Məhkəmə qərarları › İş №2(029)-990/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-990/2022

27.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-990/2022 27.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh AZƏRİQAZ X1 X4 İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əsassız hesablanmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh AZƏRİQAZ X1 X4 idarəsinin X5 Sahəsi ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Evdə istehlak etdiyi təbii qazın haqqını vaxtlı-vaxtında ödəyir. xx.xx.2022-ci il tarixdə X5 Sahəsinin əməkdaşları onun yaşayış evinə gəlib evinə aid, lakin evindən aralı, küçədə yerləşən qaz sayğacına baxış keçirmişdir. Bundan bir müddət keçəndən sonra X5 Sahəsinin əməkdaşları onun yaşayış evinə gəlib qaz sayğacına guya onların tərəfindən müdaxilə edilərək sayğacın hesablama mexanizminin qapağının alt hissədən əzilməsini və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğunu bildirərək barəsində xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Həmin akta əsasən də xx.xx.2022-ci il tarixli X3 dair Tələbnamə ilə ona itirilmiş qazın bərpası olaraq 4320 kubmetr qaz sərfiyyatı- yəni 432 (dörd yüz otuz iki) manat borc hesablamışlar. İndi də X5 Sahəsinin əməkdaşları ondan həmin borcu tələb edirlər, əks təqdirdə evinə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Hesab edir ki, AZƏRİQAZ X1 X4 İdarəsinin X5 Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli X3 dair Tələbnaməyə əsasən ona əsassız hesablanmış 432 (dörd yüz otuz iki) manat borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarına əsasən təsdiq olunmuş təbii qazdan istifadə Qaydalarının 4.2-ci bəndinə əsasən “qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir”. Həmin Qaydalarının 4.7-ci bəndinə əsasən “sayğacların üzərindəki plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtük ilə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacı qaz paylayıcısı hesabına) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır”. Lakin, onun evinə quraşdırılmış qaz sayğacı evindən aralı, küçədə örtüksüz quraşdırılmışdır. O, həmin sayğaca kim tərəfindən müdaxilə edildiyini, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin kim tərəfindən deşildiyini bilmir. Həm də sayğacın üzəri X5 Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən həmin müdaxilələrə görə o-istehlakçı deyil, X5 Sahəsi cavabdehlik daşıyır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa bildirir ki, o, işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 22 fevral 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Qusar şəhəri Rəsulbəyov küçəsində yerləşən evinə quraşdırılmış Elster tipli 58574791 nömrəli, üzərində ********* saylı plomb olan qaz sayğacı çıxarılmış və əvəzində Zenner tipli, G-4 markalı, **********05 nömrəli, üzərində 11543833 nömrəli plomb olan yeni sayğac quraşdırılmışdır. İşdə olan Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 17 may 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Həmin akt İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. İşdə olan 17 may 2022-ci il tarixli MSK-29/1710-01952-1 saylı aktdan görünür ki, zavod nömrəsi 58574791 olan sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. İşdə olan Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli X3 dair tələbnamənin surətindən görünür ki, 17 may 2022-ci il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üzrə cəmi 4320 kub.metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan ünvan 2 ünvanda yerləşən abonentin saldosundan görünür ki, istehlakçı İddiaçı 432 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdır ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasındankeçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5-2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyət orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçının yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində hər hansı borc məbləği kimi pul abonentdən tələb edilə bilməz. Göründüyü kimi Cavabdeh Xaçmaz X4 İdarəsi Qusar Qaz Xidməti Sahəsi tərəfindən istehlakçı İddiaçı ünvan 2 ünvanda yerləşən evi üçün quraşdırılmış 58574791 saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmiş, lakin həmin vaxt həmin sayğaca məhz istehlakçı İddiaçı tərəfindən müdaxilə olunması müəyyən edilməmişdir. Belə olan halda, həmin sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin İddiaçı tərəfindən deşilməsi, həmçinin digər hər hansı şəkildə sayğaca müdaxilə olunması, sayğacın hər hansı şəkildə zədələnməsi şübhə doğurur. Belə ki, həmin sayğac İddiaçı evindən kənarda, açıq vəziyyətdə, örtük və ya qutu olmadan quraşdırılmışdır. Bu səbəbdən də, İddiaçı həmin sayğacın tamlığının qorunmasında cavabdehlik daşıya bilməzdi. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin, həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa, qaz sayğacının zədələnməsində istehlakçı İddiaçı təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı evi üçün quraşdırılmış qaz sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsinin müəyyən edilməsi məhz onun tərəfindən həmin sayğaca müdaxilə edilməsi və qaz paylayıcısı olan Cavabdehnə ziyan vurulması kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X6 İstismar İdarəsi tərəfindən tərtib edilmiş 31 may 2022-ci il X3 dair Tələbnamə əsasında hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin X6 İstismar İdarəsi tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli X3 dair Tələbnamə əsasında İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar