Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-310/2025 01.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Kamil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Kamil oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Kamil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 460 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib bildirdi ki, ticarətlə məşğul olur. Onunla Cavabdeh Kamil oğlu arasında bağlanmış 11 fevral 2024cü il tarixli 98 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 550 manat olan 1 ədəd “Beka” markalı 82 ekranlı televizoru hər ay 100 manat ödəmək şərti ilə satmışdır. Cavabdeh 550 manat borc məbləğindən cəmi 90 manat ödəniş etmiş, 460 manat isə ödənilməmiş qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh borc məbləğini ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Kamil oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçıya məxsus mağazadan 2024-cü ilin fevral ayında dəyəri 550 manat olan 1 ədəd “Beka” markalı 82 ekranlı televizoru satın almış, hər ay 100 manat ödəməyə dair öhdəlik götürmüşdür. Bir dəfə 90 və bir dəfə isə 100 manat olmaqla cəmi 190 manat ödəniş etmişdir. İddiaçıya 360 manat məbləğində borcu qalmışdır. İşə əlavə edilmiş 11 fevral 2024-cü il tarixli 98 nömrəli alqı-satqı müqaviləsidən görünür ki, Cavabdeh Kamil oğlu dəyəri 550 manat olan 1 ədəd “Beka” markalı 82 ekran televizoru 2 ay 100 manat, 2 ay 88 manat və 2 ay 87 manat olmaqla 6 ay müddətinə ödəmək şərti ilə satın almışdır. İşə əlavə edilmiş 13 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı tələbini əsaslandıran bütün faktiki halları və bu barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Cavabdeh iddiaçının təqdim etdiyi faktları mübahisələndirirsə o da öz növbəsində bu barədə sübutlar təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçının cavabdehə televizor satması, cavabdehin isə həmin əşyanı qəbul etməsi mübahisəsiz haldır. İzahatından göründüyü kimi cavabdeh iddiaçıdan televizor aldığını etiraf edir və 190 manat ödəniş etdiyini bildirir. Lakin, iddiaçı tələbində 90 manat ödəniş edildiyini bildirir. Belə olan vəziyyətdə cavabdeh 100 manat məbləğində ödəniş barədə sübut təqdim etməlidir. Lakin, cavabdeh bu barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Kamil oğlundan 460 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Kamil oğlundan borca görə 460 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 490 (dörd yüz doxsan) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-310/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-310/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver