Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-192/2025 28.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X2 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 1000 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1030 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında Göygöl rayonu Qızılca kəndində yerləşən Quliyeva Rəna adlı qadına məxsus fərdi yaşayış evini almaq məqsədi ilə bu işə vasitəçilik etmiş Cavabdeh ev sahibinə çatdırılması üçün 1000 manat məbləğində pul vermişdir. Alqı-satqısı zamanı evin mülkiyyətçisi olan Rəna Quliyevaya 65000 manat məbləğində pul vermiş, lakin 1000 manat beh qeyd edilən məbləğdən çıxılmamışdır. X1 beh olaraq verdiyi 1000 manatı istədikdə, o, həmin məbləğin ona verilmədiyini bildirmişdir. Bundan sonra dəfələrlə cavabdehdən pulu tələb etməsinə baxmayaraq, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də yaranmış vəziyyətdə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Göygöl rayonu Qızılca kəndində yerləşən Rəna Quliyevaya məxsus fərdi yaşayış evinin İddiaçı satılmasına vasitəçilik etmiş və İddiaçı aldığı 1000 manat məbləğində pulu Quliyeva Rənaya vermişdir. Sonradan tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, Rəna xanım əvvəllər də Rusiyada yaşamış olduğundan evi satdıqdan sonra həmin ölkəyə getmişdir. Alqı-satqı zamanı iddiaçı 1000 manat məbləği evin ilkin ödənişi üçün verilmiş məbləğdən çıxmaması barədə ona heç bir məlumat verməmişdir. İddiaçı qeyd edilən məbləği ondan deyil, Rəna İsmayılovadan tələb etməlidir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş 09 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, Göygöl rayonu Qızılca kəndində yerləşən Rəna Quliyevaya məxsus fərdi yaşayış evinin İddiaçı satılmasına vasitəçilik etmişdir. Həmin yaşayış evini almaq istəyən İddiaçı mənzili satan şəxsə vermək məqsədilə 1000 manat məbləğində pul almışdır. Hazırda iddiaçı cavabdehə vermiş olduğu 1000 manat məbləğində pulun evi aldığı şəxsə verilməmiş olması əsası ilə tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 493.2-ci maddəsinə əsasən Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşin hallarından göründüyü kimi cavabdeh fərdi yaşayış evinin mülkiyyətçisi olmamışdır. Odur ki, fərdi yaşayış evinin alqı-satıqısı ilə bağlı yaranmış müqavilə münasibətlərinində tərəf ola bilməzdi. Həmçinin onun yaşayış evinin mülkiyyətçisi adından hər hansı bir hərəkətlər etməkdə səlahiyyətli olması barədə sübut mövcud deyildir. Odur ki, iddiaçının cavabdehə vermiş olduğu 1000 manat pul vəsaiti beh və yaxud avans kimi ödənilmiş sayılmır. Cavabdeh daşınmaz əmlakın alqı-satqısına vasitəçilik etməsi ilə bağlı məsələlərə gəldikdə isə məhkəmə onu qeyd edir ki, “Şəxsi daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 1998-ci il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Cavabdeh daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik fəaliyyəti göstərmək səlahiyyətinə malik şəxs deyildir. Göründüyü kimi cavabdehin əldə etdiyi pul vəsaitinin istər qanuni, istərsə də müqavilə əsası mövcud deyildir. Belə olan olan halda tələb, əsassız varlanmadan irəli gələn hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-cü maddəsinə görə, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə onu da qeyd edir ki, sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı tələbini əsaslandıran bütün faktiki halları və bu barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Cavabdeh iddiaçının təqdim etdiyi faktları mübahisələndirirsə o, da öz növbəsində etirazının əsasları barədə sübutlar təqdim etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaçıdan 1000 manat pul almış olması mübahisəsiz haldır. İzahatından göründüyü kimi cavabdeh iddiaçıdan 1000 manat pul aldığını etiraf edir. Lakin, iddiaçının haqlı olmamasını aldığı pulu tam şəkildə evi satan şəxsə verməsi ilə əsaslandırır. Belə olan vəziyyətdə cavabdeh pulun evi satan şəxsə verməsi barədə sübut təqdim etməlidir. Cavabdeh bu barədə sübut təqdim edə bilmədiyindən onun əsassız varlanmış olması halı təsdiqini tapmış olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1030 (bir min otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-192/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-192/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver