Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-542/2024 10.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mənəvi ziyan kimi 10000 manat pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların hər birinə 2500 manat olmaqla, 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız yerə onlara qarşı məhkəmələrdə iddia qaldırmış, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilmişdir. Onlar məhkəmə prosesləri zamanı mənəvi əzab, sarsıntı, stress, əsəb və gərginlik keçirmişlər. Nəticədə onlara mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin məzmununa uyğun olaraq izahatında göstərmişdir ki, cavabdeh əsassız yerə onlara qarşı dəfələrlə məhkəmələrdə iddia qaldırmış, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəmə prosesləri zamanı onlar, mənəvi əzab, sarsıntı, stress, əsəb və gərginlik keçirmişlər və buna görə onlara 10000 manat məbləğində mənəvi ziyan dəymişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 İddiaçı1 ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 bildirdi ki, Cavabdeh onlara qarşı məhkəmədə dəfələrlə əsassız iddialar qaldırmiş, nəticədə onlar əsəb və sarsıntı keçirmişlər. Həmçinin özü rayonda vəzifə daşıyan şəxs olduğundan nüfuzuna xələl gəlmişdir. Odur ki, mənəvi ziyanın ödənilməsini tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı4 İddiaçı1 ilə eyniməzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qəbul etməyərək izahahatında göstərmişdir ki, hər il iddiaçılar ona məxsus torpaq sahəsini zəbt edərək, öz mülkiyyətləri kimi köçlərini salmış, yataq yeri kimi heyvanlarını saxlayaraq ona öz torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. O, iddiaçılara mənəvi zərər vurmamışdır. İddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. İşə əlavə edillmiş Daşkəsən Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(030)- 11/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı1, X4, X3, X5, Daşkəsən rayon Zəylik Bələdiyyəsinin sədri İddiaçı4, İddiaçı3, Daşkəsən rayonu X1, “Türksevər “ kəndli fermer təsərrüfatının sahibi İddiaçı2 İrvaham oğluna qarşı 55000 manat məbləğində maddi zərərin müştərək qaydada alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. İşə əlavə edillmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(104)-2568/2022 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayət təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(030)- 11/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edimişdir. İşə əlavə edillmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(102)-3152/2023 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(104)-2568/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatların dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsində göstərilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin tələb hüququnun yaranması üçün onun hüquqlarının pozulmasına yönəlmiş hərəkətlər mövcud olmalıdır. Belə ki, zərərin vurulması öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki, zərərin yaranmasının əsasında bir şəxsin başqasının hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Hazırkı iş üzrə iddiaçılar mənəvi zərərə məruz qalmalarının səbəbini cavabdehin məhkəmədə onlara qarşı əsassız iddia qaldırması ilə əlaqələndirirlər. Lakin, məhkəməyə müraciət etmək şəxsin hüququ olduğundan, bu kimi müraciət məhkəmə tərəfindən əsassız sayılmış olsa da belə, məhkəməyə müraciət etmək iddia tələbi yönəlmiş şəxslərin hüquqlarının pozulmasına səbəb olan hərəkət hesab edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Həmçinin, mənəvi ziyan bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tıləbinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim edilməlidir. Hazırki halda iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməyərək cavabdehin ona pul borcunun olmasını təsdiq sübutları məhkəməyə təqdim etmədiyindən iddia təmin edilməməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edillmiş 25 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı3 tərəfindən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 120 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-542/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-542/2024
10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver