Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-713/2021 24.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1inin qışlaq ərazisində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olmuşdur. Həmin torpaq sahəsi KOD 30107038 JN-0007 saylı 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onların adlarına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 1.6044 hektar hissəsinə dair başqa şəxsin-yəni Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Nə o, nə də ailə üzvləri həmin torpaq sahəsini heç bir şəxsə, o cümlədən Cavabdeh1 satmamışlar, torpaq sahəsinə dair sərəncam hüququ üzrə ümumiyyətlə heç bir müqavilə bağlamamışlar. Bu səbəbdən də, o, Cavabdeh1 adına verilmiş Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Qusar rayon məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 07.03.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, həmin çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 21.08.2020-ci il tarixli 2(105)-1243/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Qusar rayon məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, məlum olmuşdur ki, Cavabdeh1 1.6046 hektar torpaq sahəsini 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına 11.09.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hesab edir ki, Cavabdeh1 adına verilmiş Seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab olunduğundan həmin çıxarış əsasında Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11.09.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi ailəsinə verilmiş pay torpaq sahəsidir. Həmin torpaq sahəsini hər il əkib-becərir, torpağa görə subsidiyalar alır. 2015-ci ildə torpaq sahəsinə dair Çıxarış əldə etmək istəyərkən torpaq sahəsinin Cavabdeh1 adında olduğu məlum olmuşdur. Həmçinin, məlum olmuşdur ki, Cavabdeh1 torpaq sahəsini mövcud olmayan qətnamə əsasında satın almış, daha sonra Cavabdeh2 satmışdır. Ruslanın bu barədə xəbəri olmamış, o, Ruslanı əvvəllər görməmişdir. Ruslan həmin torpaq sahəsini fındıq bağı kimi satın almış, lakin torpaq sahəsinə baxmamış, ona məxsus torpaq sahəsi ümumi alınmış torpaq sahəsinin tərkibində olmuşdur. O, 2017-ci ildə bilmişdir ki, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə dair Cavabdeh1 adına çıxarış almışdır. 2018-ci ildə isə Ruslanı tanımışdır. Çingizin çıxarışı qanunsuz əldə etməsindən Ruslanın xəbəri olmamışdır. 2018-ci ildə Qusar rayon məhkəməsi tərəfindən Çingizin adına verilmiş çıxarış etibarsız hesab olunmuşdur. Qətnamə qəbul edilməmişdən əvvəl isə Çingiz torpaq sahəsini Ruslana satmışdır. Hesab edir ki, Çingizlə Ruslan arasında bağlanmış alqı-satqı müqaviləsi və Ruslanın adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, O, 2018-ci ildə Cavabdeh1la müqavilə bağlayaraq mübahisəli 1.60 ha torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsi girovda olmuş, notariat orqanı vasitəsi ilə ödəniş etməklə torpaq sahəsini girovdan çıxarmış, daha sonra isə torpaq sahəsinin dəyəri ödənilməklə notariat orqanında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinin Raiddinə məxsus olmasından onun xəbəri olmamışdır. Alqı-satqı müqaviləsi qanuna müvafiq qaydada çıxarışa əsasən bağlanmış, bütün sənədlər qaydasında olmuşdur. Daha sonra isə o, öz adına çıxarış almış, torpaq sahəsinə görə vaxtaşırı subsidiyalar da almışdır. Əgər o, bilsəydi ki, belə bir problem var, torpaq sahəsini satın almazdı. Torpaqla bağlı mübahisə yarandığına görə torpaqdan lazımınca istifadə edə bilməmişdir. Odur ki, iddianı əsasız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəməyə iddia barəsində etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 31 iyul 2018-ci il tarixli notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanarkən həmin müqavilənin predmeti olan torpaq sahəsinə dair Cavabdeh1 adına seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmuş və ona satılan torpaq sahəsi QSC "xxxx" KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Onun tərəfindən həmin torpaq sahəsi satın alınmamışdan əvvəl Cavabdeh1 ipoteka ilə təmin edilmiş öhdəliyi aradan qaldırılmış, banka olan borcu ödənilmiş, torpaq sahəsi bankın məktubuna əsasən ipotekadan çıxarılmış və daha sonra məlum alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi hər hansı bir şəkildə yüklü olmamış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bu barədə müvafiq forma-1 arayış verilmişdir. Bundan sonra alqı-satqı müqaviləsi notariat orqanında təsdiq edilmiş, torpağın dəyəri onun tərəfindən Cavabdeh1 ödənilmişdir. Bununla da alqı-satqı müqaviləsinin forma və məzmununda heç bir qüsur olmamış və alqı-satqı müqaviləsi bağlanarkən Azəbaycan Respublikası Mülki Məcəlləsinin hər hansı tələbi pozulmamışdır. Mülki Məcəllənin 140-cı maddəsində qeyd olunur ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd etdiyi kimi, onunla Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi 31 iyul 2018-ci il tarixdə bağlanmışdır. Həmin vaxt Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd həqiqi və tam olmuş, hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, qeydə dair hər hansı etiraz daxil olmamışdır. Həmin qeydin qeyridəqiq olmasını onun bilməyi isə mümkün deyildi. Çünki, o, daşınmaz əmlakın dövlət retyestrindən çıxarışa və daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanın arayışına əsasən alqı-satqı müqaviləsi bağlamışdır. Bundan başqa, alqı-satqı müqaviləsindən əvvəl Cavabdeh1 Bank qarşısında öhdəliyinin təmini kimi torpağa dair ipoteka müqaviləsi bağlanmış, torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu isə, təsdiq edir ki, o, Cavabdeh1la məlum alqı-satqı müqaviləsini bağlayarkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyası pozulmamışdır, həmin qeyd həqiqi və tam olmuşdur. Bundan başqa, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Hesab edir ki, o, alqı-satqı müqaviləsi bağlamaqla torpaq sahəsini əldə edərkən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət retyestrində aparılmış qeydiyyatın əsassız və ya düzgün olmamasını bilməməyi, bilməli olmamağı və bununla da, torpaq sahəsini vicdanlı olaraq əldə etməyi, bu səbəbdən onun hüquqlarının saxlanmalı olduğu nəzərə alınmalıdır. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş KOD 30107038 JN-0007 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli 15/1 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə ünvan 1i ərazisindən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Seriya MH № ******* saylı 04.06.2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********02 reyestr nömrəli 1.604401 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan AN-İ № ******* saylı 31 iyul 2018-ci il tarixli 4Ə-1371 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.6044 hektar olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 1.6044 hektar hissəsini, yəni hamısını alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən **********02 reyestr nömrəli 1.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 11 sentyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Qusar rayon Dövlət Notariat Kontoruna ünvanlanmış 20 iyul 2018-ci il tarixli **********171 saylı məktubun surətindən görünür ki, QSC "xxxx" KB ilə "xxxx" MMC arasında 18.05.2007-ci il tarixdə ********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus ünvan 1ində yerləşən 1.604401 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin məktubla bildirilir ki, ipoteka predmeti barəsində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə alqı-satqı üzrə satıcıya ödənilməli pul vəsaitindən bank, notarial və vergi xərcləri çıxıldıqdan sonra 69720 (altmış doqquz min yeddi yüz iyirmi) manat məbləğindən az olmamaqla bankın təqdim edilən müxbir hesabına köçürülməsi şərti ilə bank etiraz etmir. İşdə olan 01 avqust 2018-ci il tarixli 24 saylı ödəniş tapşırığının surətindən görünür ki, QSC "xxxx" KB-nin hesabına 69720 (altmış doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul köçürülmüşdür. İşdə olan Ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış 07 avqust 2018-ci il tarixli **********395 saylı məktubun surətindən görünür ki, QSC "xxxx" KB ilə ÇP Aqro MMC arasında bağlanmış 18.05.2007-ci il tarixli ********** saylı kredit müqaviləsini təmin etmək məqsədi ilə 27.06.2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə müvafiq olaraq Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus ünvan 1ində yerləşən 1.604401 ha torpaq sahəsi və digər torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. Həmin torpaq sahələrinin ipotekadan azad edilməsi xahiş olunmuşdur. İşdə olan Qusar rayonu Gündüzqala bələdiyyəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli 41 saylı arayışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə görə 2020-2021-ci illər üçün hesablanmış torpaq vergi borcu tam ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar X2 Mərkəzi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli 137 saylı arayışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 1ində yerləşən torpaq sahələri, o cümlədən 1.6 ha torpaq sahəsi üzrə 2020-ci ilin əkin mövsümünə görə 2020-ci ilin may ayında, cari ilin əkin mövsümünə görə isə 2021-ci ilin 06 avqust tarixində Cavabdeh2 məxsus fermer kartına 8370,38 manat əkin subsidiyası köçürülmüşdür. İşdə olan Qusar rayon məhkəməsinin 07.03.2019-cu il tarixli 2(029)-206/2019 saylı qətnaməsinin surətindən görünür ki, KOD 30107038 JN-0007 saylı 16 iyul 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.6046 hektar hissəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarış etibarsız hesab edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 21.08.2020-ci il tarixli 2(105)- 1243/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 07.03.2019-cu il tarixli 2(029)-206/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1inin ərazisində yerləşən 2.44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya və ailə üzvlərinə məxsus olmuşdur. Həmin torpaq sahəsi KOD 30107038 JN-0007 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onların adlarına xüsusi mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin 1.6044 hektar hissəsinə dair Cavabdeh1 adına Seriya MH ******* saylı 04.06.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi "xxxx" MMC ilə ləğv prosesində olan QSC "xxxx" KB arasında bağlanmış 18.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan sonra, 31 iyul 2018-ci il tarixdə həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh2 tərəfindən həmin torpaq sahəsi satın alınmamışdan əvvəl Cavabdeh1 ipoteka ilə təmin edilmiş öhdəliyi aradan qaldırılmış, banka olan borcu Cavabdeh2 tərəfindən ödənilmiş və daha sonra məlum alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi hər hansı bir şəkildə yüklü olmamış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bu barədə müvafiq forma-1 arayış verilmişdir. Bundan sonra alqısatqı müqaviləsi notariat orqanında təsdiq edilmiş, torpağın dəyəri Cavabdeh1 ödənilmişdir. Daha sonra isə həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına həmin torpaq sahəsinə dair Seriya RX № ******* saylı Çıxarış verilmişdir. Cavabdeh1 adına verilmiş Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçının iddiasına əsasən Qusar rayon məhkəməsinin 07.03.2019-cu il tarixli 2(029)- 206/2019 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. “N.Hacıyevin şiakyəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Kostitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Kostitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Bundan başqa, həmin qərarda qeyd olunmuşdur ki, Kostitusiya Məhkəməsi Plenumun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət retyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyəçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlkın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Kostitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Kostitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Kostitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın alqı-satqı müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Cavabdehlər Cavabdeh1la Cavabdeh2 arasında 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Qusar rayon notariat ofisi tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan torpaq sahəsinə dair sərəncam verən şəxsin-yəni Cavabdeh1 həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması yoxlanılmış və Cavabdeh1 Seriya MH ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bundan başqa, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın arayışına əsasən torpaq sahəsinin yüklü olmaması müəyyən edilmişdir. Həmin torpaq sahəsi alqısatqı müqaviləsi bağlanmamışdan əvvəl ipoteka ilə yüklü olsa da, müqavilə bağlanan anadək yüklülükdən azad edilmiş, daha sonra məlum alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla da, yuxarıda göstərilən torpaq sahəsi Mülki Məcəllənin, əqdin etibarlı sayılması üçün nəzərdə tutulmuş zəruri şərtlərə tam əməl olunmaqla bağlanmışdır. Bundan başqa, mülki qanunvericilikdə daşınmaz əmlakı əldə edənin vicdanlılığı prezimpsiyası müəyyən edilmişdir. Belə ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. O şəxs vicdanlı sayıla bilməz ki, alqı-satqı anında alqı-satqının predmeti barəsində 3-cü şəxslərin iddiaları barədə məlumatı olsun və həmin iddialar sonradan təmin olunmuş olsun. Hazırkı halda, Cavabdeh2 Cavabdeh1la məlum alqı-satqı müqaviləsini bağlayarkən İddiaçı hər hansı iddiası olmamış, həmin şəxs Cavabdeh2 tanımamışdır. İddiaçı həmin torpaq sahəsi ilə iddia qaldırarkən isə artıq məlum alqı-satqı müqaviləsi bağlanmışdı. Bununla da, Cavabdeh2 31 iyul 2018-ci il tarixli alqısatqı müqaviləsi üzrə əldə etdiyi torpaq sahəsinə dair vicdanlı alıcı olmuşdur. Kostitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyindən də görünür ki, məhkəmələr bu cür işlərə baxarkən əmlakı əldə edən şəxsin vicdanlı alıcı olub-olmaması araşdırılmalı və əgər şəxs vicdanlı olarsa, etibarsızlığa dair iddiaların təmin olunmasından imtina olunmalıdır. Həmçinin həmin prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə etmiş vicdanlı şəxs Cavabdeh2 torpaq sahəsinə dair əldə etmiş olduğu hüququ qorunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1ində yerləşən 1.6044 ha torpaq sahəsinə dair bağlanmış 31 iyul 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11.09.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-713/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-713/2021
24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver