Məhkəmə qərarları › İş №2(029)-96/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-96/2021

17.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-96/2021 17.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və digər iddiaçılar İddiaçı2, Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının nümayəndəsi İddiaçı1 və Cavabdeh iştirakları ilə İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik müəyyən olunmaqla miras payın ayrılması tələbinə dair iddiaları və mirasa dair vərəsələrin paylarının ¼ hissə müəyyən olunması barədə əlavə iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızı, Cavabdeh və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş xx xxxx 2004-cü il tarixli 2V-1- 46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 saylı ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum atalarına məxsus hissəsinin onların tərəfindən qəbul edilməsi müddətinin uzadılması və miras paylarının ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bundan başqa, İddiaçı1, İddiaçı2 və Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş xx xxxx 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi; ünvan 1 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum ataları X5 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi onların tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq vərəsəlik hüquqlarının tanınması və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsinin İddiaçı2, ¼ hissəsinin iddiaçı Kiçibəyova Könül Nəsrəddin qızının, ¼ hissəssinin İddiaçı1, ¼ hissəsinin isə Cavabdeh mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia və ona əlavə onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı ünvanda 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıların ataları X5 məxsus olmuşdur. Həmin şəxs xx xxxxxxx 1981-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt İddiaçı2 19, iddiaçı Kiçibəyova Könül Nəsrəddin qızının 14, İddiaçı1 isə 5 yaşı olmuşdur. İddiaçılar həmin evdə doğulmuşlar, orada böyümüşlər. Mərhum ataları vəfat etsə də, uzun müddət həmin ev atalarının adında olmuşdur. Bu yaxınlaradək onlar həmin evin yenə də, atalarının adında olduğunu zənn etmişlər və həmin evə dair vərəsəliyin müəyyən olunmasını, mirasın vərəslər arasında bölüşdürülməsini gözləmişlər. Həmin müddət ərzində onlar Rusiyada yaşasalar da, mütəmadi olaraq həmin evə gəlib-getmişlər, hətta evi öz vəsaitləri ilə yenidən bərpa etmişlər və əsaslı şəkildə təmir etdirmişlər. Həmin evdə anaları Cavabdeh və qardaşları X9 yaşamışlar, lakin hər yay onlar da həmin evə gəlib xeyli müddət orada yaşamışlar. Həmin vaxtlar anaları Cavabdeh evə dair vərəsəlik müəyyən olunarkən atalarının evindən bütün vərəslərə pay veriləcəyini, həmin evin gələcəkdə həm də onlara məxsus olacağını bildirmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında isə onlara məlum olmuşdur ki, artıq həmin evə dair vərəsəlik müəyyən olunmuş və ev bütövlükdə anaları Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin faktın dəqiqliyini yoxlamaq üçün Qusar şəhərində fərdi vəkil kimi fəaliyyət göstərən X28 vasitəsilə aidiyyəti qurumlara sorğular göndərmişlər və nəticədə məlum olmuşdur ki, həqiqətən də, xx xxxxxxx 1981-ci il tarixdə vəfat etmiş X15un mirasına dair vərəsəlik müəyyən olunmuş, Qusar rayon Notariat Kontoru tərəfindən anaları Cavabdeh adına həm “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” xx xxxx 2004-cü il tarixli 2V-1-45 reyestr nömrəli Şəhadətnamə, həm də, eyni tarixli 2V-1-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Yəni, həmin evin ½ hissəsinə mülkiyyət hüququ tanınmaqla müvafiq şəhadətnamə, həm də digər ½ hissəyə dair mərhum atalarının vərəsəsi kimi tanınmaqla müvafiq Şəhadətnamə verilmişdir. Həmin ev həqiqətən də mərhum ataları ilə analarının birgə nikahları dövründə əldə edilmiş və onların birgə mülkiyyətlərində olmuşdur. Buna heç bir etirazları yoxdur. Lakin, evin mərhum atalarına məxsus ½ hissəsinə dair onların xəbəri olmadan vərəsəlik müəyyən olunmuşdur. Vərəsəliklə bağlı notariat işindən görünür ki, guya mərhum atalarının cəmi iki vərəsəsi, yəni anaları Cavabdeh və qardaşları Nicat Kiçibəyov olmuşdur. Halbuki, mərhum atalarının 5 qanun üzrə vərəsəsi olmuşdur. Bununla da, mərhum atalarının mirasına dair vərəsəlik müəyyən olunmaqla onlar, yəni Samir, Könül və Elnarə Kiçibəyov(a)lar gizlədilməklə onların vərəslik hüquqları pozulmuşdur. Mirasın onların tərəfindən vaxtında qəbul edilməməsinin səbəbi də onların uzun müddət anaları tərəfindən aldadılmaları, bu yaxınlaradək evin atalarının adında olmasını ona bildirməsi olmuşdur. Onlar həmin evdən miras payı alacaqlarını düşündüklərinə görə evin əsaslı təmirinə pul xərcləmişlər. Hətta, anaları evin hansı hissəsini, hansı vərəsəyə düşməsini də bildirmiş, öz aralarında faktiki olaraq evi bölüşdürmüşlər. Hər dəfə gələndə də, hər kəs evin özünə düşən hissəsində yaşamışdır. Hazırda isə onlara məlum olmuşdur ki, anaları həmin evi satmaq istəyir. Qanunun mənasına görə miras altı ay ərzində qəbul edilməmişdirsə, onun qəbuluna yol verilmir. Bu halda mirasın qəbulu müddəti məhkəmə tərəfindən uzadılmalıdır. Lakin, mərhum atalarının mirası anaları tərəfindən müddət uzadılmadan 23 il keçdikdən sonra qəbul edilmişdir. Bundan başqa, onlar həmin vaxt Qusar şəhərində olmamışlar və Rusiya Federasiyasında olmuşlar və bu səbəbdən də vərəsəlik müəyyən olunarkən Notariat Kontoru onları da axtarıb tapıb mirasa dair fikirlərini almalı idi. Lakin, Notariat Kontoru həmin hərəkətləri etməmiş və onların vərəsəlik hüquqlarını pozmuşdur. Bu səbəbdən də, hesab edirlər ki, mərhum atalarının ünvan 1 saylı ünvanda olan 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarət mirasa dair anaları Aidə Kiçibəyvanın adına verilmiş xx xxxx 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qanunsuz və əsassız verildiyindən, bu isə onların vərəsəlik hüquqlarını pozduğundan həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa, həmin evə dair anaları Cavabdeh adına verilmiş Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da qanunsuz və əsassızdır və bu səbəbdən də etibarsız hesab olunmalıdır. Həmin çıxarış həm də ona görə qanunsuzdur ki, evin yerləşdiyi 400 kv.metr torpaq sahəsi də, anaları Cavabdeh adına qeydiyyata alınmışdır. Halbuki, analarının adına verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamədə miras əmlak kimi yalnız fərdi yaşayış evinin ½ hissəsi göstərilmişdir. Yəni, torpaq sahəsi miras kütləsinə daxil olmamışdır. Bu səbəbdən də həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə analarının adına qeydiyyata alınmasının hüquqi əsası olmamışdır. Ona görə də, həmin çıxarış da qanunsuz və əsassızdır, onların mərhum atalarının mirasına dair vərəsəlik hüquqlarını pozmuşdur və bu səbəbdən də etibarsız hesab edilməlidir. Bundan başqa, onların tərəfindən mirasın qəbul edilməsi müddəti ona görə ötürülmüşdür ki, uzun müddət hesab etmişlər ki, anaları onlarla birlikdə mirası bölüşdürəcək və özü onların payını ayırıb verəcəkdir. Buna baxmayaraq, onların tərəfindən də, miras faktiki olaraq qəbul edilmiş və miras əmlakın yenidən qurulmasına, əsaslı təmir olunmasına vəsait xərcləmişlər. Hətta, evdə hamıya düşən pay faktiki ayrılaraq ayrıca istifadəyə verilmişdir. Ona görə də, hesab edirlər ki, onların tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmalı və miras əmlakdan payları ayrılıb onlara verilməlidir. Bundan başqa, mərhum X15un 5 övladı olmuşdur. Cavabdeh ilə birlikdə onun cəmi 6 qanun üzrə vərəsələri olmuşdur. Onlardan biri, yəni onların qardaşı X8 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Həmin şəxsin Elvira adlı bir övladı qalmışdır. Elvira adlı şəxs hazırda anasının ikinci həyat yoldaşı tərəfindən övladlığa götürülmüşdür. Ona görə də, mərhum atalarının mirasından həmin şəxsə pay verilə bilməz. Mərhum atalarının qanun üzrə vərəslərindən olan Nicat Kiçibəyov isə miras payını qəbul etməməsi barədə rəsmi qaydada ərizə vermişdir. Ona görə də, Nicata da miras payı verilməməlidir. Beləliklə, mərhum X15un mirasında pay almaq hüququ olan 4 vərəsə vardır. Həmin şəxslər aşağıdakılardır: Anaları Cavabdeh, İddiaçı2, iddiaçı Kiçibəyova Könül Nəsrəddin qızı və İddiaçı1. Bu səbəbdən də, hesab edirlər ki, ünvan 1 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X15a məxsus ½ (50 faiz) hissəsi 4 bərabər hissəyə bölünməli və onların 1/4 hissədə miras payları ayrılıb onların mülkiyyətinə verilməlidir. Bundan başqa, yuxarıda göstərilən fərdi yaşayış evinin ümumi sahəsi əvvəllər 40.20 kv.metr olmuş və həmin ev sonradan onların da vəsaiti hesabına genişləndirilərək 182.8 kv.metr olmuşdur. Ona görə də, həmin hal nəzərə alınmalıdır. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı2, Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının nümayəndəsi İddiaçı1 iddianı və ona əlavəni müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun və digər iddiaçıların anasıdır. Mübahisəli ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi anaları Cavabdeh ilə ataları X4 birgə nikahları dövründə əldə edilmiş və ev atalarının adında olmuşdur. X15 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt onun 5 yaşı olmuşdur. O və digər iddiaçılar həmin ünvanda böyümüşlər. Onlar 5 övlad olmuşlar, onlardan biri, yəni Silvan Kiçibəyov vəfat etmiş, həmin şəxsin Elvira adlı bir uşağı olmuş və həmin uşaq anasının ikinci həyat yoldaşı tərəfindən övladlığa götürülmüşdür. O, 2003-cü ildə X20 şəhərinə getmiş, lakin mübahisəli evdə qeydiyyatda qalmış, mütəmadi olaraq həmin ünvana gedib gəlmişdir. 2004-cü ildə də, orada qeydiyyatda olmuşdur. 2005-ci ildə atalarından qalmış həmin evi əsaslı təmir etdirmişlər və yenidən qurmuşlar. Həmin vaxt o, sanitar-epidemiologiya stansiyasında işləmiş və qazandığı pulların bir hissəsini həmin evin təmirinə və yenidən qurulmasına sərf etmişdir. Həmçinin, qardaşı Samir və bacısı Könül də həmin evin təmirində iştirak edərək müvafiq pullar xərcləmişlər. O, Rusiya Federasiyasında yaşasa da, mütəmadi olaraq atasından miras qalmış evə gələrək müəyyən vaxtlarda orada yaşamışdır. Evin birinci mərtəbəsində qardaşı Nicat ailəsi ilə birlikdə yaşamış, ikinci mərtəbədə isə onun öz otağı olmuş və orada qalmışdır. 2019-cu ildə o, xalasından qalmış torpaq sahəsini öz adına keçirmək üçün Qusara gəlmiş və sənədləşmə işləri ilə məşğul olarkən ona məlum olmuşdur ki, anaları Cavabdeh həmin evin atalarına məxsus hissəsini onlardan xəlvəti öz adına keçirmişdir. Onun və digər iddiaçıların da atalarının vərəsələri olmaları gizlədilmişdir. Həmin vaxta kimi isə onlar həmin evin atalarının adında olduğunu zənn etmişlər. Evi anası 2004-cü ildə adına keçirmiş, halbuki həmin vaxt o, da həmin ünvanda qeydiyyatda olmuşdur. Həmin ildə anasının adına vərəsəlik şəhadətnaməsi verilmiş, 2013-cü ildə isə çıxarış alınmışdır. Qardaşı Nicat isə mirasdan imtina edib. Onun və digər iddiaçıların isə mirasla bağlı fikirləri alınmamış, onların bu barədə xəbərləri olmamışdır. O, Rusiyada olarkən oranın vətəndaşlığını qəbul etmiş, lakin, mübahisəli evdən qeydiyyatdan çıxmamışdır. Hazırda isə Azərbaycan vətəndaşıdır. O, Azərbaycana qayıtdıqdan sonra ona məlum olmuşdur ki, onu həmin evdən onun xəbəri olmadan qeydiyyatdan çıxarmışlar. Hesab edir ki, anası qanunsuz olaraq atasının payını öz adına keçirmişdir. Ona görə də, anasının adına verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilməli, miras mərhum atasının 4 vərəsəsi arasında bərabər şəkildə bölünməlidir. Odur ki, iddianın və ona əlavənin təmin edilmıəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X16 iddianı və ona əlavəni etiraf etməmiş və izahatında göstərmişdir ki, iddiaçılar onun övladlarıdır. ünvan 1 saylı ünvanda yerləşən ev onun özünə məxsus olmuşdur. İddiaçıların atalarının əmlakı olmuyub. O, iddiaçıların X15la 1957-ci ildə ailə həyatı qurmuş, birgə nikahda olduqları zaman birlikdə ev tikdirmişlər. Əri Nəsrəddin 1981-ci ildə vəfat etmişdir. Həmin vaxt iddiaçı Elnarənin 5 yaşı olmuşdur. Nicatın 6 yaşı olmuşdur. O, təkbaşına 5 övlad böyütmüş, onları, o cümlədən Elnarəni öz zəhməti ilə oxutdurmuşdur. Əvvəllər ev 1 otaqdan və bir mətbəxdən ibarət olub. Ev qəzalı vəziyyətdə olduğundan evi yenidən qurmuşlar. 2000-ci ildən başlayaraq evi əsaslı təmir etməyə böyütməyə başlamışlar. İddiaçı 2003-cü ildən Rusiyaya getmişdir. Digər iddiaçılar da, Rusiyada olmuşlar. Onun yanında yalnız Nicat qalmışdır. O, həmin evi Nicatla birlikdə yenidən tikmişlər. Özünün vəsaiti ilə tikmiş, ona yalnız Nicat kömək etmişdir. O, müəllim işləmiş, əlavə uşaqlar hazırlamış və müqabilində pul qazanmışdır. Qazandığı pullarla da evi yenidən tikmişdir. 2004-cü ildə o, əri Nəsrəddinin adından öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Həmin vaxt vərəsələr barəsində arayış istəmişlər və o, həmin arayışı alıb notariusa vermişdir. Həmin arayışda iddiaçıların adlarının niyə göstərilməməsini bilmir. Həmin vaxt onun yanında yalnız Nicat olmuş, digər övladları Rusiyada olmuşlar. Ola bilər ki, buna görə arayışda ondan əlavə vərəsə kimi yalnız Nicatın adı göstərilmişdir. Elnarə uzun müddət Rusiyada olmuş, orada borcları olduğuna görə Azərbaycana gələ bilməmiş, 2019-cu ildə gəlmişdir. İddiaçılar heç vaxt onun qayğısına qalmamışlar, ona görə də, onlara miras payının verilməsini istəmir. Elnarə onun evində qeydiyyatda deyil, həmin şəxsi oradan qeydiyyatdan çıxarmışdır. Ona görə də, iddianı əsassız və qanunsuz hesab edir. Odur ki, iddianın və ona əlavənin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon ZDS İK-nin xx xxxxxx 1959-cu il tarixli qərarından görünür ki, Qusar şəhər sakini X4 yaşayış evi olmadığını nəzərə alaraq ona Qusar şəhərində ev tikmək üçün 4 (dörd) sot torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2004-cü il tarixli 988 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. İşdə olan İ-İE 116159 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X14 xx xxxxxx 1957-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, Aidə Abdullayea “Kiçibəyova” soyadını qəbul etmişdir. İşdə olan AZ 146055 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxx 1981-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 2029 saylı ayarışın surətindən görünür ki, X4 iki vərəsələrinin- Cavabdeh və X7 qaldığı göstərilmişdir. İşdə olan X7 Qusar rayon dövlət notariusuna ünvanladığı xx.xx.2004-cü il tarixli ərizəsindən görünür ki, o, mərhum atası X3 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən evdən ona düşən miras əmlak payından imtina edir. İmtina barədə qanunla müəyyən edilmiş altı ay müddətindən xəbərdardır və gələcəkdə miras əmlak payına görə məhkəmə qarşısında iddia qaldırmayacaqdır. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2004-cü il tarixli 2V-1-45 saylı “ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1981-ci ildə vəfat etmiş X1 qalmış arvadı, ünvan 1 saylı ünvanda yerləşən evdə yaşayan Cavabdeh onların birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 1 saylı ünvanda yerləşən 400.0 kv.metr torpaq sahəsində yerləşən divarları çiy kərpicli örtüyü şiferli bir mərtəbəli iki otaqdan ibarət olan evdən ibarətdir. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2004-cü il tarixli 2V-1-46 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1981-ci ildə vəfat etmiş X4 ünvan 1 saylı ünvanda yerləşən 400.0 kv.metr torpaq sahəsində yerləşən divarları çiy kərpicli örtüyü şiferli bir mərtəbəli iki otaqdan ibarət olan evin ½ hissəsindən ibarət mirası onun vərəsəsi olan Cavabdeh verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 xx.xx.2019-cu il tarixli **********64 saylı məktubu ilə təqdim edilmiş Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan İ-İE 660313, İV-JQ 429155, AZ ******* saylı doğum haqqında şəhadətnamələrin surətlərindən və Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında arayışlardan görünür ki, X6 ilə Cavabdeh birgə nikahlarından xx.xx.1958-ci il təvəllüdlü X8, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1967ci il təvəllüdlü Kiçibəyova Könül Nəsrəddin qızı, xx.xx.1975-ci il təvəllüdlü X23 oğlu və xx.xx.1976-cı il təvəllüdlü İddiaçı1 anadan olmuşlar. İşdə olan İ-DV 320901 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 1990-cı il tarixdə vəfat etmişdir. İşdə olan Vİİ-JQ 304860 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə Kiçibəyova Könül Nəsrəddin qızı xx xxxxxxxx 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və Könül Kiçibəyova “Şixəliyeva” soyadını qəbul etmişdir. İşdə olan İ-DV 500862 saylı övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki. X2 Vyaçeslav Viktoroviç tərəfindən övladlığa götürülmüş, bu barədə xx xxxxxx 2003-cü il tarixdə vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyat aparılmışdır. İşdə olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 149-3244-1221 saylı məktubundan görünür ki, xx.xx.1976-cı ildə Qusar rayonunda anadan olmuş İddiaçı1 ünvan 3 ünvanda daimi qeydiyyatdadır. İşdə olan xx.xx.2006-cıl il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 tərəfindən X10 şəhərindən bank vasitıəsi ilə Cavabdeh adına 4129 ABŞ dolları məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 X10 şəhərindən bank vasitəsi ilə Nicat Kiçibəyovun adına 314 ABŞ dolları məbləğində pul göndərmişdir. İşdə olan xx.xx.2008-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən X20 şəhərindən Cavabdeh adına 50000 rus rublu məbləğində pul göndərilmişdir. İşdə olan xx.xx.2008-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı1 tərəfindən İddiaçı2 adına bank vasitəsi ilə 10000 rus rublu məbləğində pul göndərilmişdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2743 saylı arayışdan görünür ki. xx.xx.1981-ci ildə vəfat etmiş mərhum X6 vəfat etdiyi günədək ünvan 1 saylı evdə yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: Həyat yoldaşı Cavabdeh, xx.xx.1990-cı ildə vəfat etmiş oğlu Silvan Kiçibəyov, Rusiya Federasiyasında yaşayan oğlu İddiaçı2, Rusiya Federasiyasında yaşayan qızı İddiaçı3 (Kiçibəyova), qızı İddiaçı1 və oğlu Nicat Kiçibəyov. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mübahisəli ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıların ataları X6 ilə anaları Cavabdeh birgə nikahları dövründə əldə edilmişdir. Həmin şəxslərin birgə nikahlarından Silvan, Samir, Könül, Nicat və Elnarə adlı 5 uşaqları olmuşdur. xx xxxxxxx 1981-ci ildə Nəsrəddin Kiçibəyov vəfat etmişdir. Vəfat etdikdən sonra həmin şəxsin 6 qanun üzrə birinci dərəcəli vərəsələri, yəni arvadı Cavabdeh və yuxarıda göstərilən 5 övladı qalmışdır. Həmin vərəsələrdən biri, yəni Silvan Kiçibəyov xx xxxx 1990-cı ildə vəfat etmişdir. Həmin şəxsin Elvira adlı bir uşağı olmuş və həmin uşaq Vyaçeslav Albuzov adlı şəxs tərəfindən övladlığa götürülmüşdür. İddiaçılar Samir, Elnarə Kiçibəyov(a)lar və İddiaçı3 (Kiçibəyova) həmin evdə böyümüşlər, orada qeydiyyatda olmuşlar, lakin sonradan Rusiya Federasiyasına getmişlər. X21 vəfat etdikdən təxminən 23 il keçdikdən sonra Cavabdeh mübahisəli evin ərinin payına düşən hissəsinin vərəsəlik qaydasında ona verilməsi üçün Qusar rayon Notariat Kontoruna müraciət etmiş və həmin notariat kontoru tərəfindən həmin şəxsin adına xx xxxx 2004-cü il tarixli 2V-1-46 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən notariat kontoruna vərəslərin dairəsi barədə arayış təqdim olunmuşdur. Həmin arayışda isə miras qoyan Nəsrəddin Kiçibəyovun sağ qalan 5 qanun üzrə vərəsələri olduğu halda, cəmi 2 vərəsəsinin, Cavabdeh və Nicat Kiçibəyovun olduğu qeyd edilmişdir. Bununla da, X21un mirasına dair vərəsəlik müəyyən olunarkən notariat kontoru tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyən olunmamış, Cavabdeh tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməsinə baxmayaraq, digər vərəsələr olan iddiaçıların mirasa dair fikirləri alınmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Nəticədə isə iddiaçıların mirasa dair vərəsəlik hüquqları pozulmuşdur. Bundan başqa, müəyyən olunmuşdur ki, Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən iddiaçılar Rusiya Federasiyasında olsalar da, onlar mübahisəli evin təmirində və yenidən qurulmasında, genişləndirilməsində iştirak etmişlər, müvafiq vəsait xərcləmişlər. Bununla da, əslində həmin vərəsələr notariat kontoruna hər hansı məzmunda, yəni mirasın qəbul edilməsi və ya imtina edilməsi barədə ərizə verməsələr də, onlar mirasın faktiki qəbul edilməsi üzrə müvafiq iradə ifadəsini bildirmişlər. Nəsrəddin Kiçibəyovun vərəslərinin sırasına daxil olan Nicat Kiçibəyov isə mirasa dair susmaqla onu qəbul etməməsi və gələcəkdə də bununla bağlı heç bir iddiasının olmaması barədə notariat kontoruna ərizə vermişdir. Nəsrəddin Kiçibəyovun vərəsələrindən olan mərhum Silvan Kiçibəyovun övladı Elvira Kiçibəyova isə başqa şəxs tərəfindən övladlığa götürülmüş və həmin şəxs vərəsələrin sırasından çıxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1318-ci maddəsinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Məhkəmə hesab edir ki, Nəsrəddin Kiçibəyovun mirasına dair vərəsəlik müəyyən olunarkən və Cavabdeh adına yuxarıda göstərilən xx xxxx 2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın vərəsələrinin dairəsi düzgün müəyyən olunmamış, həmin şəxsin vərəsələri olan iddiaçılar Samir, Könül və Elnarə Kiçibəyov(a)lar mirasın açıldığı yerdə, yəni Qusar rsyonunda olmadıqları halda, onların axtarışı həyata keçirilməmiş, mirasın qəbul edilməsi müddəti ötürülsə də, bütün vərəslərin moirasa dair fikirləri alınmadan məhkəmədən kənar həmin müddət uzadılmaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Bununla da, həmin şəhadətnamə verilərkən Mülki Məcəllənin tələbləri, o cümlədən iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin şəhadətnamə qanunsuz və əsassız verildiyindən etibarsız hesab edilməlidir. Həmçinin, Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassız vərəsəlik şəhadətnaməsi əsasında verildiyinə görə həmin çıxarış da etibarsız hesab edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçılar uzun müddət mirasın açıldığı yerdən kənarda Rusiya Federasiyasında olmaqla mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizələr verməsələr də, onlar həmin evin təmirində və yenidən qurulmasında və bununla da mirasın faktiki qəbul edilməsində iştirak etmişlər. Ona görə də, məhkəmə iddiaçıların dəlilləri ilə razılaşaraq hesab edir ki, mirasın qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılaraq uzadılmalı və Cavabdeh ilə birlikdə həmin şəxslərin də həmin mirasa dair vərəsəlik hüquqları tanınmalıdır. Bələliklə, həmin miras dörd vərəsə, yəni Aidə, Samir, Elnarə Kiçibəyov(a)ların və İddiaçı3 (Kiçibəyovanın) arasında dörd bərabər hissəyə bölünməklə hər birinin miras payı ¼ hissə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Nəsrəddin Kiçibəyovun vərəslərinin sırasına daxil olan Nicat Kiçibəyov mirasa dair susmaqla onu qəbul etməməsi və gələcəkdə də bununla bağlı heç bir iddiasının olmaması barədə notariat kontoruna ərizə verdiyindən həmin şəxsə miras payı verilməməlidir. Nəsrəddin Kiçibəyovun vərəsələrindən olan mərhum Silvan Kiçibəyovun övladı Elvira Kiçibəyova isə başqa şəxs tərəfindən övladlığa götürüldüyündən həmin şəxs vərəsələrin sırasından çıxmış və ona görə də, həmin şəxsə də miras payı verilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia və ona əlavə tam təmin olunmalı, Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş xx xxxx 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməli; ünvan 1 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X5 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılaraq uzadılaraq vərəsəlik hüquqları tanınmalı və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsi İddiaçı2, ¼ hissəsi iddiaçı Kiçibəyova Könül Nəsrəddin qızının, ¼ hissəssi İddiaçı1, ¼ hissəsi isə Cavabdeh mülkiyyətinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia və ona əlavə təmin edilsin. Qusar rayon Notariat Kontoru tərəfindən Cavabdeh adına verilmiş xx xxxx 2004-cü il tarixli 2V-1-46 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X30 tərəfindən həmin şəxsin adına verilmiş Seriya RX ******* saylı xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilsin. ünvan 1 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mərhum X5 məxsus ½ (50 faiz) hissəsinin miras əmlak kimi iddiaçılar tərəfindən qəbul edilməsi müddəti, ötürülmənin səbəbləri üzürlü sayılaraq uzadılaraq vərəsəlik hüquqları tanınsın və ½ (50 faiz) hissədən ibarət həmin mirasın ¼ hissəsi İddiaçı2, ¼ hissəsi iddiaçı Şixəliyeva (Kiçibəyova) Könül Nəsrəddin qızının, ¼ hissəssi İddiaçı1, ¼ hissəsi isə Cavabdeh mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar