Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-1119/2024 09.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, Şabran şəhəri, X5 küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinə aid **********00170 nömrəli abonent kodu üzrə həmin fərdi yaşayış evinin keçmiş mülkiyyətçisinin adına hesablanmış 486,44 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şabran şəhəri, X5 küçəsində yerləşən 21 saylı fərdi yaşayış evini, Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nə əsasən evin dəyərini ödəməklə "xxxx" QSC-dən satın almışdır. Daha sonra, Şabran şəhəri, X5 küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmişdir. Qeyd olunan fərdi yaşayış evi "xxxx" QSC-dən alqısatqı müqaviləsinə əsasən satın aldıqda kommunal borclarından xəbəri olmamışdır. Belə ki, hazırda həmin yaşayış evi yaşayış üçün yararlı deyil, əsaslı təmirə ehtiyacı olduğundan evin kommunal sayğacları ilə bağlı maraqlanmamışdır. Hazırda təmirə başlamaq istədikdə ona məlum olmuşdur ki, "xxxx" QSC-dən öncəki mülkiyyətçinin Cavabdeh İB-nə 486,44 manat borcu mövcuddur. Bununla bağlı Şabran şəhəri Qaz istismar idarəsinə yaxınlaşmış və yeni abonent müqaviləsi bağlanmasını xahiş etmişdir. Lakin, cavab olaraq ona bildirilmişdir ki, Şabran şəhəri, X5 küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin qaz sayğacında 486,44 manat borc olduğundan yeni abonent müqaviləsinin bağlanması mümkün deyil. Göründüyü kimi, Şabran şəhəri, X5 küçəsində yerləşən 21 saylı fərdi yaşayış evini xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-dən satın almış və xx.xx.2024-cü ii tarixli, ********** nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ tanınmışdır. Lakin, Cavabdeh İB-nə yaranmış 486,44 manat məbləğində borc ondan öncəki mülkiyyətiçiyə məxsusdur və hesab edir yaranan borc ondan tələb olunmalıdır. Bununla bağlı, xx.xx.2024-cü il tarixdə yazılı qaydada Cavabdeh İB-nə pretenziya göndərək (abonent kodu: **********00170) qaz sayğacında yaranmış 486,44 manat məbləğində borcun silinməsinə göstəriş verilməsini və nəticəsi barədə 10 gün müddətində mənə məlumat verilməsi xahiş olunmuşdur. Lakin, hazıradək Cavabdeh İB-dən cavab verilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi-**********56-10301 olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. -xx.xx.2024-cü il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”dən görünür ki, "Accessbank” QSC mülkiyyətində olan Şabran şəhəri, X5 küçəsi ev 21 ünvanında yerləşən, ümumi sahəsi 102.7 kvm olan fərdi yaşayış evini İddiaçı satmışdır. - Abonentin Saldosundan görünür ki, abonent (**********00170) X1 qazdan istifadə etdiyinə görə 486,44 manat məbləğində borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. xx.xx.2024-cü il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin 10-cu bəndinə əsasən, "Alıcı"nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, su, elektrik və istilik enerjisinin istifadəsi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi "satıcı"-nın üzərinə düşür. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı üçüncü şəxsin abonent borcunun silinməsini istəyir. Lakin, İddiaçı iddia vermək üçün subyetkiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh sərf olunmuş qaz enerjisinə görə borcun hesablanmasına dair hərəkətləri qanunidir. Odur ki, İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməli, iddiaçıya dəymiş ziyanla bağlı "xxxx" QSC-nə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi" tələbi barədə iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-1119/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-1119/2024
09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver