Məhkəmə qərarları › İş №2(029)-648/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-648/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-648/2023 31.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ dəymiş ziyanın bərpasına dair qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “ dəymiş ziyanın bərpasına dair qərarın ləğv edilməsinə və əsassız hesablanmış borcun silinməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AZƏRİQAZ X1 X2 İdarəsi tərəfındən onun barəsində tərtib edilmiş “dəymiş ziyanın bərpasına dair” 30 mart 2023-cü il tarixli qərarınm (tələbnaməsinin) ləğv edilməsinə və ona 12960 kub.metr təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555,2 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, hazırda Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə ünvan 1ində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh AZƏRİQAZ X1 X2 İdarəsinin Qusar Xidmət Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. 30 mart 2023cü il tarixdə Xaçmaz X2 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları ünvan 1ində yerləşən yaşayış evinə gəlib onun evinə aid, lakin evindən aralı küçədə yerləşən qaz sayğacına baxış keçirmiş, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki üç ədəd plombdan üst sağ tərəfdə yerləşən bir plombun olmadığını, sayğaca müdaxilə olunduğunu bildirmişlər və buna görə də onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 mart 2023-cü il tarixli ******* saylı akt tərtib emişlər. Həmin akta əsasən Xaçmaz X2 İdarəsi tərəfindən ona “dəymiş ziyanın bərpasına dair” 30 mart 2023-cü il tarixli qərara (tələbnaməyə) əsasən 12960 kub.metr təbii qazdan qanunsuz istifadəyə görə 1555,2 manat borc hesablanmışdır. O, əsassız hesablanmış həmin 1555,2 manat borcun silinməsi üçün 02 iyun 2023-cü il tarixdə cavabdeh AZƏRİQAZ İstehsalat Birliyinə ərizə ilə müraciət etmişdir. Lakin AZƏRİQAZ X1 X2 İdarəsi 21 iyun 2023-cü il tarixli məktubla ona cavab verərək ərizəni təmin etməmiş, ona əsassız hesablanmış 1555,2 manat borcu silməmişdir. Aşağıda göstərilən hallara görə AZƏRİQAZ X1 X2 İdarəsinin “dəymiş ziyanın bərpasına dair” 30 mart 2023-cü il tarixli qərarı(tələbnaməsi) ləğv edilməli və ona əsassız hesablanmış 1555,2 manat borc silinməlidir. Sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki bir plombu qoparmaqla, digər plomblara toxunmadan sayğaca müdaxilə fiziki olaraq mümkün deyildir. Digər tərəfdən də həmin plombun qopmasından onun heç xəbəri olmamışdır, sayğac onun həyətində deyil, küçədə və üsü qoruyucu örtüksüz vəziyyətdə yerləşir. Sayğacın plombunu kimin qırdığını bilmir. Lakin onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. Həm də ki, sayğacın üzəri Xaçmaz X2 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən sayğaca edilə biləcək hər hansı müdaxilələrə görə o, -istehlakçı deyil, Xaçmaz X2 İdarəsinin Qusar Xidmət Sahəsi cavabdehlik daşıyır. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 mart 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən, ona məxsus yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmiş, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki üç ədəd plombdan üst sağ tərəfdə yerləşən plomblardan biri aşkar edilməmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 12960 kub.metr qaz sərfiyyatıhesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 1i ünvanında olan evinə quraşdırılmış Zenner tipli G-4 markalı, ********** nömrəli, üzərində 11556917 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində GCZ tipli G-4 markalı G0007917 nömrəli, üzərində 12537591 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısıdayışır. Qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 1i ünvanında yerləşən evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki üç ədəd plombdan üst sağ tərəfdə yerləşən plomblardan biri aşkar edilməməsi qeyd edilmişdir. Lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki üç ədəd plombdan üst sağ tərəfdə yerləşən plomblardan biri aşkar edilməməsi qeyd edilməsi İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərindəki üç ədəd plombdan üst sağ tərəfdə yerləşən plomblardan biri aşkar edilməməsi qeyd edilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, hazırda Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsində göstərilən tələb üzrə İddiaçı 12960 kub.metr təbii qazdan istifadəyə görə hesablanmış 1555.2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-nin X3 İstismar İdarəsi tərəfindən İddiaçı hesablanmış 12960 kub.metr təbii qazdan istifadəyə görə hesablanmış 1555.2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar