Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-712/2021 10.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın, həmin akt əsasında qəbul edilmiş qərarın etibarsız hesab edilməsi, əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib olunmuş 31 mart 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və həmin akt əsasında qəbul edilmiş 31 mart 2021-ci il tarixli qərarın etibarsız hesab edilməsinə, əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Fərdi istehlakçı kimi o, cavabdeh “Azəriqaz” X1 X2 İdarəsinin X3 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Müqaviləni 31 mart 2021-ci il tarixdə bağlamış, 26 yanvar 2021-ci il tarixdə isə onun evində olan qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş və yeni qaz sayğacı evdən bayırda, küçədə açıq vəziyyətdə qutusuz quraşdırılmışdır. 31 mart 2021-ci il tarixdə müqavilə bağlanarkən X3 Sahəsinin əməkdaşları onun evi üçün quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və bildirmişlər ki, qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri vardır. Bundan sonra akt tərtib olunmuş, o, isə buna etiraz edərək sayğaca heç bir müdaxilə etmədiyini, sayğacın cəmi iki ay əvvəl dəyişdirilərək küçədə quraşdırıldığını bildirmiş və aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra isə həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və ona 2160 kub.metr (216 manat) həcmində zərər hesablanmışdır. Göründüyü kimi “Azəriqaz” X1 X2 İdarəsinin X3 Sahəsi tərəfindən yuxarıda qeyd etdiyi aktda onun evinə quraşdırılmış qaz sayğacının hesablama mexanizminin yan tərəfdən əzildiyi və daxili qulaqcıqların əzik-cızıq izlərinin olduğu qeyd edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz onun tərəfindən müdaxilə edilməsi müəyyən olunmamışdır. Belə ki, həmin sayğac açıq vəziyyətdə, örtük və ya qutu olmadan küçədə quraşdırılmışdır. Bu səbəbdən də, o, həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində onun təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməyi əsaslandırılmamışdır. Odur ki, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2021-ci il tarixli ******* saylı akt və həmin aktın əsasında qəbul edilmiş 31 mart 2021-ci il tarixli qərar özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı kimi onun üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin akt və qərar etibarsız hesab edilməlidir. Bundan başqa, ona 216 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə yol verilməklə, həmçinin onun istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış 216 manat məbləğində borc silinməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan “Azəriqaz” X1 X2 İdarəsi ilə İddiaçı arasında bağlanmış 31 mart 2021-ci il tarixli 249 saylı “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsindən görünür ki, paylayıcı həmin müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilədə istehlakçı İddiaçı hər hansı digər vəzifələr daşıması nəzərdə tutulmamışdır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 26 yanvar 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Qusar şəhəri Y.Səfərov küçəsi 147 ünvanında olan evinə quraşdırılmış Elster tipli BK- G4Umarkalı, ******* nömrəli, üzərində 10337965 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli G4T markalı **********9 nömrəli, üzərində 11198249 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan MSK-29/1710-01452-1 saylı 31 mart 2021-ci il tarixli aktın surətindən görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin 31 mart 2021-ci il tarixli məktubuna əsasən 31 mart 2021-ci il tarixdə Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış əhalinin diafraqma tipli qaz sayğaclarına 31 mart 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və qulaqcıqlarda əzik-cızıq izlərinin olması aşkar olunduğu qeyd edilmişdir. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Qusar şəhəri Y.Səfərov küçəsi 147-də yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İşdə olan «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş 31 mart 2021-ci il tarixli qərarın (tələbnamənin) surətindən görünür ki, 31 mart 2021-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatı hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi «Azəriqaz» X1 X2 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Qusar şəhəri Y.Səfərov küçəsi 147 ünvanında yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və qulaqcıqlarda əzik-cızıq izlərinin olması aşkar olunması, məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Azəriqaz» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2021-ci il tarixli ******* saylı akt özlüyündə əsassız olmuş, mötəbər sübuta əsaslanmır, əksinə istehlakçı İddiaçı üzərinə müqavilədən kənar əsassız və haqsız öhdəlik qoyulmasına səbəb olmuşdur. Bu səbəbdən də, həmin aktın əsasında qəbul edilmiş 31 mart 2021-ci il tarixdə 2160 kub metr ziyanın hesablanmasına dair tərtib edilmiş qərar da qanunsuz və əsassız olmuş, özlüyündə şübhə doğurur və bu səbəbdən də həmin qərar da etibarsız hesab edilməlidir. Bundan başqa, İddiaçı 216 manat məbləğində borcun hesablanması da yuxarıda göstərilən məlum qaydaların tələblərinə ziddir, cavabdehin özünün kreditor hüquqlarındansui-istifadəyə yol verilməklə, həmçinin iddiaçının istehlakçı hüquqları pozulmaqla hesablanmışdır. Odur ki, əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Azəriqaz» X1 X2 İdarəsinin Qusar Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2021-ci il tarixli ******* saylı aktı, həmin akt əsasında itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair Xaçmaz X2 İdarəsinin 31 mart 2021-ci il tarixli qərarı etibarsız hesab edilsin və əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-712/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-712/2021
10.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver