Məhkəmə qərarları › İş №2(030)-545/2024

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-545/2024

01.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-545/2024 01.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 13 mart 2024-cü il tarixli 4Ə-6 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında Daşkəsən rayon Notariat Ofisində bağlanmış 13 mart 2024-cü il tarixdə 4Ə-6 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzil üçün ödədiyi 16000 manat məbləğində pul vəsaitinin, digər xərclər üçün (sığorta, sənədlərin alınması üçün ödənilmiş rüsumlar) ödədiyi 635 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Daşkəsən şəhərində mənzil almaq qərarına gəldiyi üçün cavabdehlə aralarında Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 26 saylı evin 4 saylı mənzilinə dair Daşkəsən rayon Notariat Ofisində 13 mart 2024-cü il tarixdə 4Ə-6 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və mənzili 16000 manata satın almışdır. Bundan sonra, mənzili öz adına rəsmiləşdirmək, mənzilin sığortası və dövlət rüsumları üçün 635 manat məbləğində xərc çəkmiş, daşınmaz əmlakın dövlət reyestrindən 08 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********51-05101- 093003 reyestr nömrəli çıxarış və texniki pasport almışdır. Bundan sonra boşaldılmış mənzilə daxil olarkən mənzilin divarlarının nəm çəkdiyini, pəncərələrinin qırıq şüşələrinə salofan çəkildiyini, mətbəxin və dəhlizin döşəmələrinin nəmdən çürüdüyünü, dəhlizin döşəməsinin bir hissəsinə dəmir vurulduğunu, ümumiyyətlə mənzilin tamamilə yarasız vəziyyətdə olduğunu görmüş, bununla əlaqədar olaraq öz iradını bildirərək mənzili geri qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh isə qəti etirazını bildirərək, evi qaytarmaqdan imtina etmişdir. O, müqavilənin ləğv edilməsi üçün Daşkəsən rayon notariat ofisinə getmiş, lakin müqavilənin ləğvinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh onun etibarından suiistifadə edərək, onu aldatmış və nəmişli mənzili ona satmışdır. 13 mart 2024-cü il tarixdən alqı-satqı müqaviləsi bağlansa da onun həmin mənzildə yaşaması mümkün olmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, o, Daşkəsən şəhərində mənzil almaq qərarına gəldiyi üçün cavabdehlə aralarında Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 26 saylı evin 4 saylı mənzilinə dair Daşkəsən rayon Notariat Ofisində 13 mart 2024-cü il tarixdə 4Ə-6 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və mənzili 16000 manata satın almışdır. Notariusa getməmişdən əvvəl almaq istədiyi mənzilə baxmışdır. Mənzil əşyalarla dolu olduğu üçün dolabın arxasındakı divara və xalçanın altında olan döşəməyə tam baxa bilməmişdir. Bundan sonra, cavabdeh boşaldaraq ona təhvil vermişdir. O, boş mənzilə daxil olarkən mənzilin divarlarının nəm çəkdiyini, pəncərələrinin qırıq şüşələrinə salfan çəkildiyini, mətbəxin və dəhlizin döşəmələrinin nəmdən çürüdüyünü, dəhlizin döşəməsinin bir hissəsinə dəmir vurulduğunu, ümumiyyətlə mənzilin tamamilə yarasız vəziyyətdə olduğunu görmüş, bununla əlaqədar olaraq öz iradını bildirərək mənzili geri qaytarmaq istədiyini bildirmişdir. Cavabdeh isə qəti etirazını bildirərək, evi qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, özünə məxsus olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 26 saylı evin 4 saylı mənzilini satışa çıxarmışdır. İddiaçı da mənzilə gələrək baxış keçirdikdən sonra mənzili almaq qərarına gəlmişdir. Aralarında olan razılığa əsasən ona məxsus Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 26 saylı evin 4 saylı mənzilinə dair Daşkəsən rayon Notariat Ofisində 13 mart 2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və mənzili 16000 manata iddiaçıya satmışdır. Alqı-satqıdan sonra mənzili boşaldaraq iddiaçıya təhvil vermişdir. Mənzilə dair o heç bir əlavə öhdəlik götürməmişdir. Odur ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən rayonu dövlət Notariat ofisində təsdiq edilmiş AN-İ ******* nömrəli 13 mart 2024-cü il tarixli 4Ə-6 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 04 dekabr 2018-ci il tarixli, **********51-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 26 saylı evin 4 saylı 46,7 kv.metr mənzili İddiaçı 16000 manata satmışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********51-05101-093003 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 26 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İşə əlavə eimiş 30 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, müqavilənin etibarsız sayılması üçün əsaslar mövcud deyildir. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Daşkəsən rayonu dövlət notariat ofisində təsdiq edilmiş 4Ə-6 reyestr nömrəli, 13 mart 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh tam mülkiyyətində olan Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi 26 saylı evin 4 saylı mənzilini 16000 manata İddiaçı satmışdır. Məhkəmə qeyd edir ki, arzu olunan hüquqi nəticəni əmələ gətirmək xüsusiyyəti olmayan və ya belə bir nəticəni yaratmaq qabilyyətindən məhrum olan əqd etibarsız sayıla bilər. İddiaçı iradə ifadəsini açıq şəkildə ifadə edərək mübahisəli mənzili qanuna müvafiq qaydada Cavabdeh satın almışdır. Alqı-satqı müqaviləsi notariusda təsdiqlənməmişdən əvvəl satıcı mənzilin vəziyyəti ilə tanış olmaq imkanını alıcı üçün yaratmış, alıcı sərbəst şəkildə mənzilin vəziyyəti ilə tanış olmuşdur. Bununla da, alıcı sonradan aşkar edilmiş kimi bildirdiyi çatışmazlıqları müqavilə notariusda təsdiqlənməmişdən əvvəl bilmək, mənzili bəyənmədiyi halda almaqdan imtina etmək imkanına malik olmuşdur. Satıcı onu aldatmamış, öncədən təqdim etdiyi mənzili satmışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-ci maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-ci maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 347.1-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinin tələbinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar