Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-778/2024 02.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız olaraq tələb olunan 228 (iki yüz iyirmi səkkiz) mmanat məbləğində borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq tələb olunan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonu İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisi təchizatı üçün "xxxx" ASC-nin “ X4 Şəbəkəsi” MMC tərəfindən verilmiş TX-02-15-265 Qr N-li, xx.xx.2015-ci il tarixli texniki şərtinə əsasən CE-200 tipli, **********9 zavod nömrəli 1 fazlı elektrik sayğacı quraşdırılaq yaşayış evini xx.xx.2016-cı il tarixində "xxxx" ASC-nin məlumat bazasında **********00003 abonent kodu ilə qeydiyyata alınmışdır. Lakin, xx.xx.2016-cı il tarixində X3 nümayəndələri elektrik sayğacının "xxxx" ASC-nin məlumat bazasında qeydiyyatda olmadığını göstərilməklə 009543 nömrəli akt tərtib etmiş və həmin aktda fərdi yaşayış evində yaşayış olmadığı, elektrik sayğacının göstəricisinin 00000 olduğu qeyd edilsə də, 3800 kVt/s əlavə sərfiyyat hesablayıb xx.xx.2016-cı tarixində onun abonent hesabına 228 manat məbləğində əsassız borc əlavə etmişlər. Həmçinin, tərtib olunmuş aktı əsaslandırmaq üçün xx.xx.2016-cı il tarixdən qeydiyyatda olan **********9 nömrəli elektrik sayğacını xx.xx.2016-cı tarixində elektrik şəbəkəsində qeydiyyata salmışdır. Elektrik sayğacının göstəricilərinə əsasən isə onun borcu yoxdur. Qeyd olunanlar onun şikayətləri ilə əlaqədar olaraq araşdırma aparmış X6 İdarəsinin Xaçmaz Regional Bölməsinin xx.xx.2018-ci il tarixli № 22/14-02 saylı və X1 X2 xx.xx.2020-ci il tarixli №-AERA-23-221/20 saylı cavab məktubları ilə tam təsdiq olunur. Lakin, "xxxx" ASC əsasız borcun silinməsi üçün mənə bilavasitə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək cərrahi əməliyyat olunduğundan məhkəmə iclaslarına gələ bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış bildiriş-xəbərdarlıqdan görünür ki, həmin şəxsin adına elektrik enerjisindən istifadəyə görə 238.49 manat məbləğində borc hesablanmış və həmin borc ondan tələb olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Dövlət Enerji X5 Bölməsi tərəfindən İddiaçı ünvanlanmış 11 yanvar 2018-ci il tarixli 22/14-02 saylı məktubun surətindən görünür ki, həmin şəxsin müraciətinə əsasən bildirilmişdir ki, onun fərdi yaşayış evi elektrik şəbəkəsində xx.xx.2016-cı ildə məişət abonenti kimi qeydiyyata alınmasına baxmayaraq xx.xx.2016-cı il tarixində elektrik şəbəkəsinin nümayəndələri tərəfindən onun elektrik sayğacının qeydiyyatda olmadığı göstərilməklə akt tərtib edilmişdir. Akta əsasən 3800 kVt/s əlavə sərfiyyat hesablanmaqla xx.xx.2016-cı il tarixində abonent hesabına 228 manat məbləğində borc əlavə edilmişdir. Qeyd olunan borcun silinməsi ilə əlaqədar ona "xxxx" ASC-nin abonent etirazları komissiyasına, həmçinin məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə elektrik şəbəkəsində qeydiyyata alınsa da, bundan sonra, yəni xx.xx.2016-cı il tarixdə həmin evə quraşdırılmış elektrik sayğacının qeydiyyatda olmaması əsası ilə akt tərtib olunmuş, həmin akta əsasən isə iddiaçının abonent hesabına 228 manat borc əlavə edilməklə həmin borc ondan tələb olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elketrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bənidənə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə əsasən elektrik enerjisi istehlakçısının vəzifələri aşağıdakılardır: 19.6.1. bu Qanunun 20.3-cü maddəsində nəzərdə tutulan elektrik qurğularının quraşdırılması qaydalarına, 36.3-cü maddəsində nəzərdə tutulan elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və elektrik qurğularının texniki istismar qaydalarına, həmçinin bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 19.6.2. elektrik enerjisinin təchizatı müqaviləsi ilə müəyyən edilmiş enerji istehlakı rejimlərinə riayət etmək; 19.6.3. elektrik qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; 19.6.4. istehlak edilən elektrik enerjisinin dəyərini elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq təchizatçıya ödəmək; 19.6.5. ötürücü və ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin bu Qanunun 14.1.16-cı və 16.1.16-cı maddələrinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qanunun 14.1.15-ci və 16.1.15-ci maddələrinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək; 19.6.6. pərakəndə satış bazarı qaydalarına riayət etmək. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların elektrik şəbəkəsinə qoşulması elektrik şəbəkəsinə dair qaydalar ilə tənzimlənir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən elektrik enerjisi bazarı subyektləri tərəfindən onların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektrik qurğularının quraşdırılması qaydalarının tələbləri yerinə yetirildikdən və ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərini elektrik şəbəkəsinə qoşmalıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının abonent hesabına sayğacdan kənar, sayğacın qeydiyyatdan keçməməsi əsası ilə 228 manat məbləğində əlavə borc hesablansa da, həmin şəxsin cavabdehə həmin borcunun olması hər hansı sənədlərlə sübuta yetirilməmişdir. Əksinə, məlum olmuşdur ki, iddiaçıya həmin borcun hesablanması elektrik şəbəkəsinin əməkdaşlarının səhvi ucbatından baş vermişdir. Bu hal iddia ərizəsinə əlavə olunmuş sənədlərlə, o cümlədən cavabdeh təşkilatın müvafiq qurumları tərəfindən iddiaçıya ünvanlanmış məktublarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və iddiaçıya əsassız hesablanmış 228 (iki yüz iyirmi səkkiz) manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qusar rayonu İmamqulukənd kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı (abonent kodu: **********0003) üçün hesablanmış 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-778/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-778/2024
02.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver