Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-93/2023 26.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh üçüncü şəxslər X13 və X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X18 və X11 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X18 və X11 qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7nun mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini artırılması barədə məhkəməyə ərizə təqdim edərək, mərhum X7nun mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması və mərhum X7nun mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair vərəsələrin miras payları müəyyən olunmaqla həmin miras müvafiq qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon İcra Hakimiyyətinin 25 oktyabr 1995-ci il tarixli 215 saylı sərəncamına əsasən Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzil (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) X7nun mülkiyyətinə verilmişdir. X33 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun aşağıdakı 4 nəfər qanun üzrə birinci dərəcəli vərəsləri qalmışdır: O özü yəni, İddiaçı, qardaşı X25, qardaşı X19, qardaşı Cavabdeh. Mərhum X33 vəfat edənədək o yuxarıda qeyd etdiyi mənzildə atası və anası X8 ilə birlikdə yaşamış və orada qeydiyyatda olmuşdur. Anası ilə atası rəsmi olaraq boşansalar da, faktiki olaraq birlikdə yaşamışlar. Bundan başqa, onun övladları da həmin ünvanda yaşamaqla orada qeydiyyatda olmuşlar. İş üzrə cavabdeh, qardaşı Cavabdeh isə mərhum atası vəfat edənədək həmin ünvanda yaşamamış, atası onu həmin mənzilə buraxmamışdır. Mərhum atası vəfat etdikdən sonra o, bir müddət həmin mənzildə yaşamaqda davam etmiş, anasının qayğısına qalmağa başlamışdır. Lakin, sonradan qardaşı Cavabdeh anasının və onun iradəsinə zidd olaraq zorla həmin ünvana köçməklə orada yaşamağa başlamış, onunla və anası ilə mütəmadi olaraq mübahisələr etməyə başlamışdır. O, mübahisənin daha da dərinləşməməsi üçün həmin mənzildən çıxmaq məcburiyyətində qalmış və mənzildən çıxdıqdan sonra orada X22 və qardaşı Cavabdeh, həmçinin sonuncunun ailə üzvləri yaşamağa başlamışlar. O, həmin mənzildən çıxsa da, mütəmadi olaraq həmin mənzilə gedərək anasına baş çəkmiş, onunla birlikdə mənzilin idarə olunmasında iştirak etmişdir. Yuxarıda qeyd etdiyi kimi 4 qardaşdırlar, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsələri də onlar 4 nəfərdirlər. Anaları isə mərhum atası ilə rəsmi qaydada boşandıqlarından onun qanun üzrə birinci dərəcəli vərəsləri sırasına daxil deyildir. Qardaşı Cavabdehlə aralarında olan narazılığın əsas səbəbi mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi mənzilin vərəsələr arasında bölüşdürülməsi barədə fikir ayrılığı olmuşdur. Belə ki, Cavabdeh həmin mənzilin yalnız ona verilməli olduğunu bildirərək mənzilə dair digər vərəslərin miras paylarının müəyyən olunmasına etiraz edir. X22 da, bildirmişdir ki, mənzil qanuna müvafiq qaydada bölünməlidir. Buna görə Cavabdeh anası ilə də mübahisə etmiş, onu döyərək evdən qovmuşdur. Artıq xeyli müddətdir ki, qardaşı Nəriman anası Mehristanı həmin mənzilə buraxmır, anası məcbur olaraq qardaşı Alim Pirəliyevin yanında Qusar rayonu Urva kəndində yaşayır. Nəriman müharibə veteranıdır və həmin adından sui-istifadə edərək dəfələrlə onları hədələmiş, heç bir dövlət orqanının onlara mənzildən vərəsəlik payını verə bilməyəcəyini, buna heç kimin ixtiyarının olmadığını bildirmişdir.O, miras payına dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin həmin notariat ofisi tərəfindən miras qoyan mərhum X33in başqa vərəsələri olduğuna görə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilərək, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə həmin notariat ofisi tərəfindən 19 avqust 2021-ci il tarixli X-894 saylı məktub verilmişdir.Ona görə də hesab edir ki, mərhum X7nun miras əmlakına dair onun vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, evin eyni qaydada bölünməsini xahiş edir. Atası səkkiz il əvvəl vəfat edib. Atası vəfat edəndən sonra vərəsəliklə bağlı notariat orqanına müraciət etməmiş, lakin, həmin evdə 2014-2015-ci illərə kimi o və anası yaşamışlar, həmin müddət ərzində də əməliyyat olunmuş, həmin vaxta kimi həmin evdə başqa şəxs yaşamamışdır. Atası vəfat edəndən sonra həmin evə onun razılığı olmadan qardaşı Nəriman gəlmiş, onun evdə olmadığından istifadə edərək evin qapılarını bağlayıb onu evə buraxmamışdır. O, evdə yaşadığı vaxt evdə təsərrüfat işləri görmüş, evi təmir etmişdir. O, orada yaşadığı vaxt qardaşları Alim evə gəlib getmiş, Ədalət isə gəlməmişdir. Ədalətin başqa evi olmuşdur. Atası vəfat etməmişdən əvvəl Nəriman həmin evə hərdən bir gəlmişdir. Nəriman sonradan anasını evdən qovmuş, bu barədə polisə, prokurorluğa müracitələr etmişlər, mülki mübahisə olduğundan məhkəməyə müraciət etmələrini bildirmişlər. Anasının atası ilə nikahları olmayıb, ancaq bir yerdə yaşamışlar. Atasının vəfatından sonra mirasla bağlı müraciət etməmişdir, hazırda müraciət etməyinin səbəbi, Nərimanın anasını evdən qovması olmuşdur. İndiyə kimi vərəsəlik ilə bağlı müraciət etməmişdir, bunu bilməmişdir. Mübahisəni öz aralarında həll edə bilmirlər, Odur ki, iddianın təmin ediıməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1999-cu ildə məhkum olmuşdur, 8 il müddətinə həbs olunmuşdur, 2006-cı ildə vaxtından əvvəl buraxılmışdır. O, 6 il 4-5 ay cəzaçəkmə müəssisəsində olmuş, ondan qabaq Qarabağ Müharibəsində iştirak etmişdir. Əvvəllər o,mübahisəli evdə yaşamışdır. 2006-cı ildən o, həmin evdə yaşayır, onun uşaqları da həmin evdə doğulub, bunu həkimlər və qonşular da təsdiq edə bilər. Onun bir oğlu Əzizbəyov küçəsində yaşayanda doğulmuş, böyük oğlu isə Sumqayıt şəhərində anadan olmuşdur. Həmin vaxt o, hərbçi olmuş, Yaşmada hərbi şəhərcikdə yaşamışdır. Onun qardaşları anasını qovlayaraq onu həmin evdən qovmaq istəyirlər. Atası vəfat etdikdə qardaşları evin bütün sənədlərini seyfi sındırıb oğurlamışlar. Mərhum atası onun oğlunun xətrini çox istəmiş, atası ona sərxoş olanda evi oğluna vəsiyyət etdiyini demiş və sənədini də çıxarıb ona göstərmiş, vəsiyyətnaməni evdə olan siyirmənin altında gizli yerdə gizlətmişdir. O, anasını evdən qovmamış, iddiaçının dediklərinin hamısı yalandır. 2006-cı ilə kimi mübahisəli evdə o yaşamışdır, iddiaçı yalan deyir, anası Asfandiyarı evdən qovub, o biri qardaşı da Asfandiyarı evdən qovub, bunun da səbəbi Asfandiyarın içki içməsi olmuşdur, o biri qardaşlarım da içki içdiyinə görə Asfandiyarı öz evlərindən qovub. İddiaçı həmin evdə yaşamayıb, iddiaçı Şarvili küçəsindəki 123 saylı evdə öz ailəsi ilə birlikdə öz evində yaşayıb, iddiaçının üç uşağı olmuşdur. Atası vəfat etdikdən sonra qardaşları həmin evə gəlib getməmişlər. Atası vəfat etməmişdən əvvəl qardaşı Alim həmin evə gəlməmiş, Ədalət isə bir-iki dəfə gəlmişdir. Asfandiyarın belində yırtıq olmuş, cərrahi əməliyyat olunduqdan sonra anası onu yaşadıqları evə gətirmiş, müalicə etmiş, sağalandan sonra öz evinə qayıtmıdır. Asfandiyar ailədə yaranmış mübahisəyə görə məhkum olub, cəzasını çəkib qurtardıqdan sonra Ədalətin evinə qayıdıb, Ədalətin evində də yola getməyib. Atası rəhmətə getdikdən sonra Asfandiyar mübahisəli evə gəlib getməyib, digər qardaşları da gəlməyib. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X25 izahatında bildirmişdir ki, istəyirlər ki, həmin mülk paylansın. Atası səkkiz ildir ki,vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl həmin evdə qardaşı Asfandiyar yaşamış, atası vəfat etdikdən sonra da həmin evdə qardaşı Asfandiyar yaşamış, hazırda isə Asfandiyar başqa yerdə yaşayır. Nəriman Asfandiyara həmin evə getməyə icazə vermir. Nəriman həmin evə atası vəfat etdikdən sonra köçmüşdür. 2015-ci ilə kimi həmin evdə Asfandiyar yaşamış, həmin evə pasport qeydiyyatı da var. Asfandiyarın həmin evdə yaşaması barədə hər hansı sənəd və sübutu yoxdur. Asfandiyar arvadından ayrılmış, Asfandiyarın ailə üzvləri ondan ayrı yaşamışdır. Atası 2014-cü ilin may ayının 8-də vəfat etmişdir. Atasını kənddə dəfn etmişlər, atası vəfat etdikdən bir il sonra Nəriman həmin evə köçmüşdür. Atası vəfat etdikdən sonra mirasla bağlı o, 2021-ci ildə notariat orqanlarına müraciət etmişdir. 2021-ci ilə kimi anası həmin evdə yaşamış, Nəriman anasını evdən çıxarıb taksi ilə onun yanına göndərmiş, bundan sonra aralarında mübahisələr yaranmışdır. Böyük qardaş kimi onu dinləyən yoxdur. Atası vəfat etdikdən sonra həmin evə o və digər qardaşları getməmişlər, çünki Nəriman onların həmin evə gəlməsini istəmir. Atası vəfat etməmişdən əvvəl atasının yanına getmişlər. O, mirasın bölünməsini, onun da payının verilməsini istəyir. Məhkəmə iclasında üçüncü şəxs X19 izahatında bildirmişdir ki, Asfandiyar spirtli içki çox içirdi, anasına qulaq asmırdı, buna görə anası Asfandiyarı qovmuşdu, Nəriman isə aşağıda bağ evində yaşayırdı, sonra Nəriman gəlib həmin evdə yaşamışdır. Atamın ölümünü ondan gizlətmişdilər, atası bunların hərəkətlərindən təzyiqi qalxıb vəfat etmişdir. Qonşulardan eşitdikləri məlumata görə Nəriman anasını evdən qovmuşdur. Balaca qardaşı həmin evə gəlməsini istəməmiş, onlar həmin evə gedəndə onlara şər atmışdır. Nəriman cəzaçəkmə müəssisəsində olanda o, həmin şəxsin ailəsinə köməklik etmiş, istədiklərini alıb onlara vermişdir. Alim babalarının evində yaşayır, babası öləndə onu atası ilə o, basdırmış, həmin vaxt Alim olmamışdır. O, özünə ayrı ev alıb köçmüşdür. Qardaşları həmişə mübahisələr edirlər, əgər mübahisəli əmlakın paylanmasını istəyirlərsə qoy paylasın, o, da öz payını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Qusar şəhəri H.Əliyev prospektindəki 146 saylı evin 24 saylı mənzildə yaşayır. O həmin evdə 2009-cu ildən yaşayır. O, əvvəllər foto müxbir işləmişdir, hazırda işləmir. İş üzrə tərəfləri tanıyır. O qonşusu Nərimanın öz anasının əlindən tutub, taksiyə mindirəndə görmüşdür. Əlində anasına aid əmlakı da var idi. Həmin evdə Nəriman yaşayıb, digər şəxslərin həmin evə gəlib getdiklərini görməmişdir. Nərimnla üzbə üz qonşudurlar. Nərimanın evindən səs küy eşitmişdir. Bir dəfə Nərimanın evində mübahisə olanda ona köməklik etmişdir, səsə görə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Yay ayı idi, o, təzə işdən gəlmişdi, axsam idi, əlində paketlər var idi. Nərimanın anasını maşına mindirmişdir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan reyestr nömrəsi 44, inventar nömrəsi 4038 (2940) olan müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil X15 tərəfindən satın alınmışdır. İşdə olan reyestr nömrəsi 44, inventar nömrəsi 4038 (2940) olan texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil X15 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, X16 ilə X6 nikahları xx.xx.1959-ci il tarixdə 17 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadın “Pirəliyeva” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, X17 ilə Pirəliyeva MehristanXanmirzə qızının nikahları xx.xx.1995-ci il tarixdə pozulmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 19 avqust 2021-ci il tarixli 276 saylı arayışdan görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X15 vəfat etdiyi günədək ünvan 3 ünvanında yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır. X25, İddiaçı, X19 və Cavabdeh. İşdə olan Qusar rayon Polis X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli 149-19425p-3221 saylı məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Qusar rayon Prokurorluğuna Qusar şəhəri Heydər Əliyev prospekti ev 146 mənzil 23-də yaşayan qardaşı Cavabdeh anası X4 evdən qovması barədə ünvanladığı müraciətini, araşdırma aparılması üçün Qusar RPŞ-nə göndərilmişdir. Araşdırma zamanı alınmış izahatlardan məlum olmuşdur ki, X22 ilə qardaşı Cavabdeh arasında olan mübahisə mülki xarakterlidir. X1 mülki qaydada Məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. İşdə olan Qusar rayon Notariat ofisindən verilmiş 19 avqust 2021-ci il tarixli X-893 saylı məktubdan görünür ki, X9 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Mülki məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X20 xx.xx.1969-cu il tarixdə Qusar rayonu Urva kəndində anadan olmuşdur. X7, anası X5r. İşdə olan Qusar rayon İcra Halimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 26 aprel 2021-ci il tarixli 164 saylı arayışdan görünür ki, Cavabdeh Qusar şəhəri Heydər Əliyev küçəsi 146 saylı binanın 23 saylı mənzilində yaşayır və kommunal xərcləri şəxsən özü ödəyir. İşdə olan Qusar rayon İcra Halimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 25 noyabr 2022-ci il tarixli 308 saylı arayışdan görünür ki, Cavabdeh Qusar şəhəri Heydər Əliyev küçəsi 146 saylı binanın 23 saylı mənzilində yaşayır. İşdə olan Qusar rayon İcra Halimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 20 dekabr 2022-ci il tarixli 27/1 saylı cavab məktubundan görünür ki, İddiaçı 1974-cü ildən Heydər Əliyev prospekti 146 saylı binanın 23 saylı mənzilində passport qeydiyyatına düşmüşdür, hal-hazıra kimi həmin ünvanda qeydiyyatdadır və qeyd olunan ünvanda yaşamır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli Qusar şəhəri Heydər Əliyev prospekti 146/23 ünvanında yerləşən mənzil X15 tərəfindən satın alınmaqla adına müvafiq texniki pasport tərtib edilmişdir. Pirəli Pirəliyev xx.xx.2014-cü ildə ölmüşdür. Öldükdən sonra onun qanun üzrə dörd vərəsələri-X25, İddiaçı, X19 və Cavabdeh qalmışlar. Həmin vərəsələrin heç biri mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə müəyyən edilmiş müddət daxilində mirasın qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanına ərizə ilə müraciət etməmişlər, bununla da mirasın qəbul edilməsinin formal üsulu ilə qəbul edilməsi müddəti bütün vərəsələr tərəfindən ötürülmüşdür. Bununla belə, İddiaçı mərhum X33 vəfat etdikdən sonra həmin mənzildə yaşamaqla ona sahiblənmək və mirası qəbul etmək niyyətini ifadə etmiş, həmçinin miras qoyan şəxs vəfat etməmişdən uzun müddət əvvəl də həmin mənzildə yaşamış və pasport qeydiyyatına alınmışdır. Həmçinin, Cavabdeh də həmin evə köçərək orada yaşamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Bundan başqa, miras qoyan Pirəli Pirəliyevin digər vərəsələri, iş üzrə üçüncü şəxslər Alim Pirəliyev və Ədalət Pirəliyev də miras qoyan Pirəli Pirəliyev vəfat etdikdən sonra həmin mənzilə gəlib getmişlər, mirasa sahiblənmək və ona yiyələnmək istəklərini nümayiş etdirmişlər, lakin sonradan mirasla bağlı mübahisələr yarandığından Cavabdeh başqa heç bir vərəsə həmin mənzilə gedə bilməmişlər və mənzildə yalnız Cavabdeh yaşamışdır. Həmin şəxslərin həmin mənzilə sahiblənə bilməmələri məhz vərəsələr arasındakı ixtilaflar olmuşdur. Bununla da, miras qoyan şəxs vəfat etdikdən sonra onun bütün vərəsələri mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddələrinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasənmirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, miras qoyan Pirəli Pirəliyevin miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti 146/23 ünvanında yerləşən mənzili onun qanun üzrə bütün vərəsələri, yəni İddiaçı, Cavabdeh, Alim Pirəliyev və Ədalət Pirəliyev mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul edərək ona sahiblənmək və yiyələnmək niyyətlərini ifadə etdiklərindən, həmçinin bununla bağlı müvafiq hərəkətlər edərək həmin mənzilə gedibgəldiklərindən həmin mənzildən ibarət miras həmin vərəsələr arasında bölüşdürülməli və hər bir vərəsənin miras payı ¼ hissə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X9 miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə(keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X13 və X10 vərəsəlik hüquqları tanınsın və hər birinin miras payı ¼ hissə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-93/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-93/2023
26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver