Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-779/2023 06.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Hil bələdiyyəsinin mənim işdən azad edilməyim barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsi üzrə işə bərpa olunmağı, Qusar rayonu Hil bələdiyyəsindən onun 6640 manat məbləğində ödənilməmiş əmək haqqının və mediasiya prosesi üçün çəkdiyi 60 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı Qusar rayonu Hil Bələdiyyəsinin 10 iyul 2023-cü il tarixli 03 saylı işdən azad olunması barədə əmrin ləğv olunmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası bələdiyyələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarını nəzərə alaraq qeyd olunmalıdır ki, iddia tələbində qeyd olunan mübahisənin həlli publik-hüquqi təşkilat (bələdiyyənin) üzərinə müvafiq öhdəliyin qoyulması ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, həmçinin iddiaçıya hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı izah edilsin ki, hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-779/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-779/2023
06.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver