Məhkəmə qərarları › İş №2(029)-898/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-898/2022

11.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-898/2022 11.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin X7 tərəfindən ona məxsus Qusar şəhəri S.Salahov küçəsi 4 saylı ünvanda yerləşən evə dair hesablanmış 316 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki,Qusar şəhəri S.Salahov küçəsi 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 2005-ci ildə inşa olunmuş və evə su xətti çəkilmiş, həmçinin evə su kranı qoyulmuşdur. 2017-ci ildə Cavabdeh ASC-nin X6 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən 2005-ci ildə qoyulmuş su kranına qoşulmuş, lakin evə su az gəldiyindən onun tərəfindən X7nə müraciət olunmuş və həmin idarənin əməkdaşları gəlib yeni bir kran qoşmuşlar. Həmin kranın da əhəmiyyəti olmamış və evə su yenə az gəlməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə X6 əməkdaşı Kamran Xəlilov gəlib sayğaca baxdıqda onun çox sürətlə fırlandığını bildirmiş, su kranlarının açıq olubolmadığını soruşmuş, lakin həmin vaxt evdə olan bütün su kranları bağlı olmuşdur. Kamran Xəlilov xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 352 kub su sərf olunduğunu bildirmiş və bu barədə bildirişi təqdim etmişdir. Halbuki, onun evində 2017-ci ildən 2022-ci ilədək 6 il ərzində cəmi 361 kub su sərf olunmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, sayğacdan gələn su köhnədən qalan su kranı vasitəsi ilə su xəttinə getmişdir. Belə ki, su kranı yenisi ilə əvəz olunarkən köhnə su kranı tam bağlanmamışdır. Bu, isə onun təqsirinə görə deyil, sayğacı quraşdıran və su kranlarını qoyan, X6 əməkdaşlarının səhvinə görə olmuşdur. Hazırda ona sudan istifadəyə görə 316 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin borc əsassızdır və silinməlidir. Hesab edir ki, Cavabdeh ASC-nin X7 tərəfindən hesablanmış 316 manat məbləğində borc sayğac göstəricisinə uyğun hesablansa da, o, həmin miqdarda sudan istifadə etməmişdir, X6 əməkdaşlarının səhvinə görə su boşuna sərf olunmuşdur. Bu səbəbdən də, hesablanmış həmin borc silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatlərı təsdiq edərək izahatında bildirmişdir ki, Qusar şəhəri S.Salahov küçəsi 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 2005-ci ildə inşa olunmuş və evə su xətti çəkilmiş, həmçinin evə su kranı qoyulmuşdur. 2017-ci ildə Cavabdeh ASC-nin X6 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən 2005-ci ildə qoyulmuş su kranına qoşulmuş, lakin evə su az gəldiyindən onun tərəfindən X7nə müraciət olunmuş və həmin idarənin əməkdaşları gəlib yeni bir kran qoşmuşlar. Həmin kranın da əhəmiyyəti olmamış və evə su yenə az gəlməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə X6 əməkdaşı Kamran Xəlilov gəlib sayğaca baxdıqda onun çox sürətlə fırlandığını bildirmiş, su kranlarının açıq olub-olmadığını soruşmuş, lakin həmin vaxt evdə olan bütün su kranları bağlı olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, sayğacdan gələn su köhnədən qalan su kranı vasitəsi ilə su xəttinə getmişdir. Belə ki, su kranı yenisi ilə əvəz olunarkən köhnə su kranı tam bağlanmamışdır. Buna görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onlar sayğaca kimi məsuliyyət daşıyırlar, sayğacdan sonraya vətəndaş özü cavabdehlik daşıyır. Sözü gedən evə sayğac 2017-ci il tarixdə quraşdırılmışdır. Sayğac quraşdırılarkən köhnə şəbəkə ləğv olunmuşdur. Sayğacdan sızma olduğuna görə vətəndaşa borc yazılmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 1488 saylı inventar nömrəsi 22/Vıı-2005-ci il olan Qeydiyyat vərəqəsinin surətindən görünür ki, Qusar şəhər Bələdiyəsinin 6/4-1 saylı 20 may 2003-ci il tarixli sərəncamı əsasında S.Salahov küçəsində yerləşən 2 (iki) mərtəbəli, 6 (altı) otaqlı, yaşayış sahəsi 124.5 kv/m, ümumi sahəsi 197.5 kv/m-dən ibarət olan 4 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında vətəndaş İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan ünvan 2 ünvanda yerləşən evin sahibi İddiaçı sudan istifadəyə görə 316.10 manat məbləğdə borc hesablanmışdır. Həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlər üzrə 352 kub metr su sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Su təchizatı və tullantı suları haqqında”Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin qanunun 32-ci maddısinə əsasən istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları vəzifələri vardır:a) su ölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq;b) su ölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək;c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin su ölçən cihazların yanına buraxılmasını təmin etmək;ç) su ölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. İstehlakçı su ölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər.Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Su ölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Su ölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Həmin qanunun 33-cü maddəsinə əsasən istehlakçılar aşağıdakı hüquqlara malikdirlər:a) su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;b) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb etmək;c) su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq;ç) keyfiyyət standartlarına uyğun məişət (təsərrüfat)-içməli məqsədlər üçün suyu almaq;d) istehsalat zərurəti ilə əlaqədar sudan təkrar istifadə etmək;e) Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki,Qusar şəhəri S.Salahov küçəsi 4 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı X1 məxsusdur. Həmin ev 2005-ci ildə inşa olunmuş və evə su xətti çəkilmiş, həmçinin evə su kranı qoyulmuşdur. 2017-ci ildə Cavabdeh ASC-nin X6 əməkdaşları tərəfindən su xəttinə sayğac quraşdırılmışdır. Həmin sayğac quraşdırıldıqdan sonra lazımi qaydada su ilə təmin olunmalı olduğu halda, sayğacdan evə gələn suda sızma olmuş, bu səbəbdən də, iddiaçının evinə su az gəlmiş, bu barədə iddiaçı tərəfindən X7nə müraciət olunsa da, həmin nasazlıq aradan qaldırılmamış, sayğacdan evə gələn suyun çox hissəsi iddiaçının evinə deyil, kanalizasiya xəttinə getmişdir. Bu, iddiaçının təqsiri olmadan və iradəsindən asılı olmayan səbəblərə görə baş vermiş, cavabdeh təşkilatın isə həmin nasazlığı aradan qaldırmaq imkanı olmasına baxmayaraq nasazlığı aradan qaldırmamışdır. Bu, isə cavabdehin özünün kreditor hüquqlarından sui-istifadəyə, iddiaçı üçün faktiki olaraq sərf etmədiyi suya görə əlavə borcun hesablanmasına gətirib çıxarmışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASC-nin X7 tərəfindən X1 məxsus Qusar şəhəri S.Salahov küçəsi 4 saylı ünvanda yerləşən evə dair sudan istifadəyə görə hesablanmış 316 manat məbləğində borc silinməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin: Cavabdeh ASC-nin X7 tərəfindən sudan istifadəyə görə X1 məxsus Qusar şəhəri S.Salahov küçəsi 4 saylı ünvanda yerləşən evə dair hesablanmış 316 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar