Məhkəmə qərarları › İş №2(029)-852/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-852/2022

13.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-852/2022 13.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Qusar rayon Notariat Ofisinə və Cavabdeh1 qarşı “vəsiyyətnamənin ləğvinə dair qeydin və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Qusar rayon Notariat Ofisinə və Cavabdeh1 qarşı “vəsiyyətnamənin ləğvinə dair qeydin və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan 02 fevral 2001-ci il tarixdə ölmüş X4 qalmış Qusar şəhəri Muxtadır küçəsi (indiki Zərifə Əliyeva) ev 96 ünvanında yerləşən 32 saylı mənzillə bağlı Qusar rayon Notariat kontorunda 30 oktyabr 1997-ci il tarixdə, reyestrdə 2B-1-171 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin ləğvinə dair Qusar rayon Notariat Kontorunun notariusu Yeganə Şəfiyevə tərəfindən xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş qeydin etibarsız hesab edilməsi, miras qoyan 02 fevral 2001-ci il tarixdə ölmüş X4 miras qalmış Qusar şəhəri Muxtadır küçəsi (indiki Zərifə Əliyeva) ev 96 ünvanında yerləşən 32 saylı mənzillə bağlı Qusar rayon Notariat kontorunda 10 may 2000-ci il tarixdə, reyestrdə 2B-1-40 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxxx 1963-cü ildə Qusar rayonunda anadan olmuşdur. X6, anası X12r. Kiçik yaşlarından X3nın (miras əmlakı ona vəsiyyət edən, hazırkı mübahisə olan) onun uşaqları olmadığı üçün qeyri rəsmi övladlığına verilmişdir. Qusar rayonu Cağar kəndində xalasının yanında yaşamışdır. Bundan sonra təhsil almaq üçün Qusar şəhərinə valideynlərinin yanına qayıtmışdır. Bundan sonra Qusar şəhərində yerləşən hərbi hissədə tibb bacısı vəzifəsində çalışmışdır. Nümunəvi xidmətinə görə "Xidmətə görə qüsursuz” medalı və bir neçə yubiley medalı almışdır. 1995-ci ildə X3 yüksək şəkərli diabet və hipertoniya xəstəliklərinə tutulduğundan o, xalasının qeyri rəsmi övladı olduğu üçün xalasının yanına getmiş və ona baxmağa başlamışdır. Bildirmişdir ki, xalası həmin vaxtı artıq ona növbə ilə verilmiş ünvan 3 ünvanında yerləşən mənzildə yaşayırdı. O, xalası ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildə yaşayıb ona baxırdı, xalasının bütün xəstəxana xərclərini ödəyirdi. Xəstə adamın gündəlik qayğılarını çəkirdi. Həkimin təyinatlarını tibb bacısı olduğuna görə özü yerinə yetirirdi. İldə iki dəfə stasiaonar müalicə olunurdu və onun yanında qalırdı. Xalasının xəstəliyi ilə bağlı xərclərini artıq o, işlədiyi əmək haqqı ilə qarşılaya bilmədiyi üçün ikinci iş axtarmalı olmuş və bu zaman bacısı xalasına baxmaqda ona kömək etməyə çağırmışdır. Həm də artıq həmin vaxtı anası vəfat etmişdi, bacısı 1994-cü ildən zob xəstəliyindən əməliyyat olunduğu üçün onun da müalicə və müayinə xərclərini o, qarşılayıb ödəməliydi. O, ikinci iş kimi X29 şöbəsində və bundan sonra özəl klinikada işləyirdi. Xalası hələ uşaqlıqdan onu övladlığa götürdüyü üçün, bundan əlavə ona hazırkı xəstəliyi vaxtı baxdığı, göstərdiyi qayğılara görə mənzilini ona vəsiyyət edəcəyini bildirmişdir. Xalasının ondan başqa heç kimi olmadığını, heç kim onunla maraqlanmağını heç bir qohum qardaş onun xəstəliyi zamanı onun xəstəliyi xərclərinə kömək göstərmədiyi üçün 1997-ci ilin oktyabr ayının 30-da Qusar rayon Notariat Kontorunda yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzili ona vəsiyyət etmişdir. 2000-ci ilin əvvəlində onun səhhətində olan problemlərə görə, həmin xəstəliyin Qusarda müalicəsi olmadığı Bakı şəhərində baha olduğu üçün qısa müddətlik Rusiya Federasiyasına getməli olmuşdur. Bu vaxta kimi isə bir neçə günlük gedib-qayıtmışdır. Gedərkən bacısı xalasına baxacaqdı. O, hətta tezliklə qayıtsa belə bacısına xalasının günlük dərmanları nə vaxt hansı dərmanı necə qəbul edəcəyini, qayğılarını bir-bir qeydlərini dəftərdə yazmışdır. O, getdikdən bir müddət sonra digər böyük xalası hansı ki uzun illərdi xalası ilə (öz bacısı) maraqlanmayan, onun necə yaşadığını bilməyən bacısının yanına gələrək onu atasına baxmağa getməsinin, bacısına (xalasına) özünün baxacağını bundan narahat olmamasını bildirmiş, bacısını aldadaraq atasının yanına göndərmişdir. Bu hadisələr 2000-ci ildə olmuşdur. O, 2000-ci ilin aprel ayında Rusiya Federasiyasına getmişdir. Oktyabr ayında oradan qayıtmışdır. Qayıdanda xalası ilə yaşadığı evə gedəndə qapının bağlı olduğunu görmüşdür. Ata evinə gedərkən bacısı ona xalasının baxmaq üçün digər xalasının gəlib apardığını demişdir. O, həmin xalasının evinə getmişdir ki, xəstə xalası onun yanında alaraq öz yanına gətirsin. Xalası ona bacısının (yəni xalasının) Bakıda olduğunu, qızının öz yanına apardığını bildirmişdir. Bundan sonra dəfələrlə xalası ilə maraqlanmaq istədikdə xalasının tezliklə gətirəcəyini bildirmişlər. Onun səhhəti ilə əlaqədar, həm də iki yerdə işlədiyi üçün ümumiyyətlə heç bir yerə gedə bilmədiyi üçün xalası gözləməyə məcbur qalmışdır. Onun dalınca gedə bilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, xalası öz çirkin niyyətini həyata keçirmək üçün illərdi onu gözləmiş, onun Rusiya Federasiyasına getməyindən istifadə edərək bacısı aldadıb xalası alaraq Bilgəhdə yerləşən qocalar evinə qoymuşdur. X3 qocalar evində vəfat etmiş və Bilgəh qəbistanlığından dəfn olunmuşdur. Bu işləri görən isə xalasının oğlu Cavabdeh1 olmuşdur. Xalasının ölüm sənədini onun uzun illərdi şikayətində sonra Qusar rayon Qeydiyyat şöbəsində almışdır. Həmin ölüm arayışında da Sabunçu xəstəxasının verdiyi arayış qeyd edilmişdir. Bundan başqa onun şikayətləri nəticəsində ona məlum olmuşdur ki, o, Rusiya Federasiyasına gedən kimi xalası Qocalar evinə qoymuş, Qudyalcamal Zeynalovanın imzası olmadan 1997-ci il tarixdə ona verdiyi vəsiyyətnaməni qanunsuz olaraq xalası oğlu Cavabdeh1 xalasının məlumatı olmadan ləğv etdirmiş, xalasının imzası olmadan öz adına 10 may 2000-ci il tarixdə Qusar Notariat Kontorunda vəsiyyətnamə almış və evi qanunsuz olaraq cinayət nəticəsində xalasının məlumatı olmadan öz adına keçirtmişdir. Həmin vəsiyyətnamədəki imza ona məxsus deyildir, xalası yüksək şəkərdən əziyyət çəkirdi, özünü idarə edə bilmirdi. Təkbaşına özözünü anlamaq qabiliyyətində deyildi. Bundan əlavə cavabdeh Qusar rayon Notariat Kontoru ona verilmiş vəsiyyətnaməni hansı sənədlə ləğv etməsini qeyd etməmiş, qanunsuz vəsiyyətnamə ləğv edilmiş, bununla bağlı heç bir sübut yoxdur. Cavabdeh1 qanunsuz əməlləri ondan ibarətdir ki, ona verildiyi, xalasının imza etdiyi iddia edilən vəsiyyətnamədə imzanın yanında ad və soyad yoxdur, xalası Qusar şəhərində vəfat edibsə niyə onu heç kimə aid olmayan Bilgəh qəbirstanlığında dəfn etmişlər? Qusarda qəbirstanlıq yoxuydu yoxsa Bilgəhdə onların hansısa qohumları dəfn olunmuşdu? Bakıda yaşayan qohumları dəfn edəndə gətirib Qusarda dəfn edirlər. Beləliklə xalası oğlu Cavabdeh1 o vaxt Qusar Notariusu işləmiş Şəfiyeva Yeganə ilə əlbir olaraq cinayət əlaqəsinə girmiş, xalasının onun adına verdiyi 30 oktaybr 1997-ci il tarixli, reyestrdə 2B-İ- 171 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməni heç bir əsas olmadan (halbuki xalasına həmin vaxt o, baxırdı və xalası onun yanında idi) ləğv etdirmiş, bundan sonra xalasının məlumatı və imzası olmadan Qusar rayon Notariat Kontorunda öz adına saxta 10 may 2000-ci il tarixdə reyestrdə 2B-1-40 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə tərtib edərək xalasından qalmış, halbuki qanunla ona vəsiyyət edilmiş əmlakı olan ünvan 3 ünvanında yerləşən mənzili öz adına rəsmiləşdirmişlər. Bundan başqa vəsiyyətnamə verilsə belə bütün əmlakı əldə edilə bilməz, ona görə ki, digər vərəsələrin məcburi payı vardır. Xalasının isə uşaqları olmadığı üçün onun ikinci növbəli vərəsələri digər bacı qardaşlarının uşaqları olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli ev əvvəllər Qudyalcamal Zeynalovaya məxsus olmuşdur. Həmin evə dair birinci vəsiyyətnamə ona verilmişdir. Həmin vəsiyyətnamə 1997-ci il 30 oktyabr tarixdə ləğv edilmişdir. Vəsiyyətnamə ləğv ediləndə onun xəbəri olmamış, həmin vaxt o, Rusiya Federasiyasında olmuşdur. X21 02 fevral 2021-ci il tarixdə vəfat etmiş, həmin vaxt o, Rusiya Federasiyasında olmuşdur. O, Rusiya Federasiyasından 2001-ci ilin oktyabr ayında qayıtmışdır. X9 vəfat etdiyini Rusiya Federasiyasından qayıdandan sonra bilmişdir. O, bir neçə hüquq-mühafizə orqanlarına müraciətlər etmiş, X21nın qocalar evində vəfat edərək Bilgəndə kimsəsizlər qəbirstanlığında dəfn edildiyini bilmişdir. Sumqayıtda olan digər xalası ona bildirmişdir ki, Qudyalcamal Zeynalovanın qocalar evindədir. Ona verilmiş vəsiyyətnamənin ləğv olunmasından 2002-ci ildə xəbər tutmuşdur. Onun adına verilmiş vəsiyyətnamənin ləğv edilməsi ilə əlaqədar bir neçə yerə müraciət olunmuş, lakin məhkəməyə müraciət etməmişdir. Onu qeyri-rəsmi olaraq mərhum X21nın övladlığına verilmişdir. Cavabdeh polisə izahat verərək 1990-cı ildə həmin evdə yaşadığını, 1995-ci ildə isə həmin evin X21ya verildiyini bildirmişdir. Cavabdeh onun həm xalası oğlu, həm əmisi oğludur. Bütün yaxın qohumlar və tanışlar bilirdiki, X15 o baxmışdır. X15 böyük vətən müharibəsinin iştirakçısının övladı olmuşdur. Cavabdeh Gəncəliyev X14 Zeynalovanın ölümündən 11 il sonra onun adına saxta ölüm haqqında şəhadətnamə çıxartmış, həmin şəhadətnamədə X16 şəhərində vəfat etdiyi qeyd edilmişdir. Cavabdeh Qudyalcamal Zeynalovanı qocalar evinə yerləşdirmiş və onun evini öz adına rəsmiləşdirmişdir. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı onun həm xalası, həm əmisi qızıdır. Mübahisəli ev 1995-ci ildə X15 verilmiş, həmin evi o təmir etmiş, Qudyalcamal Zeynalova isə həmin evə 1996-cı ildə köçmüşdür. Hazırda həmin ev, vəsiyyətnamə əsasında ona məxsusdur. Onun adına vəsiyyətnamə 10 may 2000-ci ildə verilmişdir. X22 1998-ci ildə qocalar evinə yerləşdirilmiş, həmin vaxt o, bütün yaxın qohumlarını, o cümlədən mərhumun bacısı uşaqlarını çağırmış və Qudyalcamal Zeynalovanın özünün təşəbbüsü ilə qocalar evinə yerləşdirilmişdir. Qocalar evinə yerləşdirilməzdən əvvəl o, həmin qocalar evinə getmiş, oranın şəraiti ilə maraqlanmışdır. Qocalar evində hovuz, akt zalı, 2 nəfərlik yataq otaqları, o vaxtı nadir hallarda rast gəlinən plazma televizoru olmuşdur. Qudyalcamal Zeynalova qocalar evində olduğu vaxt o və yaxın qohumları baş çəkmişdir. Onun adına verilmiş vəsiyyətnamə qanunidir, ləqv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə heç bir əsas yoxdur. Cavabdeh Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək hal-hazırda keçirilən və sonra gələcəkdə keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1996-cı il tarixli inventar nömrəsi 2937 olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar şəhəri Muxtadır küçəsi ev 96 mənzil 32-də yerlən yaşayış evi X7 Qusar rayonu Tib-in 5 saylı sərəncamı əsasında verilmişdir. İşdə olan 2B-1-40 saylı xx.xx.2000-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X13 bütün əmlakını, o cümlədən Qusar şəhəri Muxtadıq küçəsi ev 96 mənzil 32-də yerləşən 1 otaqlı yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakın, yəni- Qusar rayon TİB tərəfindən xx.xx.1996-cı il tarixdə X7 verilmiş 41 qeydə alma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41.82 kv/m, yaşayış sahəsi 17.92 kv/m, yardımçı sahəsi 23.9 kv/m, 1 otaqlı mənzildən Cavabdeh1 tam hissədə pay almalıdır. İşdə olan 149-130576-3221 saylı xx.xx.2021-ci il tarixli Qusar rayon Polis Şöbəsində İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, ərizədə qeyd etdiyi xalası X8 məxsus olan Qusar şəhəri Muxtadır küçəsi (indiki Z.Əliyeva küçəsi) ev 96, mənzil 32də yerləşən 1 otaqlı mənzili xalası Quyalcamal Zeynalovanın xx.xx.2000-ci il tarixli. Qusar rayonu Dövlət Natariusu tərəfindən təqsdiq edilmiş vəsiyyətnaməsinə əsasən, qohumu Qusar şəhəri Krupskaya küçəsi ev 13-də (indiki M.C.Paşayev küçəsi ev 13-də) qeydiyyatda olan xx.xx.1964-cü il təvəllüldülü Cavabdeh1 verilmişdir. X2 xx.xx.2001-ci il tarixdə “xroniki ürək-damar çatışmazlığı” xəstəliyindən vəfat etməsi barədə Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ 540808 nömrəli X30 Cavabdeh1 tərəfindən Qusar RPŞ-nə təqdim edilmişdir. Həmçinin ərizədə qeyd etdiyi xalasının dəfn olunduğu yeri bilmədiyi üçün, Cavabdeh1 onu istənilən vaxt X5 dəfn olunduğu Bilgəh qəbiristanlığına apararaq qəbirin yerini göstərə biləcəyini öz izahatında göstərmişdir. Onun ərizəsində qeyd etdiyi xalasına məxsus olan Qusar şəhəri Muxtadır küçəsi (indiki Z.Əliyeva küçəsi) ev 96, mənzil 32-də yerləşən evinin ona vəsiyyət olunması barədə məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciə etməyi tövsiyyə olunmuşdur. İşdə olan 26 yanvar 2022-ci il tarixli X-114 saylı Qusar rayon Notariat Ofisindən İddiaçı verilmiş məktubdan görünür ki, X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulan vərəsələr sırasında olmadığı üçün mümkün deyildir. X1 tərəfindən xx.xx.1997-ci il tarixdə onun adına verilmiş 2V-171 saylı vəsiyyətnamə xx.xx.1998-ci il tarixdə ləğv edilmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası 1-ci Vitse Prezidenti, X32 Prezidetni Mehriban xanım Əliyevaya ünvanladığı müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 35.5 kv/m olan yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan AZ-İ 540808 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2001-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli 278/51 saylı Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Quba ASAN vəkil Bürosu vəkil Elgün Əlixanlıya ünvanlanmış məktubdan görünür ki, rayon arxivində saxlanılan ünvan 8tliyinin 1954-1956-cı illərin Cağar kəndi üzrə 2 saylı Təsərrüfatbaşına kitabında təsərrüfatın nömrəsi 111 olan X23 təsərrüfatın ailə üzvlərinin siyahısında göstərilmiş Qudyal Kərəm qızı və X19 Ayna Tahir qızının qızları kimi qeyd edilmişdir. İşdə olan 09 sentyabr 2022-ci il tarixli 15 saylı Qusar Mənzil İstismarı X11 Azərbaycan Respublikası Vəkillər Kollegiyası Quba ASAN vəkil Bürosu vəkil Elgün Əlixanlıya ünvanlanmış məktubdan görünür ki, ünvan 9nzili ilə əlaqədar Müəssisənin arxiv kitablarında 28 dekabr 1994-cü il tarixdə həmin mənzili 185 saylı orderlə Zeynalova GÜlcamal Kərəm qızına verilməsi aid order mövcuddur. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsindən verilmiş 03 avqust 2022-ci il tarixli 248 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1935ci il tarixdə Qusar rayonunun Cağar kəndində anadan olmuş X5 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış X5 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı müki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş) 39-cu maddəsinə əsasən Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər (16). Həmin Məcəllənin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X13 ilə Cavabdeh1 arasında bağlanmış 10 may 2000-ci il tarixli 2B-1-40 reyestr nömrəli vəsiyyətnamə bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni Qudyalcamal Zeynalovanın həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da, qeyd olunan vəsiyyətnamə bağlanarkən qüvvədə olan 1964-cü il tarixli Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin mülki məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, vəsiyyətnamənin qanuni şəkildə bağlanmış, etibarsız hesab olunmasın üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Bundan başqa, hazırkı mülki mübahisə üzrə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin normalarından görünür ki, ümumi iddia müddəti 3 il müəyyən edilmişdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci ildən 2000-ci ilədək qüvvədə olmuş) 77-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edilməlidir və həmin məcəllənin 82-ci maddəsinə əsasən iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddia tələbi üzrə tərəflər arasında hüquq münasibətlərinin 2000-ci ildə yaranmasına baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə iddiaçı öz hüquqlarının pozulmasının məhz iddia ərizəsi verilən vaxt və ya iddia ərizəsinin verildiyi vaxtdan əvvəlki son 3 il ərzində ona məlum olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq olunmalı və həm də həmin əsasa görə iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən, həmçinin iddia tələbi ilə bağlı iddiaçı öz tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Qusar rayon Notariat Ofisinə və Cavabdeh1 qarşı miras qoyan 02 fevral 2001-ci il tarixdə ölmüş X4 qalmış Qusar şəhəri Muxtadır küçəsi (indiki Zərifə Əliyeva) ev 96 ünvanında yerləşən 32 saylı mənzillə bağlı Qusar rayon Notariat kontorunda 30 oktaybr 1997-ci il tarixdə, reyestrdə 2B-1-171 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin ləğvinə dair Qusar rayon Notariat Kontorunun notariusu Yeganə Şəfiyevə tərəfindən xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş qeydin etibarsız hesab edilməsi, miras qoyan 02 fevral 2001-ci il tarixdə ölmüş X4 miras qalmış Qusar şəhəri Muxtadır küçəsi (indiki Zərifə Əliyeva) ev 96 ünvanında yerləşən 32 saylı mənzillə bağlı Qusar rayon Notariat kontorunda 10 may 2000-ci il tarixdə, reyestrdə 2B-1-40 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar