Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-748/2023 19.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AZƏRİQAZ X1 X2 İdarəsi tərəfindən əsassız hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Qusar şəhəri, Şarvili küçəsi-4 ünvanında yerləşən özümə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, "Qaz təchizatı haqqında" AR Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən cavabdehlə bağladığı "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" xx.xx.2021-ci tarixli 270 nömrəli Müqaviləyə əsasən yaşayış evində təbii qazdan istifadə edir. Həmin müqavilə 7.3-cü bəndinə əsasən indiyədək qüvvədədir. İstehlak etdikləri təbii qazın haqqını həmişə ödəmişdir. 25 may 2023-cü il tarixdə X3 İstismar İdarəsinin (RQİİ) Qusar Xidmət Sahəsinin nümayəndələri onun evinə gedən, lakin evindən aralıda, Şarvili küçəsində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Onlar ona heç bir səbəb göstərmədən və razılığı olmadan evinə gedən qaz xəttinin üzərindəki G-4T markalı, **********3 zavod nömrəli, 11655 m3 göstəricisi olan qaz sayğacını başqa bir qaz sayğacı ilə əvəz edərək, sayğacını özlərinin dediklərinə görə növbədənkənar dövlət yoxlamasına göndərmək üçün aparmışlar. Sayğacının dəyişdirilməsinin səbəbini soruşanda, Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin nümayəndələri ona bildirmişlər ki, sayğacında nöqsan aşkar edilib və bu səbəbdən sayğac növbədənkənar dövlət yoxlamasına aparılmalıdır. Sayğacına baxış keçirilən və xətdən açılan zaman o, mobil telefonu ilə sayğacının hər tərəfdən foto şəkillərini çəkmiş və bu işə əlavə edir. Şəkillərdən də aydın görünür ki, sayğacının üzərində heç bir əzik yeri və yaxud digər nöqsan yoxdur. Qeyd etməlidir ki, sayğac çıxarılan zaman bütün plomblar verində olmuşdur. Hec bir ekran və gövdə hissələrində əzik, cızıq və desik izləri aşkar olunmamışdır. O, sayğacının dəyişdirilməsinə etirazını bildirmiş və onlara demişdir ki, sayğaca əl vurmamış, sayğac küçədədir, sayğacın üstü örtülməmişdir, qutuda yerləşdirilməmişdir, sayğaca müdaxilə olunmamışdır, təzə sayğacın qoyulmasına heç bir ehtiyac yoxdur. Buna baxmayaraq, onlar bildirmişlər ki, sayğacın dəyişdirilməsinə icazə verməsə evinə gedən qaz dayandırılacaq. Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin nümayəndələri həmin gün, yəni 25 may 2023-cü il tarixdə öz aralarında “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli aktı tərtib edərək, sayğacını çıxarıb, başqa sayğac quraşdırmışlar. Lakin, o, onların öz aralarında tərtib etdikləri ******* nömrəli aktı əsasız hesab edərək həmin aktı imza etməmişdir. Onlar bildirmişlər ki, köhnə sayğacı müdaxilənin olub-olmamasını aydınlaşdırmaq məqsədilə ekspertizaya göndərəcəklər. Onların quraşdırdıqları yeni sayğac da evinin həyətində deyil, küçədə, özü də örtüksüz və qutusuz yerləşdirilmişdir. Bundan sonra da o, evində istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəməyə davam etmişdir. 31 may 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları təzədən evinə gəib onların evinə aid 25 may 2023-cü il tarixdə dəyişdirilmiş köhnə qaz sayğacına onların tərəfindən müdaxilə edildiyini bildirmişlər və 31 may 2023-cü il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında akt tərtib etmişlər. Onlar bildirmişlər ki, köhnə qaz sayğacı barədə ekspertiza rəyinə görə həmin sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan plastmas plomblardan ikisi (üst hissədəkilər) üzərində əzik-cızıq izləri var. O, Qusar Xidmət Sahəsinin əməkdaşlarına bir daha bildirmişdir ki, sayğaca əl vurmamış, sayğaca hər ay qaz nəzarətçisi baxır, sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatını hesablayır və ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. Lakin, Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsinin əməkdaşları onun sözlərinə məhəl qoymayaraq barəsində Təbii qazdan istifadə qaydalarının pozuntusu haqqında akt tərtib etmişlər və ona guya qazdan qanunsuz istifadə metdiyinə görə 1555 manat 20 qəpik borc hesablamışlar. İndi də ondan həmin borcu tələb edirlər, əks təqdirdə qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı ünvan 2 ünvanda yerləşən evinə quraşdırılmış Zenner tipli G-4T markalı, **********3 nömrəli, üzərində 13644093 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli G-4T markalı **********3 nömrəli, üzərində 12461538 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-5669/Q002 saylı aktına əsasən İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış G-4 tipli, **********3 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan ikisində əzik-cızıq işləri vardır. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 12960 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan ünvan 2 ünvanda yerləşən abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 1555.20 manat borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğacın dəyərinə və vurulmuş ziyana görə akt tərtib edərək iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan sayğacın dəyərinə görə pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və iddiaçıya əsassız hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən ünvan 3 ünvanına dair İddiaçı üçün hesablanmış 1555.20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-748/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-748/2023
19.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver