Məhkəmə qərarları › İş №2(029)-765/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-765/2023

18.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-765/2023 18.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AZƏRİQAZ X1 X2 İdarəsi tərəfindən əsassız hesablanmış 1296 (bir min iki yüz doxsan altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə özünə məxsus Qusar şəhəri K.Kərimov küçəsi 71 saylı ünvanda yerləşən evdə yaşayır. Fərdi istehlakçı kimi AZƏRİQAZ X1 X2 İdarəsinin X4 sahəsi ilə müqavilə bağlayaraq yaşayış evimdə təbii qazdan istifadə edir. Evdə istifadə etdiyi qazın haqqını vaxtı- vaxtında ödəyir. 03 iyul 2023-cü il tarixdə yaşadığı evindən 30 metr aralıqda naməlum şəxs idarə etdiyi avtomaşınla evinin qarşısından keçən əsas qaz borusunu və evinə gələn qaz xəttini vurub qırmaqla ona zərər vurmuşdur. Onun telefon zənginə əsasən 04 iyul 2023-cü il tarixdə X4 Sahəsinin əməkdaşları Qusar şəhəri K.Kərimov küçəsi 71 saylı ünvanda yerləşən yaşayış evinə gəlib hadisə yerinə baxış keçirmiş, sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması, sayğacdan qaz keçməsi, hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmədiyini, sayğac istismara yararsız olduğunu bildirərək barəsində 04 iyul 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarını pozulması haqqında akt tərtib etmişlər. Həmin akta əsasən 10 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona itirilmiş qazın bərpası olaraq 12960 kubmetr qaz sərfıyyatı, yəni 12960 (bir min iki yüz doxsan altı) manat borc hesablaşmışlar. İndi X4 Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks tədqirdə onun evinə verilən qaz təchizatını kesəcəkləri ilə hədələyirlər. Hesab edir ki, AZƏRİQAZ X1 X2 İdarəsinin X4 sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 10 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona əsassız hesablanmış 1296 (bir min iki yüz doxsan altı) manat borc silinməlidir. Məhkəmə iclasında iddiaçı Abdullayeva (Qayıbova) Rəna Şahzadə qızı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı X3 şəhəri K.Kərimov küçəsi 71 saylı ünvanda yerləşən evinə quraşdırılmış Zenner tipli G-4 markalı, **********3 nömrəli, üzərində 11084377 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli G markalı **********0 nömrəli, üzərində 12479015 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-6849/Q002 saylı aktına əsasən Rəna Qayıbovaya məxsus Qusar şəhəri K.Kərimov küçəsi 71 saylı ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış G-4 tipli, **********3 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanıb, sayğacdan qaz keçir, keçən qazın həcmini qeyd etmir. Rəna Qayıbova həmin aktı imzalamaqdan imtina etmişdir. İşdə olan Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Abdullayeva (Qayıbova) Rəna Şahzadə qızına itirilmiş qazın bərpası üzrə cəmi 12960 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan Qusar şəhəri K.Kərimov küçəsi 71 saylı ünvanda yerləşən abonentin saldosundan görünür ki, istehlakçı Rəna Qayıbovaya 1296.00 manat borc hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğacın dəyərinə və vurulmuş ziyana görə akt tərtib edərək iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan sayğacın dəyərinə görə pul tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və iddiaçıya əsassız hesablanmış 1296 (bir min iki yüz doqsan altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Xaçmaz X2 İdarəsi tərəfindən ünvan 2 ünvanına dair Abdullayeva (Qayıbova) Rəna Şahzadə qızı üçün hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar