Məhkəmə qərarları › İş №2(029)-720/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-720/2022

13.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-720/2022 13.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakları ilə İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Qusar rayon Notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Gündüzqala kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış 0.28 ha torpaq sahəsinə dair Cavabdeh1 onun adından Cavabdeh2 ilə bağladığı 29 dekabr 2021-ci il tarixli 4Ə-3413 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X5 iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.28 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh1 onun gəlini, Cavabdeh2 isə nəvəsidir. Cavabdeh1 2021-ci ilin təxminən noyabr ayında ona demişdir ki, yaşlı olduğuna, buna görə də, xəstəxanaya və digər yerlərə gedib-gələ bilmədiyinə görə Notariat Ofisinə gedərək hansısa sənədə imza etmək lazımdır ki, onun adından lazım olan yerlərə o, özü gedib-gəlsin. Bundan sonra o, gəlini Cavabdeh1 ilə birlikdə Qusar rayon Notariat Ofisinə getmiş və sənədə imza etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, gəlini Aynur notariusda ona etibarnaməyə imza etdirib və həmin etibarnamə əsasında ona məxsus 0.28 ha torpaq sahəsini onun adından nəvəsi Cavabdeh2 bağışlayaraq bu barədə onunla 29 dekabr 2021-ci il tarixli bağışlama müqaviləsi bağlamışdır. Halbuki, bütün bunlardan onun xəbəri olmamış, nə onunla Aynurun, nə də Səxavətin arasında torpaq sahəsinin bağışlanması barədə söhbət olmamışdır. Bununla da, gəlini onun həmin şəxsə inanmağından sui-istifadə edərək qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsini onun adından nəvəsi Səxavətə bağışlamışdır. Onun torpaq sahəsini kiməsə bağışlamaq niyyəti olmamış, əgər bağışlamaq fikri olsaydı, notariat ofisinə gedərək özü bu barədə nəvəsi Səxavətlə bağışlama müqaviləsi bağlayardı. Bunun üçün gəlininin adına etibarnamə verməyə gərək yox idi. Bu özü təsdiq edir ki, bağışlama müqaviləsi onun xəbəri olmadan gizli yolla bağlanmışdır. Göründüyü kimi, Cavabdeh1 aldatma yolu ilə həm onun nümayəndəsi olmuş, həm də onun xəbəri olmadan, gizli yolla və pis niyyətlə adından bağışlama müqaviləsi bağlayaraq mülkiyyətində olan 0.28 ha torpaq sahəsindən onu məhrum etmişdir. Ona görə də, hesab edir ki, onun adından Cavabdeh1 Cavabdeh2 ilə bağladığı 29 dekabr 2021ci il tarixli 4Ə-3413 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Cəvhərət Xanəhmədova 1933-cü il təvəllüdlü olmaqla yaşlı qadındır, Cavabdeh1 iddiaçının gəlinidir. İddiaçı xəstəlik sənədlərinə görə xəstəxanaya gedibgəlmək üçün Cavabdeh1 adına etibarnamə vermiş, sonuncu isə iddiaçının yaşlı olmasından istifadə edərək onun adından mülkiyyətində olan 0.28 ha torpaq sahəsini öz oğlu Cavabdeh2 bağışlamışdır. İddiaçının torpaq sahəsini Cavabdeh2 bağışlamaq niyyəti olmamış, belə bir niyyəti olsa idi özü notariat ofisinə gedib bu barədə müqavilə bağlayardı. Bununla da, bağışlama müqaviləsi iddiaçının iradəsinə zidd olaraq, həmin şəxs aldadılmaqla bağlanmışdır. Çünki, iddiaçı etibarnaməni bağışlama müqaviləsinin bağlanması üçün verməmişdir. Etibarnamə verildikdən bir ay sonra bağışlama müqaviləsi bağlanmış, iddiaçı bundan xəbər tutduqdan sonra isə etibarnaməni ləğv etmişdir. Bundan başqa, bağışlanan torpaq sahəsi iddiaçı ilə onun həyat yoldaşı Qəribəli Xanəhmədovun birgə mülkiyyətində olmuş, sonuncu vəfat etmiş, lakin onun mirasına dair vərəsəlik müəyyən olunmamışdır. Cəvhərət Xanəhmədova həmin torpaq sahəsinin ½ hissəsini bağışlaya bilərdi. Qəribəli Xanəhmədovun payı isə açıq saxlanmalı idi, Cəvhərət həmin hissəni bağışlaya bilməzdi. Torpaq sahəsinin bütövlükdə bağışlanması mərhum Qəribəli Xanəhmədovun vərəsələrinin vərəsəlik hüquqlarını pozmuş, bu barədə müqavilə bağlanması qanun pozuntusudur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 2003-cü ildə iddiaçı X3 oğlu ilə ailə həyatı quraraq iddiaçının Qusar rayonu Gündüzqala kəndində yerləşən evinə gəlin köçmüşdür. Sonradan o, qaynanası Cəvhərətlə yola getməmiş və 2013-cü ildə onu qeyri-rəsmi şəkildə evdən çıxarmışlar, o, həmin vaxtdan oğlu Cavabdeh2la birlikdə özünün valideynlərinin Qusar rayonu Bədişqala kəndində yerləşən evinə köçmüşdür. Həmin vaxtdan 2 il keçdikdən sonra qaynanası Cəvhərət onun yanına gələrək bildirmişdir ki, oğlu-yəni onun keçmiş əri evə başqa qadın gətirmiş, həmin qadınla yola getmir və istəyir ki, torpaq sahəsini nəvəsinin-yəni Səxavətin adına keçirsin. Notariat ofisində də qaynanası Cəvhərət özünün gəlib-gedə bilmədiyini, bütün işləri gəlini Aynurun-yəni onun etməsini demişdir. Bundan sonra Cəvhərət notariat ofisində onun adına etibarnamə vermişdir. Cəvhərətin 90-a yaxın yaşı var, hazırda onun keçmiş ərinin ikinci arvadı ilə birlikdə yaşayır, Cəvhərətin oğlu isə Rusiyadadır. Cəvhərət özü onu notariat ofisinə aparmış, özünün şəxsiyyət vəsiqəsini təqdim etmiş və onun adına etibarnamə vermişdir. Cəvhərətin öz təşəbbüsü ilə torpaq sahəsi Səxavətə bağışlanmışdır. Əvvəlcə Cəvhərətin adına torpaq sahəsinə dair çıxarış olmamışdır. Notariat ofisində olan işçilər sənədlərin düzəldilməsi ilə bağlı məsləhətlər vermişlər, orada bildirmişlər ki, əgər Cəvhərətin əri ölmüşdürsə, torpaq sahəsini Cəvhərət bağışlaya bilər. Sənədlərdə bəzi səhvlər də olmuş, həmin səhvlər aradan qaldırılmış, daha sonra isə bağışlama müqaviləsi bağlanmışdır. O, nə üçün Cəvhərətin öz torpaq sahəsini birbaşa Səxavətə bağışlamadığını bilmir, Cəvhərət özü demişdir ki, bağışlama müqaviləsini həmin şəxsin adından o, bağlasın. Bağışlama müqaviləsinin bağlanmasına görə rüsumun ödənilməsi üçün Cəvhərət ona 250 manat məbləğində pul vermiş, qalan pulu isə özü vermişdir. Sonradan etibarnamənin ləğv olunması barədə məlumatı yoxdur. Bağışlama müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinə dair Cavabdeh2 adına Çıxarış verilmiş, lakin hansı tarixdə verildiyi yadında deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 2013-cü ildən anası ilə birlikdə Qusar rayonu Bədişqala kəndində, ana babasının evinə köçmüşdür. Atası 2-ci dəfə ailə həyatı qurmuş, evə başqa qadın gətirmişdir. Nənəsi özü Bədişqala kəndinə, ana babasının evinə gələrək atasının evə gətirdiyi qadınla yola getmədiyini, ona görə də, torpaq sahəsini ona bağışlamaq istədiyini bildirmişdir. Nənəsi onun anasına evə qayıtmasını və birlikdə yaşamalarını təklif etmiş, lakin anası atasından ayrıldığına görə buna razı olmamışdır. Onun atası evin ən kiçik övladıdır və nənəsi Cəvhərət torpaq sahəsini nəvəsi olaraq ona bağışlamaq istədiyini demişdir. Bundan sonra nənəsi Cəvhərət notariat ofisinə getmiş, anasının adına etibarnamə vermiş və daha sonra o, da notariat ofisinə gedərək anası ilə aralarında bağışlama müqaviləsi bağlamışdır. Bütün bu işləri edən atası ilə onun ikinci arvadıdır, nənəsinin bu işlərdən məlumatı yoxdur. Hazırda torpaq sahəsi onun mülkiyyətinə keçmiş və o, iddianı qəbul etmir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. İddiaçı X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının, Cavabdeh2 və Qusar rayon Notariat Ofisinin notariusunun iştirakları olmadan, iddiaçının nümayəndəsi və vəkilinin iştirakı ilə baxılmasını mümkün hesab edir. İşə baxıb, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, AR-İİ 489924 saylı 7E-7327 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X5 harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi Cavabdeh1 etibar etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********85 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.28 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X3 və X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ 208597 saylı ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Qusar rayonu Gündüzqala kəndində ölmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli **********85 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.28 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən 29 dekabr 2021-ci il tarixdə 4Ə-3413 reyestr nömrəsi ilə təsdiq edilmiş, X3 nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.28 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi Cavabdeh1 tərəfindən Cəvhərət Xanəhmədovanın adından Cavabdeh2 bağışlanmışdır. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli X-1423 saylı məktubdan görünür ki, X3 adından Cavabdeh1 adına Qusar NO-dan 03 noyabr 2021-ci il tarixində verilmiş 7E-7327 reyestr nömrəli etibarnamə 30 aprel 2022-ci il tarixdə ləğv olunmuşdur. 23 noyabr 2007-ci il tarixdə Qusar rayonu Gündüzqala kəndində ölmüş X2 mirasına dair qanun üzrə vərəsəlik işinə dair müraciət olunmamış və qanun üzrə vərəsəlik işi açılmamışdır. İşdə olan Cavabdeh2 məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.2004-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 30.2, 30.2.1, 30.2.2 və 30.2.4-cü maddələrinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin; xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfmə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.- Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 345.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. Həmin Məcəllənin 345.2-ci maddəsinə əsasən bu maddənin qaydaları bu Məcəllənin qaydalarına müvafiq surətdə tam fəaliyyət qabiliyyətli olmuş yetkinlik yaşına çatmayanların əqdlərinə şamil edilmir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Notariat Haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər, hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Həmin Qanunun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair alqı-satqı, bağışlama və s. müqavilələr mütləq notariat qaydasında təsdiq olunmalıdır. Müqavilənin notariat qaydasında təsdiq olunmaması isə onun etibarsızlığına səbəb olur. Bundan başqa, həmin kateqoriya müqavilələrin notariat qaydasında təsdiqlənməsi qaydaları da mülki qanunvericiliyin tərkib hissəsidir və həmin qaydaların pozulması, o cümlədən müqavilənin düzgün təsdiq edilməməsi də həmin müqavilələrin etibarsızlığına səbəb olur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı X3 gəlinidir, lakin Cavabdeh1 ilə Cəvhərət Xanəhmədovanın oğlunun ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmaqla başqa ünvanlarda yaşayırlar. Cəvhərət Xanəhmədovanın tərəfindən Cavabdeh1 adına əmlaklarının idarə edilməsi, barəsində sərəncam verilməsi və s. hərəkətlər edilməsi barədə 03 noyabr 2021-ci il tarixli etibarnamə verilmişdir. Etibarnamə verildiyi vaxtdan 1 ay 26 gün keçdikdən sonra-yəni 29 dekabr 2021-ci il tarixdə isə Cavabdeh1 Cəvhərət Xanəhmədovanın adına olan, Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.28 ha torpaq sahəsini həmin şəxsin adından öz oğlu Cavabdeh2 bağışlamışdır. Etibarnamə verilən vaxt Cəvhərət Xanəhmədovanın 88 yaşı olmuş, bağışlanan torpaq sahəsi isə həmin şəxsin mülkiyyətində olmamışdır. Etibarnamə verildikdən sonra əvvəlcə həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cəvhərət Xanəhmədova ilə Qəribəli Xanəhmədovun adlarına qeydiyyata alınaraq 09 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmiş, bundan sonra Qəribəli Xanəhmədov öldüyünə görə həmin şəxsin mirasına dair vərəsəlik müəyyən olunmadan, cəmi 19 gün sonra naməlum səbəbə görə həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cəvhərət Xanəhmədovanın adına qeydiyyata alınaraq 28 dekabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Həmin vaxtdan bir gün keçdikdən sonra isə məlum bağışlama müqaviləsi bağlanmışdır. Bununla da, Cavabdeh1 adına etibarnamə verilən anda Cəvhərət Xanəhmədovanın istifadəsində olan əmlakların dairəsi dəqiq olmamış (mülkiyyət sənədi olmamış), həmin vaxt onun 88 yaşı olmaqla bağışlanan torpaq sahəsinin hansı hissəsinin özünə məxsus olması barədə dəqiq məlumatı da olmamışdır. Bundan başqa, Cavabdeh1 torpaq sahəsinin birgə mülkiyyətçisi olmuş Qəribəli Xanəhmədovun vərəsələrinin hüquqlarını da pozmuş, tələsik şəkildə və naməlum səbəbdən həmin şəxsin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olan adının çıxarılmasına nail olmuş, çıxarış tam mülkiyyət hüququ üzrə Cəvhərət Xanəhmədovanın adına verildiyi günün növbəti gün isə torpaq sahəsinin əvəzsiz olaraq öz oğlunun adına bağışlanmasına nail olmuşdur. Bu isə məlum bağışlama müqaviləsinin Cəvhərət Xanəhmədovanın iradə ifadəsini əks etdirməməsinə və adına etibarnamə verdiyi Cavabdeh1 tərəfindən nümayəndə səlahiyyətlərindən sui-istifadəyə yol verildiyinə, onun etibarnamə üzrə pis niyyətlə, özünün mənafeyinə uyğun, etibarnamə vermiş şəxsin mənafeyinə isə zidd əqd bağladığına dəlalət edir. Bundan başqa, bağışlama müqaviləsi bağlanan vaxt-yəni 29 dekabr 2021-ci il tarixdə bağışlama müqaviləsi üzrə hədiyyə alan şəxs Cavabdeh2 18 yaşı tamam olmamış və yetkinlik yaşına çatmamaqla tam fəaliyyət qabiliyyətli şəxs olmamışdır. Buna baxmayaraq, müqavilə bağlanan zaman onun qanuni nümayəndəsinin və ya valideyninin razılığı alınmamışdır. Qusar rayon Notariat ofisi isə Cavabdeh2 əqdi imzalamaq hüququ olmadan, o cümlədən həmin qanuni nümayəndəsinin razılığını almadan həmin müqaviləni təsdiq etmişdir. Bununla da, bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllənin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cəvhərət Xanəhmədovanın iddiası əsaslıdır, ona görə də təmin edilməli, Qusar rayonu Gündüzqala kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmış 0.28 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinə dair Cavabdeh1 Cəvhərət Xanəhmədovanın adından Cavabdeh2 ilə Qusar rayon Notariat ofisində bağladığı 29 dekabr 2021-ci il tarixli 4Ə-3413 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qusar rayonu Gündüzqala kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmış 0.28 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsinə dair Cavabdeh1 Cəvhərət Xanəhmədovanın adından Cavabdeh2 ilə Qusar rayon Notariat ofisində bağladığı 29 dekabr 2021-ci il tarixli 4Ə-3413 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar