Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-662/2024 08.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz" İstehsalat Birliyinin xx.xx.2023cü il tarixli ******* saylı aktı və xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin etibarsız hesab edilməsi, hesablanmış 1555 (bir min beş yüz əlli beş manat) silinməsinə və Kapital Banka ödənilmiş 36 manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, İddiaçı məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikasının MPM-nin 53-cu maddəsinin tələblərinə uyğun olaraq "Azəriqaz" İB-nin Xaçmaz Regional Qİİ-nin qərarı ilə hesablanmış 1555 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Qusar rayon X2 nümayəndələri tərəfindən heç bir səbəbi olmadan yaşadığı ünvanına, QAZ idarəsi tərəfindən küçədə quraşdırılmış Zenner-G4T markalı, **********3 zavod nömrəli, 09008 m3 göstəricili qaz sayğacını Natek-G4TC markalı sayğac ilə əvəz ediblər. Bu barədə 07 mart 2023-ci il tarixdə ******* saylı aktı tərtib etmişdirlər. Həmin sayğacın üzərində heç bir qüsuru olmadığı üçün o, şikayətçi deyildi və adı çəkilən sayğacın dəyişdirilməsi ilə razı olmamışdır. Qusar rayon X2 nümayəndələri onu aldadaraq bildirmişlər ki, sayğacların müddəti bitdiyi və dayandığı üçün növbədən kənar dövlət yoxlamasına göndərilir, ona görə də sayğaclar dəyişdirilməlidir. Sonradan adı çəkilən idarənin işçilərindən sayğacın dəyişdirilməsinin səbəbini soruşanda, bildirmişlər ki, sayğac düz işləmir, dayanmışdır və sayğacda olan göstəricilər istifadə olunanan qazla üst-üstə düşmür. Onlardan soruşmuşdur ki, nəyə görə düşmür, onlar ona bildirmişlər ki, sayğacını ekspertizaya göndərməlidirlər və cavab gələndən sonra ona məlumat veriləcəkdir. Qaz idarəsinin nümayəndələri tərəfindən sayğacı xətdən açaraq dövlət yoxlamasına aparıldığı zaman təhlükəsizlik qayadalarına riayət etməyərək digər dəmir qırıntıları olan öz şəxsi maşınlarına atılmışdır. Bundan sonra onun sayğacını əkspertizaya göndərmişlər. Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-2956-1 saylı akta əsasən baxış keşirən zaman ona məxsus olan G4T markalı, **********3 zavod nömrəli qaz sayğaca verilmiş “kənar təsir nəticəsində sayğacın çıxış plastmas borusu deşilib” müəyyən edilmişdir. Bu rəyə əsasən Qusar Qaz Xidmət Sahəsinin nümayəndələri güya onun tərəfindən sayğacına müdaxilə edilməsini əsas gətirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı tərtib etmişdir. Həmin aktla razı olmadığı üçün imza etməyə imtina etmişdir. Qeyd olunan ******* nömrəli akta əsasən isə ona 1555 (bir min beş yüz əlli beş manat) məbləğində güya itirilmiş qazın bərpası hesablanmışdır. Bildirmək istəyir ki, ünvanında küçədə quraşdırılmış sayğac Qaz idarəsinin nümayəndələri tərəfindən xətdən açılaraq dövlət yoxlamasına aparıldığı zaman təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün çıxış plastmas borusu bəlkə də deşilmişdir. Bundan başqa, istifadə etdiyi qaza görə hər zaman vaxtı vaxtında ödənişlərini etmiş və böyük məbləğdə borcu heç vaxt olmamışdır. Hesab edir ki, hesablanmış məbləğ və qəbul olunmuş qərar qanunsuzdur və əsassız hesablanmış borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmujnuna uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-2955-1 saylı aktına əsasən G-4 tipli **********3 nömrəli sayğaca baxış keçirilmiş, çıxış plastmas borusu deşilib, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İşdə olan Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı qazın bərpası üzrə cəmi 12960 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 1555,20 manat borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının evinə yeni sayğac quraşdırmış, daha sonra sayğacın dəyərinə və vurulmuş ziyana görə akt tərtib edərək iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmiş, təbii qazdan istifadə qaydalarının pozulması aktda iddiaçının sayğacın çıxış plastmas borusunu deşməklə təbii qazdan qeyri-qanuni istifadə etdiyi göstərilsə də, həmin faktın doğruluğu hər hansı sənədlərlə sübuta yetirilməmişdir. Halbuki, qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan əsası olmayan pul tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı üçün hesablanmış borc əsassız olmuş, hər hansı hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və iddiaçıya əsassız hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən Qusar rayonu İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı üçün hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-662/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-662/2024
08.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver