qutuda yerləşdirilmədiyini, sayğaca onun və ailə üzvləri tərəfindən əl vurulmadığını, müdaxilə olunmadığını, belə olan halda təzə sayğacın pulunun ondan alınmamalı olduğunu bildirmişdir. Buna baxmayaraq Qusar X7 əməkdaşları həmin gün, yəni 02 oktyabr 2020-ci il tarixdə müvafiq akt tərtib etməklə təzə qaz sayğacı quraşdırmışlar və köhnə sayğaca müdaxilə olunub-olunmaması məsələsini araşdırmaq üçün ekspertizaya göndərəcəklərini bildirmişlər. Təzə sayğac da evin həyətində deyil, küçədə, özü də örtüksüz və qutusuz yerləşdirilmişdir. Təzə sayğac qoyulandan sonra da o, evdə istifadə etdiyi təbii qazın haqqını vaxtı-vaxtında ödəmişdir. Bir müddət sonra, yəni 30 aprel 2021-ci il tarixdə Qusar X7 əməkdaşları təzədən gəlib onların evinə aid dəyişdirilmiş köhnə qaz sayğacına onlar tərəfindən müdaxilə edildiyini bildirərək 30 aprel 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər və köhnə qaz sayğacı barədə ekspertiza rəyinə görə həmin sayğacın plastmas qapağının yan tərəfdən əzildiyini, hesablama mexanizminin işlək vəziyyətdə olmadığını ona bildirmişlər. O, Qiusar X7 əməkdaşlarına sayğaca əl vurmadığını, sayğaca hər ay qaz nəzarətçisinin baxaraq bütövlüyünü, plomblarını yoxladığını, qaz sərfiyyatını hesabladığını və ona qaz sərfiyatı barədə bildiriş verdiyini bildirsə də, həmin əməkdaşlar onun sözlərinə məhəl qoymayaraq barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər və ona guya qazdan qanunsuz istifadə etdiyinə görə 216 (iki yüz on altı) manat borc hesablamışlar. Hal-hazırda da X7 əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onu evinə verilən qaz təchizatını dayandıracaqları ilə hədələyirlər. Ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borc silinməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02 oktyabr 2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X6 şəhəri Piroğlanov küçəsi 75 ünvanında olan evinə quraşdırılmış Elster tipli G-4 markalı, 10326028 nömrəli, üzərində 04499218 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli G4 markalı **********4 nömrəli, üzərində 10576294 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan «Azəriqaz» X4 X8 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 aprel 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Sərdarov Əlibutaya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının gövdədən aralanması, qaz keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan «Azəriqaz» X4 X8 İdarəsi tərəfindən tərtib edilmiş 30 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, 30 aprel 2021-ci il tarixli ******* saylı akt əsasında Sərdarov Əlibutaya itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə oılan V-JQ 252851 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X3 aralarındakı nikah Qusar rayon Piral kənd XDS İK-də 11 avqust 1989-cu ildə 20 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, Şahpəri Şəfiyeva “Sərdarova” soyadını qəbul etmişdir. İşdə oılan AZ-İ 651650 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 24.12.2013-cü il tarixdə ölmüşdür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi «Azəriqaz» X4 X8 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1 ünvanda yerləşən evi üçün quraşdırılmış 10326028 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının gövdədən aralanması, qaz keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının gövdədən aralanması İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının gövdədən aralanması, qaz keçməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Azəriqaz» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtb olunmuş aktın ləğv edilməsi”ni tələb etmədiyini göstərərək yalnız “Azəriqaz” İB-nin Xaçmaz X9 İdarəsinin 30 aprel 2021-ci il tarixli qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əlavədə göstərilən tələb üzrə “Azəriqaz” İB-nin Xaçmaz X9 İdarəsinin Qusar XS-nin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtb olunmuş 30 iyun 2021-ci il tarixli ******* saylı akta əsasən Xaçmaz X9 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” komissiyanın 30 aprel 2021-ci il tarixli qərarı ləğv edilməməli, həmin qərar əsasında əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən evinə “Azəriqaz” İB-nin Xaçmaz X9 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” komissiyanın 30 aprel 2021-ci il tarixli qərarı əsasında əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar