Məhkəmə qərarları › İş №2(031)-345/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-345/2024

06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-345/2024 06.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Xaçmaz RETSİ Şabran EŞ-nin xx.xx.2023-cü il tarixində tərtib edilmiş NDM 036313 saylı AKT-ı ilə əsassız hesablanmış 860 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə, ailə üzvləri ilə birlikdə ona, Şabran rayonunun Ağalıq kənd ərazisindən 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikərək orda yaşayır. X2 ayrılmış torpaq sahəsində onun evinin qonşuluğunda ev inşa edərək orada yaşayır. xx.xx.2023-cü il tarixində onun oğlu evdə olmayan zaman, "xxxx" ASC Xaçmaz RETSİ Şabran EŞ-nin işçiləri ona müraciət edərək bildirdilər ki, oğlunun evinə işığın verilişi ilə əlaqədar akta imza etməlidir. Onlar tərəfindən NDM 036313 saylı AKT tərtib edilərək, ona imzalatmışlar. Həmin aktı o, oxuyan zaman orada yazı qeydinin oxunmasının mümkün olmadığını müəyyənləşdirmişdir. O, sənədi imzaladıqda, "işıq idarəsinin" işçiləri bildirdilər ki, bu yoxlama aktıdı və hər hansı bir ziyanlı nəticəsi yoxdur. Bir müddət keçdikdən sonra, elektrik enerjisinin istifadəsi ilə əlaqədar bildiriş gəldikdə həddindən artıq borcun olmasını görmüşdür və Şabran EŞ-ndən ona verilən **********00426 kod üzrə "Abunə haqqında" məlumat cədvəlindən məlum oldu ki, xx.xx.2023-cü il tarixli NDM 036313 saylı AKT əsasında ona 860 manat cərimə hesablanmışdır. Onlara bildirsədəki, yazılan aktın onun evinə və ona ayrılan elektrik enerjisinə aidiyyəti yoxdur, onun sözlərinə əhəmiyyət verməmişlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli NDM 036313 saylı aktdan görünür ki, Şabran rayonu Ağalıq kəndində yerləşən fərdi yaşayış evinin elektrik sayğacına baxış keçirilmiş, fərdi yaşayış evinin həyətində tikilmiş İddiaçı oğluna məxsus yaşayış evinə sayğacdan kənar xətt çəkilməsi aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-034F, kod 30403005 saylı Şəhadətnamənin surətindən görünür ki, Dəvəçi (indiki Şabran) rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə Şabran rayonunun Ağalıq kəndi ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Şabran Rayonu Ağalıq Bələdiyyəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 03 saylı arayışdan görünür ki, X5 həqiqətən də Ağalıq kəndində istifadəsində olan 0.03 ha fərdi yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 110 kvm fərdi yaşayır evində yaşayır. İş materiallarına əlavə edilmiş abonentin saldosuna əsasən abonent (**********00426) İddiaçı elektrik enerjisindən istifadə etdiyinə görə 860,09 manat məbləğində borc hesablanmışdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 860 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi işığa görə haqq tələb edilə bilməz, lakin təqdim edilən bələdiyyə arayışından aydın olur ki, kənar xətt çəkilən ev iddiaçıya aid deyildir. Bununla da məhkəmə hesab edir ki, müvafiq borc məbləği iddiaçıya deyil, X3 hesablanmalı və iddiaçıya istifadə etmədiyi işığa görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş NDM 036313 saylı akta əsasən **********00426 saylı abonent koduna vurulmuş 860 manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş NDM 036313 saylı akta əsasən **********00426 saylı abonent koduna vurulmuş 860 (səkkiz yüz altımış) manat borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar