Məhkəmə qərarları › İş №2(029)-762/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-762/2021

21.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-762/2021 21.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun vəkili X16, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 oktyabr 2013-cü il tarixdə Qusar Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 1980-ci ildən ünvan 1 ünvanında yaşamışdır. X7 13 sentyabr 2012-ci il tarixdə, anası X3 isə 28 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra Cavabdeh2nə ərizı ilə müraciət etmiş, valideynlərindən miras qalan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və evə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 18 may 2021-ci il tarixli, **********13 saylı məktubu ilə bildirmişlər ki, mərhum X7na məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Qusar rayon Notariat kontorunun 23.10.2013-cü il tarixli, 2V-302 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh2nə müraciət edib notariat işi ilə tanış olduqda aşkar olmuşdur ki, atası vəfat etdikdən sonra Qusar RİHB-nın Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi arayış vermiş, həmin arayışda X17 vəfatından sonra vərəsələr göstərilmişdir. Həmin arayışda onun adı qeyd edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi saxta sənədlər əsasında və onun razılığı olmadan qanun üzrə vərəsəlik haqqında şəhadətnmə alınmışdır ki, bu da onun konstitusiyada və mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, izahatında göstərmişdir ki, o, Bakı şəhərində fəhlə işləyir, 12 ildir ki, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi onun X7na məxsus olmuşdur. X34 13.09.2012-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edən zaman o, Bakı şəhərində olmuş və ona bu barədə məlumat verilməmişdir. Ona görə də, atasının dəfn mərasimində iştirak edə bilməmiş, sonradan ancaq üç mərasimində iştirak etmişdir. X22 isə 28.09.2020-ci il tarixdə vəfat etmiş, həmin vaxt bu barədə ona məlumat verilmiş və o, Qusar şəhərinə gələrək anasının dəfn mərasimində də iştirak etmişdir. Atası vəfat etdikdən sonra vərəsəliklə bağlı notariusa müraciət etməmiş, çünki bu barədə onun xəbəri olmamışdır. Anası vəfat etdikdən sonra isə Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən notariat orqanına müraciət etdikdə, ona vərəsəliklə bağlı Qusar rayonu Notariat ofisinə müraciət etməyi tövsiyyə olunmuşdur. Bundan sonra o, Qusar şəhərinə gəlmiş, Cavabdeh2nə ərizə vermiş və məlum olmuşdur ki, sözü gedən fərdi yaşayış evi artıq Cavabdeh1 məxsusdur. Anası vəfat etdikdən sonra Cavabdeh1 ondan anasına məxsus Bank kartındakı pulları çıxartmaq üçün ondan ərizə istəmişdir. O, 2007-ci ildə ailə həyatı qurub Bakı şəhərinə getmiş, 2008-ci ildən sonra Qusar şəhərinə gəlib-getmiş, mübahisəli evdə onun şəkilləri qalmışdır. Mübahisəli evə gələndə ona üz göstərilmədiyindən o, gah qaynanasıgildə, gah da, dostunun evində qalmışdır. Ola bilər ki, mübahisəli evdə təmir işləri aparılsın, bununla bağlı evdə olan oboylar və qapılar dəyişdirilsin. Həmin evdə mətbəx çöldə yerləşmiş, evin qarajı da olmuşdur. Hesab edir ki, mərhum atasının mirasına dair vərəsəlik düzgün müəyyən olunmamış. onun hüququ pozulmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X27 iddianı müdafiə etmiş, izahatında göstərmişdir ki, İddiaçı xx xxxx 1980-cı ildə Qusar şəhərində anadan olmuş, onlar ailədə 5 uşaq olmuşlar. İddiaçının atası 13 sentyabr 2012-ci ildə, anası isə 28 sentyabr 2020-ci il tarixdə vəfat etmişlər. Anasının ölümündən sonra İddiaçı Notariusa ərizə vermiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki, qardaşı Cavabdeh1 mirası qəbul etmiş və bu barədə Cavabdeh1 mirasın qəbulu ilə bağlı Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamə hüquq pozuntuları ilə verilmişdir. Belə ki, ailə üzvləri barədə arayışda iddiaçının adı qeyd edilməmiş, cavabdeh notariusa ərizə göndərəndə notarius vərəsələr barədə məlumat verilməsini tələb etmiş, lakin notariusa təqdim olunan vərəsələr barədə məlumatda iddiaçının adı göstərilməmişdir. İddiaçı ərizədə anasının 50% mirasından imtina etmiş, atasından ona düşən miras barədə imtina ərizəsi yazmamışdır. Bunu notarius araşdırmalı, vərəsəlik müəyyən olunarkən Alik Ağarəhimovun 50 faiz mülkiyyət payına vərəsəlik müəyyən olunmalı, Lyudmila Ağarəhimovaya məxsus 50 faiz hissə isə saxlanmalı idi. Cavabdeh qardaşı İlqarın Bakı şəhərində yaşadığını bilmiş, ona görə bu barədə məlumat verməli idi. Bundan sonra İlqara bildirişlər verilməli, əgər gəlməsə onda onun payı başqasına verilməli idi. Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən vərəsələr barədə arayış verilərkən İddiaçı Qusar şəhərində qeydiyyatda olmuşdur. Ona görə də, arayışda iddiaçının da adı göstərilməli idi. İlqar 2008-ci ildən sonra mübahisəli evdə yaşamamış, çünki Qusara gələndə ona həmin evdə yaşamağa imkan verməmişlər. Ona görə də, İlqar məcbur olmuşdur ki, başqalarının evində yaşasın. Bundan başqa, hazırkı iddiaya iddia müddəti tətbiq oluna bilməz, çünki mirasın qəbulu müddəti iddia müddəti deyildir, Mülki Məcəlləyə əsasən mirasın qəbulu müddəti uzadıla bilər. İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Mülki Məcəllənin 1300, 1301-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi onun X7na məxsus olmuşdur. X34 13.09.2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun qardaşıdır. Qardaşı İlqar 12 ildir ki, ailə qurub və Bakı şəhərinə köçüb orada yaşayır, Bakıda dəqiq hansı ünvanda yaşaması barədə məlumatları yoxdur, telefon nömrəsinə zəng edərkən götürmür, hərdən yalnız onun dostları vasitəsi ilə onunla əlaqə saxlanılır. Atası vəfat edəndə qardaşı İlqara bu barədə məlumat verilmiş, lakin İlqar atasının dəfn mərasiminə gəlməmiş, 3 gün sonra gəlmişdir. Anası vəfat edəndə də, dostu Oktay və dayısı uşaqları zəng edib bu barədə İlqara məlumat vermiş, İlqar isə Beyləqanda olduğunu bildirmişdir. Bundan sonra İddiaçı qaynanası gəlmiş və cənazənin saxlanmasını demiş, iddiaçı 10-15 dəqiqə sonra gələrək anasna baxmış və dəfnində iştirak etmişdir. Valideynləri xəstə olmuş, iddiaçının bundan xəbəri olsa da, bir dəfə də olsa onların yanına gəlməmiş, onların müalicə olunmasında, onlara baxılmasında heç cür iştirak etməmişdir. X31 o, özü saxlamış, bütün müalicələrini öz hesabına ermişdir. Dəfn xərclərini ödəmək üçün atasının bank kartındakı qalıq pensiya məbləğini götürmək üçün bütün vərəsələrdən ərizə tələb olunmuş, İlqara zəng etdikdə o telefonu götürməmiş, ərizə təqdim etməmiş və ona görə kartdakı pulu ala bilməmişdir. Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən ona verilmiş arayışı notariusa təqdim etmişdir. O, həmin nümayəndəliyə İddiaçı adının vərəsələr haqqında arayışa yazılmamasını deməmişdir. Arayış verilən zaman İlqarın adı təsərrüfatbaşına kitablarda olmamış, bu səbəbdən arayışda adı göstərilməmişdir. Notariusa yazdığı ərizədə olan imza onun özünə məxsusdur, ev atasının evidir, kim istəsə gəlib-gedə bilər. Sexi isə atasının özü satmışdır. Bununla da, mərhum atasının mirasına dair onun adına verilmiş vərəsəlik Şəhadətnaməsi qanuni verilmişdir, həmin əmlakları indiyədək o, idarə edir, bütün kommunal və digər xərcləri o, ödəyir, evi öz hesabına tam təmir etmişdir. İddiaçıya məxsus həmin evdə heç bir əmlaklar yoxdur, iddiaçı heç evin qapısının necə açılmasını bilmir, 12 ildir ki, ailə qurub Bakı şəhərində yaşayır, o vaxtdan mübahisəli evə gəlməmişdir. Həmin şəhadətnamə əsasında verilmiş Çıxarış da qanuni və əsaslı olmuşdur. İddiaçı iddia müddətini də ötürmüş, vaxtında mirası qəbul etməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının X7na məxsus olmuşdur. Həmin şəxsin 5 övladı olmuşdur. İddiaçı atası sağ ikən ailə həyatı qurmuş, qız qaçırdığına görə ailəsi ilə aralarında mübahisələr yaranmış, buna görə də başqa yerlərdə yaşamışdır. 2007-ci ildən sonra həmin evə gəlməmişdir. Atası xəstə olanda da, atası vəfat edəndə də dəfn mərasiminə gəlməmiş, 3 gündən sonra gəlmişdir. Cavabdeh1 və İddiaçı 3 bacıları vardır və həmin şəxslər də təsdiq edirlər ki, İddiaçı sözü gedən evə gəlib-getməmişdir. Həmin şəxslər özlərinə məxsus miras paylarından Cavabdeh1 xeyrinə imtina etmişlər. Qusar rayon məhkəməsinin 09.06.2014-cü il tarixli qətnaməsi ilə İlqarın mübahisəli evə istifadə hüququna xitam verilmişdir. Ona görə də, Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda iddiaçının adı yazılmamışdır, çünki həmin şəxs mübahisəli evdə 12 ildən artıqdır ki, yaşamır, təsərrüfatbaşına kitablarda adı yoxdur. Həmin işə baxılanda dəfələrlə İlqarın yerinin məlum olunması üçün işə baxılması təxirə salınmışdır. Hətta, İƏD üzrə nümayəndəliyə də sorğu göndərilmiş, amma İlqarın yaşayış yerini tapmaq mümkün olmamışdır. Mübahisəli evə və torpaq sahəsinə dair vərəsəlik müəyyən olunarkən həmin əmlaklara dair Lyudmila Ağarəhimovanın mülkiyyət hüququ olmamışdır. Bununla da, cavabdehin mərhum atasının mirasına dair onun adına verilmiş vərəsəlik Şəhadətnaməsi və həmin şəhadətnamə əsasında verilmiş Çıxarış qanuni və əsaslı olmuşdur. Bundan başqa, İddiaçı iddia müddətini ötürmüş, vaxtında mirası qəbul etməmişdir. Ona görə də, iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina olunmalıdır. Vəkil2 qeyd olunanalara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan reyestr nömrəsi **********97-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0654 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X17 adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 540851 saylı 18.09.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 13.09.2012-ci il tarixdə Qusar şəhərində Hipoxolemik şok səbəbi ilə ölmüşdür. İşdə olan AZ-İİ 172140 saylı 28 aprel 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.09.2020-ci il tarixdə Qusar şəhərində İnsulindən asılı şəkərli diabet, Koma səbəbi ilə ölmüşdür. İşdə olan Qusar RİHB-nin Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2013-cü il tarixli 748 saylı arayışdan görünür ki, 13.09.2012ci ildə vəfat etmiş X26 vəfat etdiyi günədək ünvan 1 saylı evdə yaşamış və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: X4, Cavabdeh1, X14, X18 və X21. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsindən verilmiş 18.05.2021-ci il tarixli **********13 saylı İddiaçı ünvanlanmış məktubdan görünür ki, iddiaçının mərhum X7na məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Qusar rayonu Notariat kontorunun 23.10.2013-cü il tarixli, 2V-302 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özgəninkiləşdirilmişdir. İşdə olan 23 oktyabr 2013-cü il tarixli reyestr nömrəsi 2V-302 olan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 13 sentyabr 2012-ci ildə vəfat etmiş X17 miras kütləsinə daxil olan ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 0,0654 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 89.6 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 verilmişdir. İşdə olan ünvan 1 ünvanında yaşayan X1, X5, X6 və X9 Qusar rayon Notariat Kontoruna verdikləri ərizələrindən görünür ki, 13.09.2012-ci ildə vəfat etmiş mərhum X15 miras qalmış əmlaklardan onlara çatan paydan Cavabdeh1 xeyrinə imtina etmişlər. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəklərini qeyd etmişlər. İşdə olan X10, X19, X23, X11 və X2 tərəfindən tərtib olunmuş 18 oktyabr 2021-ci il tarxli aktdan görünür ki, İddiaçı 2007-ci ildən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşamır. İşdə olan İddiaçı notariat qaydasında təsdiq olunmuş 12.12.2020-ci il tarixli ərizəsindən görünür ki, o, 28.09.2020-ci il tarixdə ölmüş anası X1 mirasını qəbul etmək istədiyini bildirmişdir. İşdə olan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizədən görünür ki, o, İddiaçı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddiasından, iddia müddətinin keçməsi səbəbindən imtina olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0654 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X20 məxsus olmuşdur. Alik Ağarəhimov 13.09.2012-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan Alik Ağaverdiyevin mirası açılmış, onun oğlu, iş üzrə Cavabdeh1 mirasın qəbul edilməsi barədə Cavabdeh2nə müraciət etmiş, miras əmlakla bağlı, o cümlədən miras qoyanın vərəsələrinin dairəsi barədə Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.01.2013-cü il tarixli 448 saylı arayışı təqdim etmişdir. Həmin arayışda miras qoyanın vərəsələrinin X4, Cavabdeh1, X14, X18 və X21 olduğu qeyd edilmişdir. Cavabdeh1 istisna olumaqla digər vərəsələr öz miras paylarını qəbul etməmiş və notariat qaydasında ərizələr verərək özlərinin miras paylarından Cavabdeh1 xeyrinə imtina etdiklərini bildirmişlər. Bundan sonra isə miras qoyan X30 şəhəri Q.Məhəmməd küçəsi 52B saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.0654 ha torpaq sahəsindən ibarət mirası qanun üzrə vərəsəlik qaydasında bütövlükdə Cavabdeh1 verilməklə adına 23 oktyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı isə miras qoyan Alik Ağarəhimov vəfat etməmişdən əvvəl-yəni 2007-2008-ci illərdə ünvan 4 ünvanı tərk etmiş, həmin vaxtdan indiyədək, o cümlədən miras qoyan Alik Ağarəhimov vəfat etdikdən sonra həmin ünvana gəlməmiş, orada yaşamamış, mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Bundan başqa, İddiaçı atası vəfat etdikdən sonra onun yas mərasimində iştirak etsə də, qanunla müəyyən edilmiş müddət çərçivəsində miras qoyanın mirasının qəbul edilməsi barədə ərizə ilə müvafiq notariat orqanına müraciət etməmişdir. Məlum şəhadətnamə verilərkən İddiaçı adı vərəsələrin siyahısında olmadığından miras qoyanın vərəsələrinin dairəsi barədə yuxarıda göstərilən arayışda qeyd olunmuş vərəsələrdən başqa digər vərəsələrin olması, o cümlədən İddiaçı da vərəsə olması barədə notariat ofisində məlumat olmamış və ona görə də, miras bütövlükdə Cavabdeh1 verilmişdir. İddiaçı ümumiyyətlə miras qoyan Alik Ağarəhimovun mirasını qəbul etmək barədə ərizə verməmişdir. O, X22 vəfat etdikdən sonra həmin şəxsin mirasının qəbul edilməsi barədə noitariat orqanına 12.12.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Halbuki, həmin vaxt ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin hər hansı hissəsi Lyudmila Ağarəhimovaya məxsus olmamış, sonuncu özünün sağlığında öz miras payından cavabdehin xeyrinə imtina etmişdir. Lyudmila Ağarəhimovanın mübahisəli evin və torpaq sahəsinin hər hansı hissəsinə isə mülkiyyət hüququ müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı miras qoyan Alik Ağarəhimovun yas mərasimində iştirak etməklə həmin şəxsin mirasını qəbul etmək üçün notariat orqanına qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməli olduğunu bilməli olmuşdur. Buna baxmayaraq, həmin şəxs indiyədək miras qoyan Alik Ağarəhimovun mirası ilə bağlı notariat orqanına müraciət etməmiş, həmin müddəti ötürmüşdür. Həmin müddətin üzürlü səbəbdən ötürülməsi barədə hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Göründüyü kimi, Cavabdeh1 miras qoyan Alik Ağarəhimovun qanun üzrə birinci dərəcəli vərəsəsi olaraq mirası qəbul etmiş, notariat ofisinə məlum olan digər vərəsələr mirası qəbul etməmişlər, özlərinə çatası paydan cavabdehin xeyrinə imtina etmişlər, bu barədə müvafiq ərizələr vermişlər və miras bütövlükdə Cavabdeh1 verilmişdir. Həmin vaxt, iddiaçı ilə cavabdehin anası olan Lyudmila Ağaverdiyevanın mirasın hər hansı hissəsinə dair isə mülkiyyət hüququ olmamış, həmin hüququ tanınmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsaslı olmuş və etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Həmçinin, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün də hər hansı əsas müəyyən edilməmişdir. Bundan başqa, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı məlum mirasa dair Cavabdeh1 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bilməli və bununla da həmin şəhadətnamənin onun maraqlarını pozduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 2 aydan artıq müddət-yəni təxminən 14 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası həm əsassız olduğundan, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar