Məhkəmə qərarları › İş №2(029)-721/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-721/2021

21.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-721/2021 21.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” X2 X5 İdarəsinin X6 sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsinə və ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini azaldılması barədə məhkəməyə ərizə təqdim edərək “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair “Azəriqaz” X2 Regional Qİİ-nin Qusar QİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş 31.03.2021-ci il tarixli qərarının (dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi) ləğv edilməsi”ni tələb etmədiyini göstərərək “Azəriqaz” İB-nin Xaçmaz Regional Qİİ-nin qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdehlə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtı-vaxtında ödəyir. 31 mart 2021-ci il tarixdə X6 sahəsinin əməkdaşları Qusar rayonu, Çiləgir kəndində yerləşən yaşayış evinə gəlib onun evinə aid, lakin evindən aralıda, küçədə yerləşən qaz sayğacına baxış keçirmişlər. Bundan bir müddət keçəndən sonra X6 sahəsinin əməkdaşları onun Qusar rayonu, Çiləgir kəndində yerləşən yaşayış evinə gələrək qaz sayğacına guya onun tərəfindən müdaxilə olunduğunu, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğunu bildirərək barəsində 31 mart 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin akta əsasən də 31 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona itirilmiş qazın bərpası olaraq 2160 kubmetr qaz sərfiyyatı, yəni 216 (iki yüz on altı) manat borc hesablamışlar. İndi də X6 sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə onun evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Hesab edir ki, “Azəriqaz” X2 X5 İdarəsinin X6 sahəsinin əməkdaşaları tərəfindən tərtib edilmiş 31 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında ona hesablanmış 216 (iki yüz on altı) manat borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qazdan istifadə Qaydalarının 4.7-ci bəndinə əsasən “sayğacların üzərindəki plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacı qaz paylayıcısı hesabına) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır”. Lakin, onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. O, həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini, sayğacın hesablama mexanizminin qapaq şüşəsinin kim tərəfindən sındırıldığını bilmir. Həm də ki, sayğacın üzəri X6 sahəsinin əməkdaşları tərəfindən müvafiq örtüklə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən həmin müdaxilələrə görə o- istehlakçı deyil, X6 sahəsi cavabdehlik daşıyır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan “Azəriqaz” X2 X4 İdarəsi ilə X1 arasında bağlanmış 30 mart 2021ci il tarixli 429 saylı “Qaz paylayıcısi ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” Müqaviləsinin surətindən görünür ki, paylayıcı həmin müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Həmin müqavilədə istehlakçı Habil İbrahimovun hər hansı digər vəzifələr daşıması nəzərdə tutulmamışdır. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 04 fevral 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı ünvan 2i ünvanında olan evinə quraşdırılmış Elester tipli G-4 markalı, ******* nömrəli, üzərində 10129068 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli G-4 markalı **********8 nömrəli, üzərində 11018252 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan «Azəriqaz» X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 mart 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 2ində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan «Azəriqaz» X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş 31 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 31 mart 2021-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan ünvan 3 ünvanında yerləşən abonentin saldosundan görünür ki, istehlakçıya akt üzrə 216 manat məbləğində borc hesablanmışdır. İşdə olan 31 mart 2021-ci il tarixli MSK-29/1710-01429-1 saylı aktdan görünür ki, zavod nömrəsi ******* olan sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu göstərilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi «Azəriqaz» X2 X4 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və qulaqcıqlarda əzikcızıq izlərinin olması müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsində və qulaqcıqlarda əzik-cızıq izlərinin olmasında İddiaçı təqsirinin olması, onun tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı un evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və qulaqcıqlarda əzik-cızıq izlərinin olmasının aşkar olunması, məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Azəriqaz» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın qərarının (dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi) ləğv edilməsi”ni tələb etmədiyini göstərərək yalnız “Azəriqaz” İB-nin Xaçmaz X5 İdarəsinin 31 mart 2021-ci il tarixli qərarı ilə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinə əlavədə göstərilən tələb üzrə “Azəriqaz” İB-nin Xaçmaz X5 İdarəsinin Qusar XSnin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş 31 mart 2021-ci il tarixli ******* saylı akta əsasən Xaçmaz X5 İdarəsinin “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” komissiyanın 31 mart 2021-ci il tarixli qərarı ləğv edilməməli, həmin qərar əsasında əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azəriqaz” X2 X5 İdarəsinin X6 sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2021-ci il tarixli ******* saylı akt əsasında Xaçmaz X4 İdarəsi tərəfindən qəbul edilmiş 31 mart 2021-ci il tarixli “itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair” tələbnaməyə (qərara) əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar