Məhkəmə qərarları › İş №2(029)-800/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-800/2022

22.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-800/2022 22.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Əhməd oğlunun cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsssız hesablanmış borcun silinməsinə dair” iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhməd oğlu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsssız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Xaçmaz X3 İdarəsinin Qusar Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Əhməd oğlu iddianı onunla əsaslandırmışdır ki, 06 may 2020-ci il tarixdə X4 İstismar İdarəsinin Qusar xidmət sahəsinin işçiləri onun evinə gələrək evinə quraşdırılmış qaz sayğacını dəyişdirərək yenisi ilə əvəz etmişlər və bu barədə müvafiq akt tərtib etmişlər. Həmin vaxt sayğacda hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir irad bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Bir müddət keçdikdən sonra ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı labaratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmişdir. (Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasının rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olundu təbii qaz itkisi yaranmışdır). Sonradan Qusar XS-nin əməkdaşları evinə gələrək ona qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, № ******* saylı AKT tərtib olunmuş və həmin akta əsasən istifadəsində olan qaz cihazların sayına görə ona itirilmiş qazın həcmi 2160 m3 müəyyən edilmiş və yaxud 216 (iki yüz on altı) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat borcla qətiyyən razı deyildir. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də onun ailə üzvləri heç bir müdaxilə etməmişlər. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirmiş, eləcə də qaz sərfiyyatı haqda bildiriş tərtib etmişlər. Bundan əlavə, sayğac küçədə quraşdırılıb, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Belə olduqda istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Buna görə də, əsassız hesablanmış 216 manat borc silinməlidir. İddiaçı Əhməd oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o iddianı müdafiə edir, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 22 sentyabr 2022-ci iltarixə saat 10:30-a təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 06 may 2020-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, istehlakçı İddiaçı Əhməd oğlunun ünvan 1i ünvanında olan evinə quraşdırılmış Elster tipli G-4 markalı, ******* nömrəli, üzərində 05084467 saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Honeywell tipli G-4 markalı 12534311 nömrəli, üzərində 10203556 saylı plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan «Azəriqaz» X2 X3 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 31 avqust 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı Əhməd oğluna məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilməsi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı Əhməd oğlu tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan «Azəriqaz» X2 X3 İdarəsi tərəfindən tərtib edilmiş 31 avqust 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 31 avqust 2021ci il tarixli ******* saylı akt əsasında İddiaçı Əhməd oğluna itirilmiş qazın bərpası üzrə cəmi 2160 kub.metr qaz sərfiyyatıhesablanmışdır. İşdə olan ünvan 1i ünvanda yerləşən abonentin saldosundan görünür ki, istehlakçı Pərviz Rəsulova 432 manat borc hesablanmışdır. İşdə olan MSK-29/1710-01252-1 saylı 21 may 2020-ci il tarixli aktın surətindən görünür ki, Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsiqeyd edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinindayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi «Azəriqaz» X2 X3 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı Əhməd oğlunun ünvan 1i ünvanında yerləşən evi üçün quraşdırılmış ******* saylı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsi qeyd edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsi məhz İddiaçı Əhməd oğlu tərəfindən hər hansı şəkildə sayğaca müdaxilə olunması, həmçinin sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkar edilməsi istehlakçı İddiaçı Əhməd oğlunun təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Əhməd oğlu evi üçün quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarında əzik-cızıq izlərininaşkar edilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan «Azəriqaz» İstehsalat Birliyinə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X4 İstismar İdarəsinin Qusar Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq ona əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 Xaçmaz X3 İdarəsinin Qasr Xidmət Sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq İddiaçı Əhməd oğluna əsassız hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar