Məhkəmə qərarları › İş №2(029)-91/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-91/2024

11.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-91/2024 11.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X32 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, onun vəkili Nümayəndə, Üçüncü şəxslər X4, X2 və X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət aktının ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN- 0002 KOD 30100004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailə üzvlərimizin ümumi birgə mülkiyyətində olan 3,97 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə 20 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə Cavabdeh2 adına verilmiş JN- 0122 KOD 30100004 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Qusar Rayon AİK-nin 1998-ci il 12 fevral tarixli, 02 saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusaı rayon şöbəsi tərəfindən JN- 0002 KOD 30100004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailə üzvlərinin mülkiyyətinə 3,97 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədiyi vaxtı ona məlum olmuşdur ki, JN-0002 KOD 30100004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,97 ha torpaq sahəsinə Qusar rayon notariat kontorunun xx.xx.2005-ci il tarixli, 4Ə-7-1205 №-li; xx.xx.2005-ci il tarixli, 4Ə-1-110 №-li; xx.xx.2006-cı il tarixli, 4Ə-1-121 №-li; xx.xx.2005-ci il tarixli, 4Ə-1-147 №-li; xx.xx.2005-ci il tarixli, 4Ə-2- 247 №-li və xx.xx.2005-ci il tarixli, 4Ə-2-270 №-li alqı-satqı müqavilələrinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X17 adına 9,90 ha torpaq sahəsinə dair JN-129 KOD 30100004 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət Aktı» işlənmiş və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsində xx.xx.2011ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışla X17in mülkiyyət hüququ tanınmısdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə verilmiş xx.xx.2022-ci il tarixli. 17/21 saylı vəkil sorğusu əsasında alınmış cavab məktubundan isə həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmisdir. Ona görə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X17 adına 9,90 ha torpaq sahəsinə dair JN-129 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsində xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli çıxarışın hissəvi olaraq, yəni ailə üzvlərinə məxsus 3,97 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsində qeyd olunan iddiası üzrə işə məhkəmə baxışında X17 vəkili tərəfindən məhkəməyə JN- 0002 KOD 30100004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailə üzvlərinin mülkiyyətində olan 3,97 ha torpaq sahəsinin onun tərəfindən Cavabdeh2 satılması barədə Qusar rayon Notariat Kontoru tərəfindən 20 aprel 2006-cı il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir. O, qeyd olunan alqı-satqı müqaviləsindən nə özünün, nə də ailə üzvlərinin xəbəri olmadığını, Cavabdeh2 adlı şəxsi tanımadığını və həmin torpağı da heç kimə satmadığını bildirmişdir. Ona görə də qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırılaraq həmin iddiası üzrə yekun məhkəmə qərarı qəbul edilənə kimi Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli qərardadı ilə ərizəsi geri qaytarılmışdır. JN-0002 KOD 30100004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3,97 ha torpaq sahəsinin payçısı, 03 oktyabr 2002-ci il tarixdə vəfat etmiş əri X1 miras qalmış pay torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 2006-cı ilin aprel ayında Qusar rayon Notariat Kontoruna müraciət etmişdir. Həmin vaxt torpaq sahəsinin digər mülkiyyətçiləri - iş üzrə üçüncü şəxslər olan uşaqları Quliyeva (Muradova) Sevinc Nöhbala qızı, Qayıbxanova (Muradova) Roza Nühbala qızı, X16 və X13 atalarından miras qalmış torpaq sahəsinin özlərinə düşən paydan onun xeyrinə imtina etmələri barədə Qusar rayon Notariat Kontoruna ərizə vermişlər və həmin miras əmlaka Qusar rayon Notariat Kontoru tərəfindən onun adına 20 aprel 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırkı iddianın məhkəməyə hazırlığı mərhələsində ona məlum olmuşdur ki, 2006-cı ilin aprel ayında Qusar rayon Dövlət Notariat Kontorunda yuxarıda qeyd olunan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınarkən həmin vaxt Qusar rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində işləmiş və onunla qonşuluqda yaşayan Yeganə Şəfiyeva etibarlarından sui-istifadə edərək onu və ailə üzvləri olan iş üzrə 3-cü şəxsləri aldatmaqla guya həmin torpaq sahəsinə onun adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olduğunu bildirərək onlara boş ərizə blanklarına qol çəkdirmiş, sonradan həmin ərizələri yazı makinasında doldurmaqla JN- 0002 KOD 30100004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3,97 ha torpaq sahəsinin Cavabdeh2 satmaqları barədə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuşdur. Cavabdeh2 isə Yeganə Şəfiyevanın əri olmuşdur. Sonradan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə Cavabdeh2 adına JN- 0122 KOD 30100004 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Göründüyü kimi, Qusar rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində işləmiş Yeganə Şəfiyeva onu və ailə üzvləri olan iş üzrə 3-cü şəxsləri aldatmaqla JN- 0002 KOD 30100004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 3,97 ha torpaq sahəsinin Cavabdeh2 satmaqları barədə alqı-satqı müqaviləsini rəsmiləşdirilməsinə nail olmuşdur. Ona görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin alqı-satqı müqaviləsi əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə Cavabdeh2 adına verilmiş JN- 0122 KOD 30100004 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı da ləğv edilməlidir. Cavabdeh2 məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək iddia tələbinin əsassız və qanunsuz olduğunu bildirməklə etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə onun arasında bağlanmış 20 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə tam uyğun qaydada bağlanmış, müqavilə bağlanarkən onun tərəfindən iddiaçıya hər hansı təsir göstərilməmiş, iddiaçı sərbəst şəkildə iradə ifadə göstərməklə torpaq sahəsini ona satmışdır. Alqı-satqı zamanı notariat kontorunun notariusu tərəflərə hüquq və vəzifələrini izah etmiş, notariat haqqında Qanunun tələblərinə uyğun qaydada alqı-satqı müqaviləsi təsdiq olunmuşdur. İddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmasından 17 ildən artıq müddət keçmiş və bu müddət ərzində iddiaçının torpaq sahəsi ilə bağlı ona qarşı heç bir iddia və tələbi olmamışdır. Bu qədər uzun müddət keçdikdən sonra iddiaçının belə bir iddia irəli sürməsi başa düşülən deyil və tamamilə əsassızdır. Belə ki, onunla İddiaçı arasında müqavilə bağlanan zaman müqavilənin heç bir tərəfinin iradə ifadəsi zədələnməmiş, hüququ və mənafeyi hər hansı şəkildə pozulmamış, o cümlədən müqavilənin etibarlı olmasını şərtləndirən hər hansı qayda pozulmamışdır. Bununla da, iddiaçının əqdin etibarsız hesab olunmasına dair hallarla bağlı heç bir sübutu yoxdur, bu isə iddianın rədd olunması üçün əsasdır. İddiaçı həm də əqdi mübahisələndirmək üçün Mülki Məcəllədə təsbit olunmuş kəsici müddəti də ötürmüşdür. Belə ki, əqdin mübahisələndirilməsi müddəti 1 il müəyyən olunmuşdur. İddiaçı isə əqdi onun bağlandığı vaxtdan 17 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Kəsici müddətin ötürülməsi isə əqdi mübahisələndirmək hüququnun xitamına səbəb olur. Odur ki, iddiaçı müqavilənin etibarsız hesab olunması üçün subyektiv hüququ yoxdur, çünki onun əqdi mübahisələndirmək hüququ yoxdur, həmin hüquq kəsici müddətin ötürülməsi ilə itirilmişdir. Eyni zamanda əqdin etibarsız hesab olunmasının əsaslarına dair iddiaçının heç bir sübutu yoxdur, bununla da iddiaçı sübutetmə yükü ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Ona görə İddiaçı iddia ərizəsini qanunsuz və əsassız hesab edərək iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, mərhum ərinin sağlığında onun və ailə üzvlərinin mülkiyyətindəki 3.97 ha torpaq sahəsində buğda və yonca əkmişlər. Bir müddət sonra əri vəfat etmiş, bundan sonra o, torpaq sahəsinə gedə bilməmişdir. Həmin vaxtlar Qusar rayon Dövlət Notariat Kontorunun notariusu olmuş Yeganə Şəfiyevanın yanına gedərək mərhum ərinin adına olan əmlakı, evi və torpaq sahəsini özünün adına rəsmiləşdirilmək niyyətində olduğunu bildirmiş, notarius isə sənədləri ondan alaraq özü və uşaqlarına sənədlərə imza etdirmiş və həmin əmlakları onun adına rəsmiləşdirəcəyini demişdir. Həmin vaxtdan uzun müddət keçsə də, notarius onun adına sənədləri rəsmlədirməmiş, hər dəfə səhhətində problemlər olduğuna istinad edərək məsələni təxirə salmışdır. Bir müddət keçdikdən sonra o, həmin torpaq sahəsinə gedib baxdıqda orada ağacların əkildiyini görüb notarius Yeganə Şəfiyevanın yanına getmiş və verdiyi sənədlərin qaytarılmasını tələb etmiş, sonuncu isə sənədlərin ondan oğurlandığını bildirmişdir. Buna görə də o, Quba və Xaçmaz şəhərlərinə gedərək sənədləri bərpa etmək istəmiş, lakin təxminən 4 il bundan əvvəl məlum olmuşdur ki, onların torpaq sahəsi Cavabdeh2 satılmışdır. O, Cavabdeh2 zəng edərək bu barədə ona bildirmiş, həmin şəxs isə bundan xəbəri olmadığını bildirmişdir. Daha sonra isə məlum olmuşdur ki, həmin torpaq sahəsi Raşbil adlı şəxsin mülkiyyətinə keçmiş və torpaq sahəsini həmin şəxs istifadə edir. 2021-ci ilin sentyabr ayının 3-də Raşbil adlı şəxs onu notariusa aparmış, ona pul verəcəyini deyərək sənədlərə imza etməsini xahiş etmişdir. O, sənədləri həmin şəxsdən ala bilməmiş, yalnız özünün şəxsiyyət vəsiqəsini almışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat vermiş onun vəkili Nümayəndə bildirdi ki, iddiaçıya hüquqi yardım göstərilməsi ilə əlaqədar torpaq sahəsi ilə bağlı yanarmış mübahisə ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə sorğu göndərmiş və cavab verilmişdir ki, iddiaçının ailəsinə verilmiş torpaq sahəsinə dair Raşbil adlı şəxsin adına çıxarış verilmişdir. Eyni zamanda məlum olmuşdur ki, Rabil torpaq sahəsini müqavilə əsasında almamışdır. Buna görə də, o, Raşbilin adına verilmiş sənədin ləğvi üçün iddiaçının adınadan inzibati məhkəmədə iddia qaldırmışdır. Məhkəmədə işə baxılarkən Raşbil bildirmişdir ki, torpaq sahəsinin Cavabdeh2 satılması ilə bağlı müqavilə mövcuddur. Məlum olmuşdur ki, torpaq sahəsinə dair Əhmədin adına saxta dövlət aktı vardır. Raşbil bildirmişdir ki, o, torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satın almışdır. Lakin, belə bir alqı-satqı müqaviləsi yoxdur. Raşbil torpaq sahəsini başqa yolla öz adına rəsmişlədirmişdir. Belə ki, Cavabdeh2 adına verilən dövlət aktı əsasında sonuncu ilə Raşbil arasında müqavilə bağlanmamış, onun adına yalnız dövlət aktı olmuş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X12 (o, həmçinin iddiaçının nümayəndəsiqismində iştirak etmişdir) izahatında göstərdi ki, 2006-cı ildə Qusar rayon Dövlət Notariat Kontorunun notariusu işləyən və onlarla qonşuluqda yaşayan Yeganə Şəfiyeva onların sənədlərini yığaraq evi və torpaq sahəsini anasının adına rəsmiləşdirəcəyini bildirib, onlara hansısa sənədlərə imza etdirmişdir. O, həmin sənədlə torpaq sahəsinin anasının adına rəsmləşdiriləcəyini bilib imza etmişdir. Həmin vaxtdan xeyli müddət keçdikdən sonra anası Yeganəyə müraciət edərək sənədləri istəmiş, sonuncu torpaq sahəsinin icarəyə verildiyini bildirmişdir. Uzun müddət onlar sənədləri əldə edə bilməmişlər. 2021-ci ilin sentyabr ayında onlar notariusa getmişlər, məlum olmuşdur ki, sənəd Cavabdeh2 adına çıxarılmışdır. Anası Qasimə onun yanında Əhmədlə danışmış, həmin şəxs sənədlərin Yeganənin anası Ədilədə olduğunu bildirmişdir. Bundan sonra onlar vəkilə müraciət etmişlər. Onlar Əhmədi tanımamışlar, onunla heç bir əlaqələri olmamışdır. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X9 izahatında göstərmişdir ki, iddiaçı onun anasıdır. Onlar qonşuları olan və notaroius işləyən Yeganə Şəfiyevaya etibar etmişlər, ona inanmışlar. O, Xaçmazda yaşamış, həmin vaxt Yeganə onun yaşadığı evə gələrək sənədə imza etməsini, torpaq sahəsinin anası Qasimənin adına rəsmiləşdiriləcəyini demişdir. Sənəddə olan yazı xırda yazı olmuş, o, orada nə yazıldığını soruşmuş, Yeganə vaxtının olmadığını demiş və maşınının kapotunun üstündə ona sənədə imza etdirmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X16 izahatında göstərmişdir ki, iddiaçı onun anasıdır. O, ailə üzvlərinin adına olan torpaq sahəsinə dair sənədlərin əldə edilməsi məqsədi ilə notariusa getmiş, orada sənədə imza etmiş, həmin sənədə imza edəndə oxumuş, orada torpaq sahəsinin satılmasına dair heç bir söz olmamışdır. Sonra notarius işləyən Yeganə Şəfiyeva xəstələnmiş, torpaq sahəsinin sənədlərini onlara verməmişdir. Daha sonra ona Şabrandan əməliyyat müvəkkili zəng etmiş, ona gəlib sənədə imza etməsini bildirmişdir. Ona çox adamlar zəng etmişlər, sənədə imza etməli olduğunu bildirmişlər. 2 il əvvəl isə Raşbil zəng edərək anası Qasimıni başa salmasını, gəlib sənədə imza etməsini demişdir. Yeganə Şəfiyea ona nəyəsə qol çəkdirmiş, lakin torpaq sahəsinin alqı-satqısına razılıq ərizəsindəki imza onun deyil. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh2, eləcə də cavabdeh Qusar rayon Notariat ofisinin notariusu və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər və onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs X13 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs X24 və X25 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, X24 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, İddiaçı tanımır, onunla həmin şəxs arasında hər hansı torpaq sahəsi ilə bağlı hər hansı münasibətlər olmamışdır. O, həmin şəxsin torpaq sahəsindən istifadə etməmiş, hazırda da istifadə etmir. Onun xüsusi mülkiyyətində 9.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, mülkiyyət hüququ xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Uzun müddət həmin torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuş, 2021-ci ildə torpaq sahəsini icarəyə vermiş, 19 iyul 2023-cü il tarixdə isə həmin torpaq sahəsini X18 satmışdır. Həmin tarixdə onunla Talxum Nisanov arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə Quba “ASAN xidmət” Mərkəzində Notariat ofisi tərəfindən 4Ə-1679 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda həmin torpaq sahəsi Talxum Nisanovun xüsusi mülkiyyətində olmaqla müvafiq Çıxarışla həmin şəxsin adına qeydiyyata alınmışdır. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş edir. O, Quba rayonu Qırmızı Sloboda qəsəbəsində yaşayır, işləri ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılaraq müvafiq qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs X22 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və onun vəkili Vəkil məhkəməyə ərizə göndərərək baxılan iddia ilə əlaqədar qeyd etmişdir ki, X22 heç kimin torpaq sahəsini qanunsuz ələ keçirməmişdir. Belə ki, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla xüsusi mülkiyyət hüququ üzrə X17 adına rəsmiləşdirilmiş 9.8969 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19 iyul 2023-cü il tarixli 4Ə-1679 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Talxum Nisanov tərəfindən satın alınmış, bundan sonra torpaq sahəsinin üzərində Talxum Nisanovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********09 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş və hazırda torpaq sahəsi sonuncunun qanuni sahibliyində və istifadəsindədir. Talxum Nisanov torpaq sahəsini satın alarkən həmin torpaq sahəsinə yerində baxmış, torpağın uzun müddət ərzində Raşbil İfraimovun mülkiyyətində olduğunu, eyni zamanda həmin şəxsin faktiki sahibliyində və istifadəsində olduğunu müəyyən etmişdir. Bundan başqa, alqı-satqı müqaviləsi notariat orqanında rəsmiləşdirilərkən onun üzərində hər hansı həbsin və ya başqa yüklülüyün olub-olmaması araşdırılmış, belə bir hallar aşkar olunmamışdır. Məhz, bundan sonra alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Ona görə də, İddiaçı həmin torpaq sahəsi ilə bağlı hər hansı iddia qaldırması qanunsuzdur, torpaq sahəsi Talxum Nisanovun qanuni mülkiyyətindədir, həmin şəxs onu vicdanlı şəkildə əldə etmişdir. Odur ki, yuxarıda qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. O, işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5, 185.6-cı maddələrinə əsasən işə yuxarıda göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçı tərəfin və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş KOD 30100004 JN:0002 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə X3, İddiaçı, X5, X10, X11 və X7 mülkiyyətlərinə 3.97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 20 aprel 2006-cı il tarixli 4Ə-2-398 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən KOD 30100004 JN:0002 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 satılmışdır. İşdə olan KOD 30100004 JN-0122 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, 7.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2006cı il tarixli 4Ə-1-111 saylı, xx.xx.2006-cı il tarixli 4Ə-3-398 saylı alqı-satqı müqavilələri əsasında xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********25 saylı məktubdan görünür ki, Qusar rayon Notariat Kondtorunun xx.xx.2005-ci il tarixli 4Ə-7-1205, xx.xx.2006-cı il tarixli 4Ə-1-110, xx.xx.2006-cı il tarixli 4Ə-1-121, xx.xx.2005-ci il tarixli 4Ə-1-147, xx.xx.2005-ci il tarixli 4Ə-2-247, xx.xx.2005-ci il tarixli 4Ə- 2-270 nömrəli alqı-satqı müqavilələrinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X17 adına 9.90 ha torpaq sahəsinə dair JN-129 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmiş və həmin dövlət aktına əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsində xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli **********09 reyestr nömrəli çıxarışla X17 mülkiyyət hüququ tanınmışdır. Yuxarıda qeyd olunan torpaq sahəsini X31 rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 3M-539 reyestr nömrəli icarə müqaviləsinə əsasən X19 icarəyə vermiş və 5 saylı Xaçmaz Ərazi İdarəsində xx.xx.2021-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla X14 icarə hüquqları tanınmışdır. Əlavə olaraq, JN-129 KOD 30100004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-1318/14 saylı məktubdan görünür ki, X6 və ailə üzvlərinə məxsus 3.97 ha torpaq sahəsinə dair Qusar rayon dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 4Ə-7-1205, xx.xx.2006-cı il tarixdə 4Ə-110, xx.xx.2006-cı il tarixdə 4Ə-1-121, xx.xx.2005-ci il tarixdə 4Ə-1-147, xx.xx.2005-ci il tarixdə 4Ə-2-247, xx.xx.2005-ci il tarixdə 4Ə-270 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr ilə bağlı notariat işlərinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə cavab olaraq bildirilmişdir ki, qeyd olunan müqavilənin Dövlət notariat arxivində saxlanılan nüsxəsində 147 reyestr nömrəli müqavilənin xx.xx.2005-ci, 247 reyestr nömrəli müqavilənin xx.xx.2005-ci, 270 reyestr nömrəli müqavilənin xx.xx.2005-ci, 110 reyestr nömrəli müqavilənin xx.xx.2006-cı, 121 reyestr nömrəli müqavilənin xx.xx.2006-cı il tarixlərdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmiışdir. Eyni zamanda 2005-ci ilə dair notariat reyestrində xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmiş sonuncu müqavilə 801 nömrəsi ilə qeydiyyata alınmış və həmin müqavilədə digər şəxslər barəsində notariat hərəkəti rəsmiləşdirilmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli 4Ə-1679 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X24 Qusar şəhəri ünvanında yerləşməklə xx.xx.2011-ci il tarixli **********09 reyestr nömrəli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən özünə məxsus olan 9.8969 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X18 satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********09 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhəri ünvanında yerləşən 9.8969 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X15 adına qeydiyyata alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir”. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur”. Göründüyü kimi, mülki qanunvericilikdə əqdin maraqlı şəxslər, o cümlədən əqd üzrə iradə ifadəsi zədələnmiş şəxslər tərəfindən mübahisələndirilməsi üçün 1 illik kəsici müddət nəzərdə tutulmuş, həmin müddət daxilində əqdin mübahisələndirilməsi hüququnun həyata keçirilməməsi bu hüququn xitamına səbəb olur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, özünün və ailə üzvlərinin mülkiyyətində olan 3.97 ha torpaq sahəsinin Cavabdeh2 satılmasından xəbəri olmamışdır, notariat kontorunda imza etdiyi sənədlərin isə torpaq sahəsinin özünün tam mülkiyyətinə keçməsi barədə olduğunu güman etdiyini bildirmişdir. Lakin, iddiaçı eyni zamanda özünün məhkəmə iclasında vermiş olduğu izahatında xeyli müddət əvvəl torpaq sahəsinin başqa şəxsin sahibliyində və istifadəsində olduğunu, torpaq sahəsində ağacların əkildiyini müəyyən etdiyini, təxminən 4 il əvvəl isə torpaq sahəsinin Cavabdeh2 satıldığını aşkar etdiyini bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində izahat vermiş iddiaçının övladları da 2021-ci ildə torpaq sahəsinin Cavabdeh2 satılmasının onlara məlum olduğunu bildirmişlər. Bununla da, İddiaçı yuxarıda göstərilən məlum alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün müəyyən olunmuş kəsici müddəti ötürmüş və belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı həmin hüququna xitam verilməklə hazırda onun əqdi mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar da sübuta yetirilməmiş, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarlılığı üçün Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulması, müqavilənin bağlanması zamanı iddiaçının aldadılması və ya digər pozuntulara yol verilməsi məhkəmədə öz təsdiqini tapmamış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, alqı-satqı müqaviləsi üzrə notariat işi ilə həmin müqavilənin Mülki Məcəllənin tələblərinə əməl olunmaqla bağlandığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət aktının ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət aktının ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar