Məhkəmə qərarları › İş №2(030)-628/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-628/2023

13.10.2023 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-628/2023 13.10.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onunla Cavabdeh arasında bağlanmış 26 yanvar 2021-ci il tarixdə reyestrdə 3M-33 sayla qeydə alınmış kirayə müqaviləsinə vaxtdan əvvəl xitam verilməsi, Cavabdeh 3 aylıq ödənilməmiş kirayə haqqı olaraq 600 manat, ona dəymiş ziyan olaraq 600 manat və cavabdeh tərəfindən ödənilməmiş 245,40 manat pul olmaqla, cəmi 1445,40 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış 26 yanvar 2021-ci il tarixli kirayə müqaviləsinə əsasən, özünə məxsus olan Tovuz şəhəri H.Əliyev prospekti 3 saylı evin 5 saylı mənzilini cavabdehə 26 yanvar 2024-cü il tarixədək kirayə vermişdir. Müqavilənin şərtlərinə əsasən, kommunal xidmətlərində istifadəyə görə nəzərdə tutulan ödənişlər kirayəçi tərəfindən ödənilməi idi. Kirayə müqaviləsi qüvvədə olmasına baxmayaraq, 2022-ci ilin may ayında kirayəçi Cavabdeh heç bir xəbərdarlıq etmədən əşyalarını da götürərək mənzili boşaltmışdır. Mənzilin boşaldılması müddətində qaz sərfiyyatı üçün 135,40 manat, işıq sərfiyyatı üçün 26 manat və su sərfiyyatı üçün 84 manat olmaqla, cəmi 245,40 manat məbləğində kommunal borcu yaranmışdır. O, həmin məbləğin bir hissəsini artıq ödəmişdir. Cavabdeh ona xəbər vermədən mənzili boşaltdığı üçün o, mənzili kirayə verə bilməmiş nəticədə ona 600 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda, cavabdeh mənzildə yaşadığı müddət ərzində 3 aylıq kirayə haqqını ödəməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 690-cı maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir. Həmin Məcəllənin 691.2-ci maddəsinə əsasən, yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verilsin. Həmin Məcəllənin 696.1-ci maddəsinə görə, əgər yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun olaraq hüquq münasibətlərinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün ağır nəticələrə gətirib çıxara bilərsə və buna hətta kirayəyə verənin əsaslı mənafelərini nəzərə almaqla haqq qazandırmaq mümkün olmazsa, kirayəçi müqavilənin ləğv edilməsi barədə şikayət verə bilər və kirayəyə verəndən həmin müqavilə üzrə hüquq münasibətlərini davam etdirməyi tələb edə bilər. Ağır nəticələr əvvəlki otağın əvəzinə münasib yaşayış otağının məqbul şərtlərlə verilməsinin mümkün olmadığı halda da baş verir. Kirayəyə verənin əsaslı mənafeləri nəzərə alınarkən yalnız ləğvetməyə dair bildirişdə göstərilmiş əsaslar qəbul edilir, bu şərtlə ki, onlar sonradan yaranmış olmasın. Həmin Məcəllənin 696.2-ci maddəsinə əsasən, bu Məcəllənin 696.1-ci maddəsində nəzərdə tutulan halda kirayəçi tələb edə bilər ki, hüquq münasibətləri bütün şərtlər nəzərə alınmaqla ağlabatan sayıla biləcək qədər davam etdirilsin. Əgər qüvvədə olan müqavilə şərtlərinə müvafiq surətdə hüquq münasibətlərinin davam etdirilməsi kirayəyə verən üçün mümkün deyildirsə, kirayəçi yalnız onların ağlabatan şəkildə dəyişdirilmiş şərtlərlə davam etdirilməsini tələb edə bilər. Həmin Məcəllənin 696.3-ci maddəsinə görə, əgər razılıq əldə edilmirsə, kirayə hüquq münasibətlərinin davam etdirilməsi və kirayə müddəti haqqında, habelə kirayənin davam etdirilməsi şərtləri haqqında qərar məhkəmə qaydasında qəbul edilir. Əgər kirayə hüquq münasibətlərinə xitam verilməsinin kirayəçi və ya onun ailəsi üçün ağır nəticələrə gətirib çıxarmasına əsas verən şərtlərin nə vaxt aradan qalxacağını ehtimal etmək mümkün deyildirsə, kirayə hüquq münasibətlərinin qeyri-müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilə bilər. Əgər razılığa və ya məhkəmə qərarına əsasən kirayə hüquq münasibətlərinin müəyyən müddətə davam etdiriləcəyi müəyyənləşdirilmişsə, kirayəçi münasibətlərin həmin müddətdən əlavə davam etdirilməsini yalnız o halda tələb edə bilər ki, buna şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsas versin və ya həmin münasibətlərin davam etdirilməsi müddətinin müəyyənləşdirilməsi üçün əsas götürüləcək və baş verməsi gözlənilən hallar baş verməsin. İş materiallarından görünür ki, iddia ərizəsi verilərkən mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməmiş, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilməmiş, qanunvericiliklə əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forma və məzmununa, həmçinin bildirişə dair tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar