Məhkəmə qərarları › İş №2(029)-770/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-770/2021

18.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-770/2021 18.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X14, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X21 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X27 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X27 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın 04.06.2003-cü ildə miras qoyan X9 vəfatından sonra X5 tərəfindən vəsiyyət üzrə qəbul edilməsi, X5nun 24 noyabr 2005-ci ildə vəfatından sonra həmin mirasın onun tərəfindən qanun üzrə qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə Qusar şəhəri Fizuli küçəsi 4 nömrəli evdə anadan olmuş, həmin evdə boya-başa çatmış və halhazırda da həmin evdə yaşayır. Valideynləri, X5 ilə anası X16 07 oktyabr 1994-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, həmin tarixdə də anası Mənzərə Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən evə gəlin köçmüşdür. Valideynləri arasında rəsmi nikah 08 iyun 2005-ci il tarixdə qeyd edilmişdir. Anası bu evə gəlin köçdüyü vaxt evdə atası Nadir, onun valideynləri- atası X22 və anası X29 yaşayırdılar. X3 26 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra evdə babası Saruxan, atası Nadir, anası Mənzərə, o və bacısı Kəmalə Mityayeva birlikdə yaşamışlar. 04 iyun 2003-cü il tarixdə isə babası X22 vəfat etmişdir. Mərhum babası X22 vəfat etməmişdən əvvəl 21 may 2003-cü il tarixdə Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evini oğluna, yəni onun atası Nadir Mityayevə vəsiyyət etmişdir. X5 24 noyabr 2005-ci ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra adı çəkilən evdə anası Mənzərə, o və bacısı Kəmalə yaşamışlar. Mərhum babası Saruxan və nənəsi Saimatdan miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı cavabdehlər əmisi Cavabdeh1 və bibisi Cavabdeh2 ilə onun anası X16 arasında məhkəmə çəkişmələri olmuşdur. O, göstərilən miras əmlaka vərəsə olaraq həmin məhkəmə çəkişmələrində iştirak etməmişdir. Belə ki, Qusar rayon məhkəməsinin 2(029)-223/2017 saylı 05 yanvar 2014-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 anası Mənzərəyə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması, qanun üzrə və vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması, mirasın vərəsələr arasında bölüşdürülməsi, vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi payın ayrılması tələbinə dair” ilkin iddiası qismən təmin olunaraq ünvan 1 fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X9 və mərhum X17 hər birinin mülkiyyət payları 50 faiz müəyyən edilərək həmin hissələrin müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, X1 və X17 miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla həmin müddətin uzadılması, mərhum X9 miras kütləsinə daxil olan ünvan 1 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Cavabdeh1 məcburi payı 1/6 hissə (8,3 faiz), iddiaçı Yaqubova (Mityayeva) Sevilə Saruxan qızının məcburi payı 1/6 hissə (8,3 faiz) müəyyən edilməsi və həmin mirasa dair mərhum X15 vərəsələri olan X4, X23, X24, X26, X19 miras paylarının isə bilrikdə 2/3 (33,4 faiz) hissə müəyyən edilməsi, miras qoyan X17 miras kütləsinə daxil olan ünvan 1 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı X15 vərəsələri olan X6, X23, X24, X26, X19 miras paylarının isə birlikdə 1/3 hissə (16,7 faiz) müəyyən edilməsi, yekun olaraq ünvan 1 fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 miras payının qanun və vəsiyyət üzrə 2,91/7 hissə (41,6 faiz), Yaqubova (Mityayeva) Sevilə Saruxan qızının miras payının 0,59/7 hissə (8,3 faiz), X4, X23, X24, X26, X19 miras paylarının hər birinin payı 0,7/7 hissə (10,2 faiz) olmaqla cəmi 3,5/7 hissə (50,1 faiz) müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi, anası Mənzərənin cavabdehlərə qarşı Çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir (hakım R.V.Kazımov). Həmin qətnamədən anası Mənzərə Mityayevanın verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1557/2017 saylı 21 iyun 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Qusar rayon məhkəməsinin 05 yanvar 2017-ci il tarixli 2(029)-223/2017 saylı qətnaməsinin “ilk iddia qismən təmin edilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin- “ilk iddia edilməyən və X4 Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən və məruzəçi hakim T.O.Quliyev, hakimlər A.Q.Hüseyinov və G.F.Tağızadə). Həmin qətnamədə qeyd olunur ki, ilk iddia üzrə iddiaçılar mirası qəbul etməmiş və mirasın qəbul edilməsi müddətinin hər hansı üzürlü səbəbdən buraxmaları barədə məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişlər. Həmçinin qətnamədə iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə qənaəti belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinə və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi üzərində S.M.Mityayevin mülkiyyət hüququ müəyyən edilmədən X17 26 sentyabr 2002-ci il tarixdə vəfatından sonra miras həyətyanı torpaq sahəsində ona çatası paydan ibarət mirasın qaynatası S.Mitayev və əri Nadir Mitayev tərəfindən qəbul edilməsi faktının, 04 iyun 2003cü il tarixdə qaynatası S.Ş.Mitayevin vəfatından sonra miras əmlakda onun payının vəsiyyətnamə üzrə əri N.S.Mitayev tərəfindən qəbul edilməsi faktının və 24 noyabr 2005-ci il tarixdə əri N.S.Mitayevin vəfatından sonra ondan miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və evin yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsinin ¾ hissəsindən ibarət mirasın bütovlükdə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi mümkün deyildir. Apellyasiya instansiya məhkəməsinin göstərilən qətnaməsindən iş üzrə iddiaçı Cavabdeh1 verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8180/2017 saylı 28 noyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1557/2017 saylı 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır (sədrlik edən və məruzəçi hakim A.K.Kalbalıyev, hakimlər Ə.Ə.Əliyev və V.Ə.İbayev). Beləliklə, qanuni qüvvəsinə minmiş məhkəmə qətnamələri ilə mərhum X7 və X10 miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evindən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın mərhumun birinci dərəcədə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qəbul etməsi tələbinə dair iddiası rədd edilmişdir. Miras evə mərhum babası X9 adına DƏDRXnin Xaçmaz Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli 27.06.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və **********79-10301 reyestr nömrəli Daşınmaz Əmlakın texniki pasportu alınmışdır. Həmin Çıxarışa əsasən Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən ümumi sahəsi 147 kv.metr olan yaşayış evi və onun yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə mərhum babası S.Ş.Mityayevin adına qeydə alınmışdır. Qusar RİHBnın Qusar şəhər İƏD üzrə nümayəndəliyinin 15 oktyabr 2019-cu il tarixli 3010 saylı arayışı ilə təsdiq olunur ki, ünvan 2 evin sakini X29 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Mitayev Saruxan Şahbaz oğlu, oğlu X28, gəlini X16 və nəvələri X33, X30 yaşamışdılar. X22 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X28, gəlini X16, nəvələri X33 və X30 yaşamışlar. O, 17 oktyabr 2018-ci il tarixdə adını “Şahbaz”dan “Ömər” adına dəyişmişdir. Bu barədə ona Qusar rayon Qeydiyyat şöbəsindən 17 oktyabr 2018-ci il tarixli AZ-İ N 017926 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. O, bütün bu sənədlərlə Qusar rayon Notariat ofisinə müraciət edərək mərhum babası X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Həmin notariat ofusunun notariusu D.A.Tağıyev ona 01 noyabr 2019-cu il tarixli X-984 saylı məktubla cavab vermişdir ki, tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət keçirilmiş, X2 digər vərəsələri mövcuddur, həmin varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir və Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. O, sözü gedən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə notariusun yuxarıda göstərilən məktubuna əsaslanaraq, yəni miras barədə vərəsələr arasında mübahisənin olması səbəbi ilə ərizəni geri qaytarmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə o, məhkəməyə müraciət edir. Beləliklə, X5 04.06.2003-cü ildə vəfat etmiş atası X7 miras qalmış, Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evi və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirası həmin evdə yaşamaqla vəsiyyət üzrə faktiki qəbul etmiş, X5nun 24.11.2005-ci ildə vəfatından sonra isə həmin mirası o, birinci növbədə vərəsə kimi həmin evdə yaşamaqla qanun üzrə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, sözügedən Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda anadan olmuşdur. Həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi babası və nənəsindən miras qalmış əmlaklardır. Nənəsi Saimat 2002-ci ildə, babası Saruxan isə 2003-cü ildə vəfat etmişdir. Onların vəfatından sonra da atası Nadir, anası Mənzərə və o, həmin evdə yaşamağa davam etmişlər. 2005-ci ildə isə atası Nadir vəfat etmişdir. Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən fərdi yaşayı evi və evin yerləşdiyi torpaq sahəsini babası və nənəsinin vəfatından sonra atası Nadir faktiki olaraq qəbul etmiş, atasının vəfatından sonra isə həmin əmlaklar onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Ona görə də hesab edir ki, Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi torpaq sahəsindən ibarət miras əmlakın 2003-cü ildə babası Saruxanın vəfatından sonra onun atası Nadir tərəfindən vəsiyyət üzrə qəbul edilməsi və atası Nadirin 2005-ci ildə vəfatından sonra həmin mirasın onun tərəfindən qanun üzrə qəbul edilməsi faktını müəyyən edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X31 iddianı müdafiə etmiş və iddiaçının izahatına uyğun eyni məzmunlu izahat verərək göstərmişdir ki, hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0464 ha həyətyanı torpaq sahəsi iddiaçının babası mərhum Saruxan Mityayevə məxsus olmuşdur. Saruxan Mityayev 2003-cü ildə vəfat etmiş və həmin miras əmlakları da iddiaçının atası Nadir Mityayev vəsiyyətnamə üzrə və faktiki olaraq qəbul etmiş, ailəsi və uşaqları ilə birlikdə orada yaşamağa davam etmişdir. İddiaçının atası Nadir Mityayev isə 2005-ci ildə vəfat etmişdir və onun vəfatından sonra da həmin mirası İddiaçı faktiki idarə etməklə qəbul etmişdir. Bu hal Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlada öz təsdiqini tapır. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən sözü gedən miras əmlakdan məhrum edilmişlər. Hazırda miras əmlak mövcuddur və iddiaçı tərəfindən faktiki qəbul edilib. Bundan əlavə iddiaçının anası Mənzərə Mityayevanın çıxarışın etibarsız hesab edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qarşılıqlı iddiasının rədd edilməsinə əsas evin mülkiyyət hüququna dair sənədinin olmaması olmuşdur. Hazırda sözü gedən əmlakın sənədləri mövcudur. Odur ki, qeyd edilənlərin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, sözü gedən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi onun atasından miras qalmış əmlakdır. Anası Saimat 2002-ci ildə, atası Saruxan isə 2003-cü ildə vəfat etmişlər. O, atasının vəfatından sonra həmin evdə yaşamamışdır. Özünə məxsus olan evdə yaşayır. Sözügedən fərdi yaşayış evini də o, hərbi xidmətə getməmişdən əvvəl özü tikmişdir. Lakin, atasının ölümündən sonra mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etməli olduğunu bilməmiş və gec müraciət etdiyi üçün onun da miras payının müəyyən edilməsi barədə Qusar rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. İddiaçı hazırki miras üzrə 3-cü dərəcəli vərəsədir. Mirasın onun tərəfindən qəbul edilməsi düzgün deyildir. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, hazırda mübahisə edilən Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi onun atası Saruxan Mityayevdən miras qalmışdır. O, 1996-cı ilə kimi həmin evdə yaşamışdır. Atası Saruxan 2003-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra isə iddiaçının anası Mənzərə onları həmin evə buraxmamışdır. O, iddiaçının hazırkı iddia tələbini əsassız hesab edir. Belə ki, o sözügedən evdə qeydiyyatdadır, həmin əmlak onun atasından miras qalmışdır və o, birinci dərəcəli vərəsədir. Ona görə də, mirasın İddiaçı tərəfindən qəbul edilməsinə razı deyildir. Hesab edir ki, həmin miras satılmalı və əldə olunan pul bütün vərəsələr arasında bölünməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X36 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, mərhum Saruxan Mityayev onun atalığıdır. Onun anası X38 ilə ailə həyatı qurarkən onu da özü ilə aparmışdır. O da Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən evdə 1998-ci ilədək, ailə həyatı quranadək yaşamışdır. Anası Saimat 2002-ci ildə, atalığı Saruxan isə 2003-cü ildə vəfat etmişdir. İddiaçı isə onun 2005-ci ildə vəfat etmiş mərhum qardaşı Nadirin ikinci nikahından olan oğludur. Qardaşı Nadirin əvvəlki nikahından da iki uşağı vardır. Qardaşı Nadir iddiaçının anası Mənzərə ilə aralarında olan nikahı ölümündən bir ay əvvəl rəsmiləşdirmişdir. Valideynlərinin ölümündən sonra iddiaçının anası Mənzərə onları həmin evə buraxmamışdır. O, iddiaçının tələbini əsassız hesab edir. Belə ki, onun da mübahisəli miras əmlakda payı vardır. Ona görə də, hesab edir ki, Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinə dair bütün vərəsələrin payı müəyyən edilməlidir. O, da anasına aid mirasdan pay istəyir. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2019-cu il tarixli 1221 nömrəli arayışdan görünür ki, X28 ilə X11 arasında Qusar rayon Qeydiyyat şöbəsində 08 iyun 2005-ci il tarixdə nikah haqqında 44 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra Mənzərə Bağışova “Mityayeva” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İV 150469 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx xxxxxx 1996-cı ildə anadan olmuşdur. X5, anası X12r. İş materiallarında olan 17 oktyabr 2018-ci il tarixli AZ-İ 017926 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1996-cı il tarixdə Qusar şəhərində anadan olmuş X33 adını “Şahbaz” əvəzinə “Ömər”ə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 17 oktyabr 2018-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2019-cu il tarixli 1220, 1222 və 1223 nömrəli arayışlardan görünür ki, X25 26.09.2002-ci ildə, X22 04.06.2003-cü ildə və X28 24.11.2005-ci ildə vəfat etmişlər. İş materiallaırnda olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.10.2019-cu il tarixli 3010 nömrəli arayışdan görünür ki, ünvan 2 evin sakini X25 2002-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı Mitayev Saruxan Şahbaz oğlu, oğlu X28, gəlini X16 və nəvələri X33, X30 yaşamışdılar. X22 2003-cü ildə vəfat etmiş, ondan sonra həmin evdə X28, gəlini X16, nəvələri X33 və X30 yaşamışdırlar. X28 2005-ci ildə vəfat etmiş, ondan sonra həmin evdə həyat yoldaşı X16 və uşaqları X33 və X30 yaşayırlar. İşdə olan Qusar rayon XDS-nın İcraiyyə Komitəsinin 03 mart 1982-ci il tarixli 9/51 nömrəli qərarından görünür ki, Qusar şəhəri Fizuli küçəsindəki 4 nömrəli ünvanda yerləşən, həqiqətdə Mitayev Saruxan Şahpaz oğluna məxsus fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinə X20 adına verilmiş 226 nömrəli torpaq qeydi etibarsız sayılmış və ləğv edilmişdir. Rayon kommunal müəssisələri kombinatına Fizuli küçəsindəki 4 nömrəli fərdi yaşayış evinin və ona məxsus 400 kv.metr olan torpaq sahəsinin evin həqiqi sahibi Mitayev Saruxan Şahpaz oğlunun adına keçirilməsi, evin ev dəftərçəsinin və texniki pasportunun S.Mitayevin adına qeyd edilməsi tapşırılmışdır. İşdə olan Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli 28 nömrəli rəyin surətindən görünür ki, Cavabdeh1 mərhum atası X18 məxsus ünvan 4 ünvanda ünvan 5sən özünə məxsus 464.0 kv.m. həyətyanı torpaq sahəsində 1962-1988ci illərdə inşa etdiyi fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy kərpic, dam örtüyü şifer olmaqla 2 (iki) mərtəbəli 2 (iki) yaşayış otaqlı, ümumi sahəsi 121.9 kv. m, yaşayış sahəsi 25.2 kv m, köməkçi sahəsi 96.7 kv m təşkil edir. Həmin torpaq sahəsində 1962- 1996-cı illərdə inşa etdiyi ikinci fərdi yaşayış evinin bünövrəsi çay daşı, divarları çiy saman kərpic, dam örtüyü şifer olmaqla 1 (bir) mərtəbəli 1 (bir) yaşayış otaqlı, ümumi sahəsi 25.2 m2, yaşayış sahəsi 15.1 kv m, köməkçi sahəsi 10.1 kv m təşkil edir. Fərdi yaşayış evləri şəhərin memarlıq üslubuna və kommunikasiya xətlərinə heç bir xələl gətirmir. Odur ki, X18 məxsus Qusar şəhəri Fizuli küçəsi ev 4 ünvanda yerləşən fərdi yaşayış evlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 27.06.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən 0.0464 ha həyətyanı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 147.0 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X18 məxsusdur. İşdə olan Reyestr nömrəsi **********79-10301, inventar nömrəsi 1686 olan Texniki Pasportun surətindən görünür ki, Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən 0.0464 ha torpaq sahəsi və fərdi yaşayış evi X18 məxsusdur. İşdə olan Qusar rayon Notariat Ofisinin 01 noyabr 2019-cu il tarixli X-984 nömrəli məktubundan görünür ki, İddiaçı Qusar rayon Notariat Ofisində 05 iyun 2003-cü ildə vəfat etmiş X7 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, X22 vəfat etdikdən sonra Qusar rayon notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. X2 digər varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bununla bağlı müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-223/2017 saylı 05 yanvar 2017-ci il tarixli qətnaməsinin suətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, ünvan 2 fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum X9 və mərhum X13 hər birinin mülkiyyət paylarının 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilməsi, mərhumlar Saruxan Mityayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddətin uzadılması, mərhum Saruxan Mitayevin miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Cavabdeh1 məcburi payının 1/6 hissə (8.3 faiz), iddiaçı Cavabdeh2 məcburi payının 1/6 hissə (8.3 faiz) müəyyən edilməsi və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Mənzərə Mityayevanın, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Kəmalə Mityayevanın miras paylarının isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilməsi, miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Cavabdeh1 miras payının 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Mənzərə Mityayevanın, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Kəmalə Mityayevanın miras paylarının isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilməsi, yekun olaraq ünvan 2 fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 miras payının qanun və vəsiyyət üzrə 41,6 faiz; Cavabdeh2 miras payının 8,3 faiz; Mənzərə Mityayevanın, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Kəmalə Mityayevanın miras paylarının hər birinə 9.18 faiz olmaqla cəmi 50,1 faiz müəyyən edilməsi və həmin payların müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilməsi, X8 Cavabdeh1 və qeyrilərinə qarşı çıxarışın etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)— 1557/2017 saylı 21 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.Ə.Mityayevin apelyasiya şikayətinin qismən təmin edilməsi, Qusar rayon məhkəməsinin 05 yanvar 2017-ci il tarixli, 2(029)-223/2017 saylı qətnaməsinin-“ilk iddia qismən təmin edilsin, ünvan 2 fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinə dair mərhum Mitayev Saruxan Şahbaz oğlunun və mərhum X13 hər birinin mülkiyyət payları 50 faiz müəyyən edilərək həmin hissələr müvafiq olaraq onların miras kütləsinə daxil edilsin. Mərhumlar Saruxan Mitayevin və Saimat Mityayevanın miras kütləsinə daxil olan, yuxarıda göstərilən əmlakların vərəsələr tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü sayılmaqla, həmin müddət uzadılsın. Mərhum Saruxan Mitayevin miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin 50 faiz hissəsinə dair vəsiyyət üzrə vərəsəlik müəyyən edilərək həmin mirasa dair iddiaçı Cavabdeh1 məcburi payı 1/6 hissə (8.3 faiz), iddiaçı Cavabdeh2 məcburi payı 1/6 hissə (8.3 faiz) müəyyən edilsin və həmin mirasa dair mərhum Nadir Mityayevin vərəsələri olan Mənzərə Mityayevanın, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Kəmalə Mityayevanın miras payları isə birlikdə 2/3 (33.4 faiz) hissə müəyyən edilsin. Miras qoyan Saimat Mityayevanın miras kütləsinə daxil olan ünvan 2 fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 400 kv.metr torpaq sahəsinin 50 faiz hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunaraq həmin mirasa dair iddiaçı Cavabdeh1 miras payı 2/3 hissə (33.3 faiz) və mərhum Nadir Mityayevin vərəsələri olan Mənzərə Mityayevanın, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Kəmalə Mityayevanın miras payları isə birlikdə 1/3 hissə (16.7 faiz) müəyyən edilsin. Yekun olaraq ünvan 2 fərdi yaşayış evinə və evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 miras payı qanun və vəsiyyət üzrə 41,6 faiz; Cavabdeh2 miras payı 8,3 faiz; Mənzərə Mityayevanın, Taryel Əyyubovun, Nazlı Eyyubovanın, Şahbaz Mityayevin, Kəmalə Mityayevanın miras payları hər birinə 9.18 faiz olmaqla jəmi 50,1 faiz müəyyən edilsin və həmin paylar müvafiq olaraq həmin şəxslərin mülkiyyətinə verilsin” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin – “ilk iddia təmin edilməyən və X8 Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin” hissələrində dəyişdirilmədənə saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 8180/17 saylı 28 noyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 2(105)-1557/2017 nömrəli iş üzrə 21 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, İddiaçı X5 04.06.2003-cü ildə vəfat etmiş atası X7 miras qalmış Qusar şəhəri Fizuli küçəsi 4 ünvanda yerləşən yaşayış evində daimi yaşamaqla həmin evdən və 0.0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirası vəsiyyət üzrə faktiki qəbul etmiş, lakin həmin əmlakları öz adına rəsmiləşdirmədən 24.11.2005-ci il tarixdə ölmüşdür. Həmin vaxt iddiaçı azyaşlı olmuş, bunula belə onun da daimi yaşayış yeri həmin ünvan olmuşdur. Bununla da, İddiaçı X5nun 24.11.2005-ci ildə vəfatından sonra həmin mirası birinci növbədə vərəsə kimi həmin evdə yaşamaqla faktiki olaraq qanun üzrə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə həmin evdə daimi yaşamamışlar, həmçinin, vaxtında notariat orqanına ərizə verməklə mirası qəbul etməmişlər, mirasın qəbul edilməsi müddətini ötürmüşlər. Bu səbəbdən də, həmin şəxslərin vərəsəlik hüquqları itirilmişdir. Bundan başqa, Elmira Ömərovanın həmin mirasa dair vərəsəlik hüququ olmamış, çünki həmin şəxs miras qoyan Saruxan Mityayevin övladı və qanun üzrə birinci dərəcəli vərəsəsi deyildir. Bundan başqa, həmin şəxs anasının mirasını isə nə faktiki olaraq, nə də notariat orqanına vaxtında müraciət etməklə qəbul etməmiş və mübahisələndirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən yaşayış evi və onun yerləşdiyi 0,0464 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın 04 iyun 2003-cü ildə miras qoyan X9 ölümündən sonra X28 tərəfindən vəsiyyət üzrə qəbul edilməsi, X15 24 noyabr 2005-ci ildə ölümündən sonra həmin mirasın İddiaçı tərəfindən qanun üzrə qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar